İqtisadiyyat Özəl

Problemli kreditlərlə bağlı vacib məqam açıqlandı

Problemli kreditlərlə bağlı vacib məqam açıqlandı

Problemli kreditlərin artması fonunda borcların yığılması ilə bağlı kollektor şirkətlərinin fəaliyyəti də gündəmə gəlir. Xüsusilə bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kredit portfellərini kollektor şirkətlərinə satması və ya borcalanlar barədə məlumatları həmin şirkətlərə ötürməsi hüquqi baxımdan bir sıra suallar yaradır.

Digər tərəfdən, kredit öhdəliyinin başqa şirkətə ötürülməsi ilə borcalanın adı, əlaqə məlumatları, borcun məbləği və digər fərdi məlumatlarının həmin şirkətə verilməsi eyni hüquqi proses hesab edilmir. Qanunvericilikdə fərdi məlumatların üçüncü şəxslərə verilməsi ilə bağlı ayrıca tələblər müəyyən edilib.

Bəs BOKT-lar problemli kredit portfellərini hansı hallarda kollektor şirkətlərinə sata və ya borcalan haqqında məlumatları həmin şirkətlərə ötürə bilər? Kollektor şirkəti bu halda “üçüncü şəxs” hesab olunurmu və borcalanın ayrıca razılığı tələb edilirmi? Kredit portfelinin satılması ilə borcalanın fərdi məlumatlarının ötürülməsi arasında hüquqi baxımdan hansı fərq var?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən hüquqşünas Misirə Xəlilzadə bildirib ki, BOKT-lər tərəfindən mövcud kredit tələblərinin kollektor şirkətlərinə güzəşt edilməsi ilə kollektor şirkətlərinin BOKT ilə bağlanmış müqavilə əsasında BOKT adından borcalanlardan ödənişlərin tələb və yığılmasını həyata keçirməsi hüquqi mahiyyətinə və doğurduğu hüquqi nəticələrə görə bir-birindən prinsipial şəkildə fərqlənən iki ayrı münasibətdir.

Problemli kreditlərlə bağlı vacib məqam açıqlandı

Onun sözlərinə görə, bu iki halın eyniləşdirilməsi tələbin subyektinin, kreditor statusunun və borcalanın öhdəliyinin kimə qarşı icra edilməli olduğunun müəyyənləşdirilməsi baxımından yanlış nəticəyə gətirib çıxara bilər:

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan öz tələbini üçüncü şəxsə güzəşt edə bilər. Bu, tələbin güzəşti (cessiya) institutu olmaqla, qanunda nəzərdə tutulmuş şərtlər daxilində kreditorun dəyişməsinə səbəb olur. Tələbin güzəşti öhdəliyin mahiyyətinə, borclu ilə kreditor arasında mövcud razılaşmaya və ya qanunvericiliyə zidd olmadığı halda həyata keçirilə bilər. Eyni zamanda, güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşmanın bağlanması yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.

Mülki Məcəllənin 194.2-ci maddəsinə əsasən isə tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə əsasında həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Həmin norma tələbin güzəşti institutunun əsas hüquqi nəticəsini açıq şəkildə müəyyən edir: tələb hüququ üçüncü şəxsə keçdikdə həmin tələb üzrə əvvəlki kreditorun yerini yeni kreditor tutur.

Beləliklə, BOKT ilə kollektor şirkəti arasında tələbin güzəşti barədə müqavilə bağlandığı və konkret kredit tələbi kollektor şirkətinə verildiyi halda, kollektor şirkəti artıq həmin tələbin yeni sahibi, yəni kreditoru qismində çıxış edir. Bu halda BOKT həmin konkret tələb üzrə əvvəlki kreditor statusunda qalır, kollektor şirkəti isə onun yerini tutur.

Bu baxımdan tələbin güzəşti zamanı borcalanın ayrıca razılığının alınması, Mülki Məcəllənin 194.1-ci maddəsində müəyyən edilmiş ümumi qaydaya görə, tələb olunmur. Çünki qanunverici tələbin üçüncü şəxsə güzəşt edilməsini borclunun razılığından asılı etməmişdir. Bununla belə, güzəştin qanunvericiliyə, öhdəliyin mahiyyətinə və tərəflər arasındakı razılaşmaya uyğun olması tələb olunur”.

Hüquqşünas əlavə edib ki, tələbin güzəşti yalnız formal olaraq “borcun yığılması üçün kollektor şirkətinə verilməsi” kimi qiymətləndirilə bilməz:

“Hüquqi nəticənin tələbin güzəşti hesab edilməsi üçün tələbin BOKT-dan üçüncü şəxsə keçməsi və üçüncü şəxsin həmin tələb üzrə əvvəlki kreditorun yerini tutması əsas götürülməlidir.

Tələbin güzəştindən fərqli olaraq, digər hüquqi münasibətdə BOKT özünün borcalana qarşı mövcud tələb hüququnu kollektor şirkətinə vermir və həmin tələbin kreditoru olaraq qalır.

Bu halda BOKT ilə kollektor şirkəti arasında xidmət göstərilməsi, agentlik, tapşırıq və ya digər hüquqi əsaslı müqavilə münasibəti yarana bilər. Həmin müqaviləyə əsasən kollektor şirkətinə BOKT-nin borcalanlar qarşısında mövcud olan tələbləri üzrə əlaqələrin həyata keçirilməsi, ödənişlərin tələb edilməsi, borcalanlarla danışıqların aparılması və digər yığım xarakterli tədbirlərin görülməsi həvalə edilə bilər.

Lakin bu münasibətdə kollektor şirkətinə tələb hüququnun özü keçmir. Başqa sözlə, kollektor şirkəti BOKT-nin yerinə yeni kreditor kimi daxil olmur. Tələb hüququ BOKT-də qalır və kollektor şirkəti yalnız BOKT ilə bağlanmış müqavilədən irəli gələn səlahiyyətlər çərçivəsində onun adından hərəkət edir.

Bu səbəbdən kollektor şirkətinin borcalanla əlaqə saxlaması, borcun ödənilməsini tələb etməsi və ya ödənişlərin yığılmasında iştirak etməsi öz-özlüyündə həmin şirkətin kreditor olması və ya ona tələbin güzəşt edilməsi anlamına gəlmir. Bunun üçün ayrıca olaraq tələbin güzəşti barədə hüquqi əsas və həmin tələbin kollektor şirkətinə keçməsini təsdiq edən müqavilə və digər sənədlər mövcud olmalıdır.

Hər iki halın borcalanın razılığı baxımından eyni nəticəyə gətirib çıxarması onların hüquqi mahiyyətinin eyni olması demək deyildir. Tələbin güzəşti halında borcalanın razılığı, Mülki Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş ümumi qaydaya əsasən, tələb olunmur. Çünki burada söhbət kreditorun dəyişməsindən və tələbin yeni kreditora keçməsindən gedir.

Kollektor şirkətinin BOKT adından fəaliyyət göstərməsi halında isə, ümumiyyətlə, tələb hüququnun borcalanın razılığı əsasında və ya onun razılığı olmadan üçüncü şəxsə keçirilməsindən söhbət getmir. Burada BOKT kreditor olaraq qalır, kollektor şirkəti isə BOKT ilə bağlanmış müqavilə əsasında onun adından və ona verilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir.

Deməli, bu iki münasibətdə borcalanın ayrıca razılığının tələb olunmamasının hüquqi əsası eyni deyildir: birinci halda bunun əsası tələbin güzəştinə dair Mülki Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş qayda, ikinci halda isə kollektor şirkətinin BOKT-nin tələbinin sahibi deyil, BOKT-nin müqavilə əsasında fəaliyyət göstərən şəxsi olmasıdır.

Kollektor şirkətinin BOKT adından borcalanlarla əlaqə saxlaması və kredit borclarının yığılmasını həyata keçirməsi zamanı borcalana və onun kredit öhdəliyinə dair məlumatların üçüncü şəxsə təqdim edilməsi məsələsi də ayrıca hüquqi qiymətləndirilməlidir.

Belə münasibətlərdə BOKT ilə kollektor şirkəti arasında bağlanan müqavilədə məlumatların istifadəsi, qorunması, məxfiliyi, yalnız müəyyən edilmiş məqsədlər üçün emal edilməsi, məlumatlara çıxış imkanlarının məhdudlaşdırılması və digər müvafiq prosedurların müəyyən edilməsi zəruridir. Bu, kollektor şirkətinin BOKT adından fəaliyyət göstərməsi ilə əlaqədar əldə etdiyi məlumatlardan yalnız ona verilmiş səlahiyyətlər və tətbiq olunan qanunvericilik çərçivəsində istifadə etməsini təmin etməlidir.

BOKT-lərin fəaliyyəti və borcalanlar haqqında məlumatların ötürülməsi ilə bağlı münasibətlər ayrıca qanunvericiliklə də tənzimlənir.

Bu baxımdan kollektor şirkətinə məlumatların təqdim edilməsi faktı da avtomatik olaraq tələbin həmin şirkətə güzəşt edildiyini göstərmir. Məlumatın təqdim edilməsi ilə tələb hüququnun ötürülməsi hüquqi baxımdan ayrı-ayrı məsələlərdir.

Beləliklə, BOKT ilə kollektor şirkəti arasındakı münasibətin hüquqi mahiyyətinin müəyyən edilməsi üçün ilk növbədə tələbin kollektor şirkətinə güzəşt edilib-edilmədiyi, yoxsa kollektor şirkətinə yalnız BOKT adından yığım aparmaq səlahiyyətinin verildiyi müəyyən edilməlidir.

Əgər tələbin güzəşti baş vermişdirsə, Mülki Məcəllənin 194.2-ci maddəsinə uyğun olaraq kollektor şirkəti həmin tələbin yeni sahibi kimi BOKT-nin yerini tutur. Bu halda söhbət kreditorun dəyişməsindən gedir.

Əgər isə tələbin güzəşti həyata keçirilməyib, BOKT öz tələb hüququnu saxlayıb və yalnız kollektor şirkəti ilə xidmət və ya digər müvafiq müqavilə bağlayaraq ona borcların yığılması üzrə müəyyən səlahiyyətlər veribsə, kollektor şirkəti kreditor statusu əldə etmir. Bu halda o, yalnız BOKT adından və BOKT tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində yığım fəaliyyətini həyata keçirən şəxsdir.

Odur ki, kollektor şirkətinin borcalandan ödəniş tələb etməsi faktına əsasən onun avtomatik olaraq tələb hüququnun sahibi olduğu qənaətinə gəlmək düzgün deyildir. Kollektorun hüquqi statusunun müəyyən edilməsi üçün tələbin güzəşti barədə müqavilənin mövcudluğu, onun predmetinin konkret tələbə aid olub-olmaması və müqavilədən kollektor şirkətinin yeni kreditor kimi çıxış etməsinin, yaxud yalnız BOKT adından yığım fəaliyyətinin həyata keçirilməsinin irəli gəlib-gəlməməsi araşdırılmalıdır.

Qısası, “tələbin güzəşti” ilə “BOKT adından yığım fəaliyyətinin həyata keçirilməsi” eyni hüquqi institut deyil və bunların nəticələri də eyni deyildir. Birinci halda tələb hüququnun subyekti dəyişir və kollektor şirkəti əvvəlki kreditorun yerini tutur. İkinci halda isə tələb hüququ BOKT-də qalır, kollektor şirkəti isə yalnız BOKT ilə mövcud müqavilə münasibətləri əsasında onun adından yığım həyata keçirir”, - deyə Misirə Xəlilzadə fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az