Bəzi şəxslərin kartına səhvən pul köçürülür və həmin vəsait xərclənir. Bir müddət sonra isə pulun əsl sahibi həmin şəxslə əlaqə saxlayaraq məbləğin ona aid olduğunu bildirir və geri qaytarılmasını tələb edir.
Səhvən kartına köçürülən pulu xərcləyən şəxsi belə halda nə etməlidir?
Vəkil Ceyhun İsmayılov Demokrat.az-a bildirib ki, belə hallarda əsas məsələ pulun həqiqətən də səhvən köçürüldüyünün və həmin məbləğin konkret şəxsə məxsus olduğunun sübut edilməsidir:

“Əgər pulu səhvən göndərən şəxs bank çıxarışı, ödəniş qəbzi və digər sübutlarla məbləğin onun tərəfindən köçürüldüyünü təsdiqləyə bilirsə, pulu qəbul edən şəxsin həmin vəsaiti geri qaytarmaq öhdəliyi yaranır. Əgər pulu qəbul edən şəxs vəsaitin ona aid olmadığını bildiyi halda həmin məbləği xərcləyərsə və geri qaytarmaqdan imtina edərsə, pulu göndərən şəxs məhkəməyə müraciət edərək həmin vəsaitin geri qaytarılmasını tələb edə bilər. Belə hallarda pulun konkret şəxsdən gəldiyi və sahibinin müəyyən edildiyi sübuta yetirilərsə, məhkəmə tərəfindən vəsaitin geri qaytarılması ilə bağlı tələb təmin oluna bilər”.
Ceyhun İsmayılov əlavə edib ki, əgər vəsaitin kim tərəfindən və hansı əsasla göndərildiyi müəyyən olunmursa və pulun konkret sahibinə dair heç bir sübut yoxdursa, vəziyyət fərqli qiymətləndirilə bilər:
“Lakin pulun səhvən köçürüldüyü, göndərənin kim olduğu və məbləğin ona məxsusluğu müəyyən edildikdə, həmin pulu xərcləmək və geri qaytarmaqdan imtina etmək hüquqi mübahisəyə səbəb ola bilər. Ona görə də kartına gözlənilmədən pul daxil olan şəxs əvvəlcə vəsaitin mənbəyini dəqiqləşdirməli, məbləğin ona aid olmadığı məlumdursa, bank vasitəsilə məsələni araşdırmalı və vəsaiti sahibinə qaytarmalıdır”.


