Kriminal Özəl

Xırdalanda 5 uşaq anası döyüldü — "Ərim məni qısqanır"

Xırdalanda 5 uşaq anası döyüldü — Ərim məni qısqanır

Xırdalan şəhərində 37 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Qəbələ rayon sakini, 1989-cu il təvəllüdlü Tural həyat yoldaşı Aysel (adlar şərtidir – red.) ilə mübahisə edib.

Tural qısqanclıq və ailə-məişət münasibətləri zəminində yaranmış narazılıqla bağlı mübahisə zamanı arvadının üzərinə hücum edib, onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İş üzrə izahat verən Tural bildirib ki, Qəbələ rayonunun kəndində qeydiyyatda olmaqla Xırdalan şəhərində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir:

“Barəmdə şikayət edən Aysel arvadımdır. 2010-cu ildə Aysellə ailə həyatı qurmuşam, birgə nikahdan 2011, 2012, 2016, 2019 və 2025-ci il təvəllüdlü beş övladımız var. Aysellə münasibətlərimiz əvvəl yaxşı olsa da, son zamanlar qısqanclıq zəminində aramızda ailədaxili sözlə mübahisələr olur. Ayselə gələn zənglərlə maraqlandığım üçün aramızda mübahisə yaranırdı”.

Tural qeyd edib ki, məlum hadisə günü, saat 10 radələrində yaşadığı evdə Aysel yatmış vəziyyətdə olarkən onun telefonuna zənglər gəlib:

“Buna görə Ayseli oyadaraq bu barədə soruşdum. Aysel isə mənə cavab vermədi. Mən də bundan əsəbiləşərək Ayselin üzərinə getdim, əlimlə onun başına, qoluna və sinəsinə vurdum. Bundan sonra mübahisə və münaqişə başa çatdı. Mən də evdən getdim”.

Zərərçəkmiş Ayselin sözlərinə görə, Tural ilə münasibətləri əvvəl yaxşı olsa da, son zamanlar Tural onu qısqanır:

“Telefonuma gələn bütün zənglərlə maraqlanır. Buna görə də aramızda ailədaxili sözlə mübahisələr baş verir. Məlum hadisə günü, saat 10 radələrində yaşadığım evdə yatdığım zaman Tural gələrək məni oyatdı və ‘telefona niyə baxmırsan?’ deyə soruşdu. Buna görə aramızda mübahisə baş verdi. Mübahisə zamanı Tural üzərimə gələrək məni döydü. Mən də həmin vaxt Tural barədə şikayət edəcəyimi dedim və bundan sonra kənara çəkildi”.

Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir maddi və mənəvi tələbinin olmadığını deyib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.

Fariz Məlikli

D
demokrat.az