Maliyyə Nazirliyinin məlumatına əsasən, Azərbaycanda 2026-cı il üzrə iqtisadi artım və inflyasiya proqnozlarına yenidən baxılıb. Tikinti və turizm sektorlarında gözlənilən artım templərinin aşağı olması qeyri-neft-qaz sektorunun ümumi proqnozuna da təsir edib.Belə ki, 2026-cı ildə qeyri-neft-qaz sektorunda ÜDM-in real artım tempi üzrə proqnoz 5 faizdən 3,1 faizə endirilib.
Qeyri-neft-qaz sektorunda iqtisadi artım proqnozunun 5 faizdən 3,1 faizə endirilməsi Azərbaycanın iqtisadiyyatına və biznes mühitinə hansı təsirləri göstərə bilər?
Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Demokrat.az-a söyləyib ki, biznes mühitinin yaxşılaşdırılması hər zaman prioritet məsələlərdən biri olub və bu istiqamətdə fəaliyyətlər davam etdiriləcəkdir:

“Təbii ki, ümumi iqtisadi artımla yanaşı, qeyri-neft-qaz sektorundakı artıma təsir göstərən müxtəlif faktorlar var. Onların bəziləri xarici amillərdir. Xüsusilə regionda baş verən geosiyasi dəyişikliklər bütövlükdə investisiyaların cəlb edilməsinə təsir göstərən əsas amillərdən biridir. Amma bununla belə, 2026-cı ildə əsas məqsəd iqtisadi artımda qeyri-neft-qaz sektorunun drayver rolunu qoruyub saxlamaqdan ibarətdir. Çünki nəzərə alsaq ki, neftin dünya bazarındakı qiyməti yüksəkdir, bununla yanaşı, xüsusilə regiondakı gərginlik fonunda beynəlxalq daşımalarda çətinliklər və texniki problemlər müşahidə edirik”.
İqtisadçı bu kontekstdə ümumilikdə qlobal iqtisadi artımın da əvvəl proqnozlaşdırılan səviyyədən aşağı olacağının gözlənildiyini vurğulayıb:
“O baxımdan, 2026-cı ildə dünya iqtisadiyyatının artım tempinin azalacağı proqnozlaşdırılır. Əsas məqsəd qeyri-neft-qaz sektorunda artım tempini qoruyub saxlamaq və növbəti illərdə daha yüksək artımlara nail olmaqdan ibarətdir. Çünki Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri növbəti mərhələdə birmənalı şəkildə Azərbaycan iqtisadiyyatında yeni inkişaf drayverlərinin yaranmasına, xüsusilə də Qarabağın qeyri-neft-qaz sektorunda yeni iqtisadi artımın lokomotivinə çevrilməsinə gətirib çıxaracaq”.


