Sağlamlıq

Təbii adı ilə satılan bu qidalar orqanizmi zəhərləyir — Açıqlama

Təbii adı ilə satılan bu qidalar orqanizmi zəhərləyir — Açıqlama

Sağlam qidalanmaya marağın artması ilə təbii, orqanik və faydalı adı ilə təqdim olunan məhsulların sayı da çoxalıb. Qaya duzundan evdə hazırlanan şirələrə, müxtəlif bitki mənşəli məhsullardan təbii əlavələrə qədər bir çox məhsul daha sağlam alternativ kimi təqdim edilir.

Lakin məhsulun təbii olması onun birbaşa olaraq sağlam və təhlükəsiz olduğu anlamına gəlirmi?

Qida eksperti Fərid Səfərov Demokrat.az-a açıqlamasında söyləyib ki, təbii sözü avtomatik olaraq məhsulun sağlam və təhlükəsiz olması demək deyil:

“Təbii mənşəli məhsul da yanlış hazırlanma, saxlanma və ya həddindən artıq istehlak zamanı sağlamlıq üçün risk yarada bilər. Məsələn, bitki mənşəli bəzi maddələr allergik reaksiyalara səbəb ola, dərmanlarla qarşılıqlı təsir göstərə və müəyyən insanlarda arzuolunmaz təsirlər yarada bilər. Qaya duzu da təbii məhsuldur, amma onun tərkibində əsasən natrium xlorid olduğu üçün “təbii” olması onu adi duzdan daha çox və ya limitsiz istifadə edilə bilən məhsula çevirmir. Eyni şəkildə, evdə hazırlanan şirələrdə şəkər miqdarı yüksək ola və gigiyena qaydalarına əməl edilmədikdə mikrobioloji risk yarana bilər”.

Ekspert əlavə edib ki, burada əsas meyar məhsulun sadəcə “təbii” adlandırılması deyil, tərkibi, qida dəyəri, istehsal və saxlanma şəraiti, təhlükəsizlik göstəriciləri və istehlak miqdarıdır:

“Orqanik ifadəsi də məhsulun avtomatik olaraq daha az kalorili, şəkərsiz və ya bütün hallarda daha faydalı olduğu anlamına gəlmir. İstehlakçı məhsul seçərkən reklam və “100% təbii”, “detoks”, “kimyəvi maddəsiz”, “möcüzəvi fayda” kimi iddialardan daha çox etiket məlumatlarına, sertifikatlara, son istifadə tarixinə və istehsalçıya diqqət etməlidir. Ən vacibi isə sağlam qidalanmanı ayrı-ayrı möcüzəvi məhsullara deyil, ümumi və balanslı qidalanma modelinə əsaslandırmaqdır”.

Fidan Hacızadə

D
demokrat.az