Sosial Özəl

Sərnişinlərin seçimi dəyişdi — Say kəskin artdı

Sərnişinlərin seçimi dəyişdi — Say kəskin artdı

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda taksi xidmətlərindən 50,107 milyon sərnişin istifadə edib. Ötən ilin eyni dövrü ilə müqayisədə taksi ilə daşınan sərnişinlərin sayı 6,3% artıb. Eyni zamanda, bu dövrdə avtobuslarla daşınan sərnişinlərin sayı 1,103 milyard təşkil edib, bu da illik müqayisədə 9,7% artım deməkdir.

Bu artımın əsas səbəbləri nələrdir?

Demokrat.az-a bu barədə açıqlama verən nəqliyyat eksperti Raqif Raufoğlu deyib ki, burada əsas səbəb ilk növbədə bu xidmətlə bağlı aparılan dəyişikliklərdir:

Sərnişinlərin seçimi dəyişdi — Say kəskin artdı

“Çünki həm avtobusların şəraiti yaxşılaşdıqca, marşrutlar daha düzgün təyin olunduqca, əlbəttə ki, onlara müraciət də artır. Eyni vəziyyət taksidə də müşahidə olunur. Taksi ilə bağlı aparılan islahatlar fonunda insanlar artıq bu xidmətdən daha çox məmnun qalırlar. Düzdür, müəyyən hallarda yenə də narazılıqlar olur. Amma ümumi götürdükdə, əvvəlki dövrlə müqayisədə taksi xidmətinin keyfiyyətində müəyyən dəyişikliklər var. Taksi sürücülərinin imtahan verməsi, onlara davranış qaydalarının tətbiq olunması və digər yeniliklər fonunda vətəndaş məmnuniyyəti artır. Taksi sürücülərinin özlərinin qiymətlərlə bağlı narazılığı var, amma bu artıq məsələnin başqa tərəfidir. Hazırda isə biz bu rəqəmlərin daha da artacağını gözləyirik, xüsusilə qarşıdakı bir il ərzində. Çünki aydın məsələdir ki, metroya alternativ olan digər nəqliyyat vasitələrinə tələbat bu müddətdə arta bilər”.

Onun sözlərinə görə, əsas məsələ isə ondan ibarətdir ki, xidmət yaxşılaşarsa, avtobus daha əlçatan olarsa, vətəndaş da ondan istifadə etməyə üstünlük verəcək:

“Bu göstərici də məhz bunu göstərir. Yəni məsələ sadəcə avtobusun mövcud olması deyil. Əsas odur ki, düzgün marşrut və yaxşı şəraitdə olan avtobus olsun. Bu zaman vətəndaş düşünür ki, nə üçün avtomobillə gedib əlavə əziyyət çəksin? Bu istiqamətdə işlər düzgün davam etdirilərsə, inşallah, daha yaxşı nəticələr də görəcəyik. Hazırkı rəqəmlər də bunun göstəricisidir”.

Fidan Hacızadə

D
demokrat.az