Vergi borcu səbəbindən vətəndaşın ölkədən çıxışına məhdudiyyət qoyulması müəyyən problemlər yarada bilər. Borc ödənildikdən sonra isə əsas məsələ tətbiq edilən “stop”un nə vaxt və hansı qaydada aradan qaldırılmasıdır.
Bu proses avtomatik həyata keçirilir, yoxsa vətəndaş bunun üçün ayrıca müraciət etməlidir?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən vəkil Şəbnəm Tağıyeva bildirib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-3-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddələrinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir:

Şəbnəm Tağıyeva bildirib ki, əvvəllər bu proses fərqli qaydada tənzimlənirdi:
“Mülki Prosessual Məcəllənin 355-7.6-cı maddəsinə əsasən, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanının ərizəsi əsasında məhkəmə iki iş günü ərzində məhdudiyyətin götürülməsi barədə qətnamə qəbul edirdi. Həmin müddəa sonradan ləğv edilib. Hazırda isə məhdudiyyətin götürülməsi barədə qərarın qəbul edilməsi Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsi ilə birbaşa vergi orqanının vəzifəsi kimi müəyyən edilib. Eyni zamanda, şəxs ölkədən getmək hüququna müvəqqəti məhdudiyyətin mövcud olub-olmadığını Dövlət Vergi Xidmətinin elektron xidməti vasitəsilə onlayn qaydada yoxlaya bilər.
Beləliklə, vergi borcu ödənildikdən və məhdudiyyətə səbəb olmuş əsas aradan qalxdıqdan sonra “stop”un götürülməsi üçün ayrıca müraciət etmək ümumi qaydada tələb olunmur. Məhdudiyyətin götürülməsi barədə dərhal qərar qəbul etmək vergi orqanının vəzifəsidir”.


