Sosial Özəl

Zirzəmidən ofis kimi istifadə qanunsuzdur? — Açıqlama

Zirzəmidən ofis kimi istifadə qanunsuzdur? — Açıqlama

Çoxmənzilli binaların zirzəmilərində yerləşən sahələrdən ofis və digər kommersiya məqsədləri üçün istifadə olunması bəzən mülkiyyətçilərlə həmin ərazilərdən istifadə edən şəxslər arasında mübahisələrə səbəb olur. Xüsusilə zirzəmi sahəsinin sənədlə müəyyən şəxsə məxsus olduğu hallarda digər şəxslərin həmin ərazidən icazəsiz istifadə etməsi mülkiyyət hüquqlarının pozulması məsələsini gündəmə gətirir. Qanunvericiliyə görə isə çoxmənzilli binada birdən artıq sahəyə xidmət edən mühəndis qurğuları olan və texniki təyinat daşıyan zirzəmilər binanın ümumi əmlakı hesab oluna bilər.

Bəs çoxmənzilli binanın zirzəmisindən digər şəxslərin ofis kimi istifadə etməsi hansı hallarda qanuni hesab olunur? Zirzəmi sahəsi mağazanın mülkiyyətçisinə məxsusdursa, həmin şəxslərin oradan çıxarılması üçün məhkəməyə müraciət etmək mümkündürmü?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında hüquqşünas Babək Umudov bildirib ki, məsələnin hüquqi təhlili zirzəminin çoxmənzilli binanın ümumi paylı mülkiyyətinə aid olub-olmamasından və ya mağaza mülkiyyətçisinin xüsusi mülkiyyətində olub-olmamasından asılıdır.

Onun sözlərinə görə, əgər zirzəmi müstəqil qeydiyyatı olmayan mühəndis-texniki sahədirsə, AR Mənzil Məcəlləsinə əsasən, çoxmənzilli binanın mühəndis qurğuları olan zirzəmilər, texniki mərtəbələr və mənzillərin hissəsi olmayan digər ümumi sahələr binanın bütün sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətidir:

“Zirzəmi ümumi əmlak hesab edildikdə, oradan sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı və müvafiq icarə/istifadə müqaviləsi əsasında istifadə oluna bilər. Binanın digər mülkiyyətçilərinin (və ya MMMC/Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin) razılığı olmadan kənar şəxslər tərəfindən həmin sahənin ofis kimi zəbt edilməsi və ya istifadəsi qanunsuzdur.

Zirzəmi mağaza mülkiyyətçisinin xüsusi mülkiyyətidirsə, yəni zirzəmi sahəsi müstəqil daşınmaz əmlak kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində çıxarışla mağaza mülkiyyətçisinin xüsusi mülkiyyəti kimi qeydiyyata alınıbsa (və ya mağazanın tərkib hissəsi kimi sənədləşdirilibsə), mülkiyyətçi özünə məxsus əmlaka sahiblik etmək, ondan istifadə etmək və barəsində sərəncam vermək hüququna malikdir. Mülkiyyətçi həmin sahəni ofis kimi başqalarına icarəyə verə bilər (şəhərsalma, yanğın təhlükəsizliyi və sanitariya-gigiyena normalarına riayət etmək şərtilə).

Yuxarıda qeyd edilən əsaslar olmadan kimsə həmin sahədən istifadə edirsə, həmin şəxs qanunsuz istifadəçi hesab edilir və məhkəmə vasitəsilə sahədən məcburi çıxarıla bilər.

Yaxud əgər qanuni istifadəçi xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan və ya icarə/istifadə müqaviləsi ilə istifadəsində olan əmlakdan qanunvericiliyə zidd məqsədlər üçün, təhlükəsizlik tələblərini pozmaqla, bina mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə qəbul edilmiş qaydaları pozmaqla istifadə edirsə, həmin şəxsin fəaliyyətinin dayandırılmasını inzibati qaydada müvafiq orqanlara (FHN, DİN, AQTA və s.) şikayət etməklə, yaxud məhkəmə qaydasında tələb etmək olar”, - deyə hüquqşünas fikrini tamamlayıb.

Yəni, zirzəmi çıxarışla xüsusi mülkiyyət deyilsə, sakinlərin icazəsi olmadan orada ofis işlətmək qanunsuzdur və məhkəmə vasitəsilə dayandırıla bilər.

Nuray Paşşanlı

D
demokrat.az