Balakən və Bakı-Quba yolunda baş verən ağır qəzalar sürücü diqqətsizliyini və yol təhlükəsizliyi problemlərini yenidən gündəmə gətirib. Artıq hər yerdə radar var və qəzaların çoxu sürətə görə baş vermir. Daha çox təcrübəsizlik, bəzən isə yol infrastrukturunun pis vəziyyətdə olması buna səbəb olur. Yüksək sürətdə ani manevrlər ağır qəzalara səbəb olur.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev mövzu ilə bağlıDemokrat.az-a açıqlamasında deyib ki,yol qəzaları dünyanın bir çox ölkəsində baş verir və onların səbəbləri müxtəlif ola bilər:

“Əsas məsələ odur ki, yol qəzalarını fiks edən, yəni qəza hallarını qeydiyyata alan “qəza ocağı” xəritələri olmalıdır. Əgər müəyyən bir nöqtədə iki və ya üç ölümlə nəticələnən qəza baş verirsə, həmin ərazi “qara nöqtə” hesab olunur və burada mütləq infrastruktur həlləri tətbiq edilməlidir.
Dünyada artıq gələn il 30 ili tamam olacaq “Vision Zero” konsepsiyası var. Finlandiyada tətbiq edilən bu konsepsiyanın əsas prinsipi ondan ibarətdir ki, insan səhv edə bilər, amma onun səhvi nəticəsində başqa insan ölməməlidir. Buna görə də sürəti azaldan, trafiki sakitləşdirən həllər tətbiq olunur. Yəni sürücü istəsə belə, qaydanı pozmasına imkan verməyən və diqqəti artıran infrastruktur həllərinin daha çox tətbiqindən söhbət gedir. Məsələn, şəhər mühitində eyni səviyyəli keçidlərdə zolaqların ensizləşdirilməsi, küçə və prospekt iki zolaqdan artıqdırsa, orada təhlükəsizlik adacığının qurulması, piyada keçidlərinin kontrast işıqlandırılması, yüksək sürətlə hərəkətin qarşısını almaq üçün müvafiq infrastruktur həllərinin tətbiqi, həmçinin məhəllə girişlərində səki səviyyəsinə qaldırılmış keçidlərin yaradılması bu qəbildən olan həllərdir”.
Ekspert bildirib ki, bundan başqa, şəhər infrastrukturunda, məsələn, “anti-cib” kimi avtobus dayanacaqlarının parkinq sahəsindən fiziki olaraq ayrılması, tumbaların quraşdırılması və bununla da səkilərin zəbt edilməsinin qarşısının alınması kimi həllər sürücüləri daha diqqətli olmağa, yüksək sürətlə hərəkət etməməyə məcbur edir:
“Bu isə baş verə biləcək qəzanın nəticəsinə birbaşa təsir göstərir. Buna görə düşünürəm ki, yeni bir velosiped icad etməyə ehtiyac yoxdur. İnfrastrukturumuzu dünya təcrübəsinə əsasən təkmilləşdirməliyik və bu növ həllərin mahiyyətini kütləvi informasiya vasitələri vasitəsilə təbliğ edib maarifləndirmə aparmalıyıq. Aidiyyəti nəqliyyat qurumları isə müvafiq təlimlər təşkil etməlidirlər ki, bu infrastruktur həllərinin olmamasının hansı nəticələrə gətirib çıxara biləcəyi izah olunsun. Eyni zamanda, bu yanaşmalar tədris prosesinə də daxil edilməlidir. Bu gün universitetdə təhsil alan gələcəyin mühəndisləri artıq universitet auditoriyalarında bu məsələnin vacibliyini hiss etməli və belə həllərin nə üçün zəruri olduğunu başa düşməlidirlər”.


