Sosial Özəl

Çimərliklərdə canlı yayım açanlar cərimələnə bilər — Açıqlama

Çimərliklərdə canlı yayım açanlar cərimələnə bilər — Açıqlama

Ötən gün ictimai məkanda istirahət edən qadınların yarıçılpaq görüntüləri razılıqları olmadan çəkilərək canlı yayımda paylaşılıb. Belə görüntülərin şəxsin razılığı olmadan çəkilməsi və yayılması şəxsi həyatın toxunulmazlığı və hüquqlarının müdafiəsi baxımından ciddi hüquqi suallar yaradır. Xüsusilə görüntülərin şəxsi xarakter daşıması və sosial şəbəkələrdə geniş şəkildə yayılması zərərçəkənin hüquqlarının qorunması məsələsini aktuallaşdırır.

Bəs qadının belə görüntüsünü onun razılığı olmadan çəkərək sosial şəbəkədə paylaşmaq hansı hallarda hüquqi məsuliyyət yaradır? Zərərçəkən şəxs belə vəziyyətdə görüntülərin yayılmasının qarşısını almaq və hüquqlarını qorumaq üçün hansı addımları ata bilər?

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, qadının çılpaq görüntüsünün onun razılığı olmadan çəkilməsi və sosial şəbəkədə, o cümlədən canlı yayımda yayımlanması şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi şəxsi və ailə həyatının sirri olan məlumatları əks etdirən foto və video materialların qanunsuz toplanmasını, yayılmasını və başqasına verilməsini cinayət məsuliyyəti ilə əlaqələndirir:

“Belə hallarda çəkilişin ictimai məkanda aparılması avtomatik olaraq şəxsin razılığı olmadan intim görüntülərin çəkilməsinə və yayımlanmasına əsas vermir. Şəxsin ictimai məkanda olması onun şəxsi toxunulmazlıq hüququndan tamamilə imtina etdiyi anlamına gəlmir. Xüsusilə görüntülər şəxsin intim və ya şəxsi həyatına aid məlumatları əks etdirirsə, həmin materialların razılıq olmadan çəkilməsi, saxlanılması və sosial şəbəkələrdə paylaşılması hüquqi baxımdan ayrıca qiymətləndirilməlidir. Konstitusiya və fərdi məlumatlarla bağlı qanunvericilik də şəxsin razılığı olmadan onun şəxsi həyatı barədə məlumatların toplanması və yayılmasına müəyyən məhdudiyyətlər qoyur.

Burada görüntünün harada və hansı şəraitdə çəkilməsi, şəxsin çəkilişə razı olub-olmaması, materialın hansı məqsədlə yayımlanması və onun başqa şəxslər tərəfindən yenidən paylaşılması kimi hallar mühüm əhəmiyyət daşıyır. Xüsusilə görüntünün canlı yayım zamanı yayımlanması və daha sonra müxtəlif sosial şəbəkə hesablarında paylaşılması şəxsin hüquqlarının pozulmasının miqyasını artıra bilər.

Zərərçəkən şəxs belə vəziyyətlə qarşılaşdıqda, ilk növbədə sübutların qorunmasına diqqət yetirməlidir. Bunun üçün görüntünün yayıldığı səhifənin və ya hesabın linkini, ekran görüntülərini, yayımın tarixini və vaxtını, hesabın adını, paylaşımın baxış və paylaşılma göstəricilərini, eləcə də mümkün olduğu halda görüntünün özünü də saxlaması vacibdir. Çünki sonradan materialın silinməsi və ya hesabın bağlanması halında həmin sübutlar hüquqi müraciət zamanı əhəmiyyət daşıya bilər.

Bununla yanaşı, materialın silinməsi və yayımın dayandırılması üçün sosial şəbəkə platformasının şikayət mexanizmlərindən istifadə etmək mümkündür. Əgər görüntü şəxsin razılığı olmadan yayılıbsa və onun şəxsi həyatına müdaxilə təşkil edirsə, zərərçəkən hüquq-mühafizə orqanlarına da müraciət edə bilər. Müraciət zamanı görüntünün kim tərəfindən, hansı hesabdan və nə vaxt yayımlandığı barədə mümkün qədər ətraflı məlumatın təqdim olunması araşdırmanın aparılması baxımından əhəmiyyətlidir.

Paralel olaraq məhkəmə qaydasında şəxsi həyatın toxunulmazlığının müdafiəsini, materialın yayılmasının dayandırılmasını, qanunsuz şəkildə yayılan məlumatların silinməsini və vurulmuş zərərin, o cümlədən mənəvi zərərin ödənilməsini tələb etmək mümkündür. Mülki Məcəllənin 23-cü maddəsi şəxsi və ailə həyatının sirrinin pozulması ilə bağlı müdafiə vasitələrini nəzərdə tutur.

Ona görə də belə hallarda zərərçəkən şəxsin məsələyə yalnız görüntünün sosial şəbəkədən silinməsi kimi yanaşmaması vacibdir. Əgər şəxsin hüquqları pozulubsa, həm görüntünün yayılmasının qarşısının alınması, həm də hüquqi məsuliyyət məsələsinin araşdırılması üçün müvafiq addımlar atıla bilər. Əsas məsələ isə sübutların vaxtında toplanması və görüntünün daha geniş yayılmasının mümkün qədər tez qarşısının alınmasıdır”, - deyə hüquqşünas fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az