Sumqayıt şəhərində ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 10-da baş verib. 1995-ci il təvəllüdlü İsa birgə yaşadıqları evdə arvadı Şəfiqəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
İş üzrə izahat verən İsa bildirib ki, iş üzrə özünü təqsirli bilmir:
“Hadisə 10 fevral tarixində baş verib. Özüm kuryer işləyirəm. Həmin gün işdən evə gəldim və yuyundum. Hamamda olduğum vaxtda həyat yoldaşım telefonunda olan qadın müştərinin nömrəsi ilə əlaqə saxladı və nə üçün mənimlə 4 dəqiqə danışdığımı soruşdu. Mənim telefonda danışdığım qadın yaşlı biri idi. Bundan sonra həmin qadının əri zəng edərək nə üçün həyat yoldaşıma zəng edildiyini soruşdu. Mən də vəziyyəti başa saldım, kuryer olduğumu bildirdim. Buna görə həmin qadınla telefonda danışdığımı söylədim, onu sakitləşdirdim. Hətta üzr istədim”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra həyat yoldaşı Şəfiqə təhqiredici ifadələr işlədərək qışqırmağa başlayıb:
“Buna görə də həyat yoldaşımın qollarından tutaraq ağzını əllərimlə bağladım və qonaq otağına apardım. Bizim aramızda olan münaqişə qısqanclığa görə olub. Həyat yoldaşım mənə qarşı nalayiq ifadələr işlədib. Hadisədən sonra aramızda barışıq olub, mübahisə bitib”.
Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində isə göstərib ki, barəsində şikayətçi olan həyat yoldaşı Şəfiqə ilə 2025-ci ildə nikaha girib:
“Bu münasibətdən övladımız yoxdur. Bizim ailədaxili münaqişələrimiz ara-sıra olsa da, heç zaman polisə müraciət səviyyəsində olmayıb. Mən hər zaman çalışaraq yaranmış xırda problemləri həll etmişəm, ailəmin dağılmasının qarşısını almağa çalışmışam”.
İsanın sözlərinə görə, özünə məxsus “Toyota Prius” markalı avtomobillə ara-sıra taksi fəaliyyəti ilə məşğul olur:
“Məlum hadisə günü Şəfiqə mobil telefonumda 4 dəqiqəyə yaxın bir xanımla danışdığımı bildirdi, onun kim olduğunu soruşdu. Mən həmin şəxsin taksi sifariş verən müştəri olduğunu və işimlə bağlı onunla danışdığımı bildirdim. Bir neçə dəqiqədən sonra həmin müştəri xanımın həyat yoldaşı zəng etdi, mənim arvadımın onun həyat yoldaşına zəng edərək narahat etdiyini bildirdi. Bu məsələnin üstündə yaşadığımız ünvanda Şəfiqə ilə mübahisə etməyə başladım. Şəfiqə həmin vaxt məni təhqir edərək qışqırdı. Mən əsəbiləşdim və onun qollarından tutaraq sıxdım. Onu itələyərək digər otağa saldım, əllərimlə ağzını və üzünü tutaraq sıxdım. Bu zaman Şəfiqə yerə yıxıldı. Onu qaldıraraq divana apardım. Dava-dalaş divanın üstündə davam etdi. Mən hadisədən sonra əynimi geyinərək evdən çıxdım”.
Təqsirləndirilən şəxs deyib ki, törətdiyi əməldən peşmandır, gələcəkdə bir daha belə hallara yol verməyəcək:
“Biz bu hadisədən sonra 6 gün bir yerdə yaşadıq. Lakin sonradan bir yerdə yaşamağımızın mümkün olmadığını gördüm və ayrı yaşamağa qərar verdik”.
Zərərçəkmiş Şəfiqə isə ifadəsində təqsirləndirilən şəxsin dediklərinin böyük bir qismini inkar edib:
“Hadisə günü İsanın telefonunda xanıma aid nömrə ilə bir neçə danışıq gördüyüm üçün həmin xanıma zəng etdim. Həmin xanım da İsa ilə taksi kimi danışdığını bildirdi. Bundan sonra həmin xanımın həyat yoldaşı bizə 1 dəfə zəng etdi. Bundan sonra onları narahat etmədim. İsa kuryer yox, qanunsuz olaraq saxta proqramla taksi fəaliyyəti ilə məşğuldur”.
Zərərçəkmiş qeyd edib ki, hadisə günü İsa onu döyüb və təhqir edib:
“Həmçinin, mənim qolumdan tutaraq divara vurdu. Bundan başqa, evin dəhlizində saçımdan tutaraq sürüdü və ayaqlarıma təpiklə vurdu. Hadisə axşam saatlarında baş verib. Həmin gün evdə özümüzdən başqa heç kim olmayıb. Əvvəllər həyat yoldaşımdan harasa şikayət etməmişəm. Lakin həmin gün anladım ki, artıq bu münasibət alınmır, buna görə də polisə müraciət etmək qərarına gəldim”.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İsa 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, İsaya cəzaçəkmə müddəti ərzində Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən hər gün saat 23:59-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk etməsi, Sumqayıt və
Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxması qadağan olunub.
Bundan əlavə, ona elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb.
Həmçinin İsanın üzərinə məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. Qeyd olunub ki, bu hal cəzaçəkmə müddəti ərzində müalicəsi ilə əlaqədar xəstəxanada olması istisna olmaqla tətbiq edilir.


