Ağstafa rayonunda 35 yaşlı kişi həmkəndlisinə ağır xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Ağstafa Dəmiryol Vağzalının peronunda yerləşən sanitar qovşağının yaxınlığında baş verib.
1991-ci il təvəllüdlü Namiq orada ətrafda olan şəxslərə məhəl qoymadan xuliqanlıq hərəkətləri edib və əvvəllər aralarında olan borc mübahisəsini bəhanə edərək özündə olan bıçaqla Kənan Aşurovun döş qəfəsindən vurub.
İş üzrə izahat verən Namiq bildirib ki, Ağstafa rayonu, Xətai kəndində ailəsi ilə birlikdə yaşayır:
“Rəsmi olaraq heç bir yerdə işləmirəm, fərdi əməklə məşğul olaraq ailəmi dolandıram. Zərərçəkmiş Kənanı əvvəldən tanıyıram, həmkəndlimdir və münasibətlərimiz yaxşı olub. Əvvəllər aramızda heç bir mübahisə olmayıb. Mübahisələrimiz pul məsələsinə görə yaranıb. Kənanın deməsinə görə, guya ki, mənim onun qardaşına 300 manat borcum olub. Lakin Kənanın qardaşından pul almamışam. Bu məsələ ilə bağlı telefonda danışanda aramızda mübahisə oldu”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən gün Dəmiryol vağzalının ərazisində olub:
“Orada Kənanla təsadüfən görüşdüm. Biz telefonda mübahisə etdiyimiz üçün üz-üzə gəldikdə davamız oldu. Kənan məni yumruqla vurduğu üçün üzərimdə olan bıçaqla onu qorxutmaq üçün qoluna vurmaq istədim. Lakin bıçaq onun sinəsinə dəydi. Davadan sonra bıçağı polislər götürüb. Hadisədən bir gün sonra Kənanla aramızda barışıq olub. Hazırda Kənan vəfat etdiyi üçün onun hüquqi varisi olan atasından üzr istəyirəm. Əməlimdən peşmanam və zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istəmişəm”.
Məhkəmədə Kənanın hüquqi varisi qismində atası İbarət Aşurov tanınıb. Məhkəmədə Kənan vəfat etməmişdən əvvəl alınan ifadəsi açıqlanıb. O, həmin ifadəsində göstərib ki, 2024-cü ilin yanvar ayında Bakı şəhərində olan qardaşı Orxan ona zəng edib və həmkəndliləri Kənanın kartına 450 manat kirayə pulunu göndərməyini deyib:
“Orxan və Namiq birlikdə Nərimanov metrosunun yanında kirayədə qalıblar. Mən də qardaşım Orxanın xahişini nəzərə alaraq Namiqin kartına 450 manat pul göndərdim. Həmin günün gecəsi Orxan zəng etdi, küçədə qaldığını bildirdi, pul göndərdiyim Namiqin qaçaraq getdiyini, kirayə pulunu vermədiyini dedi. Mən dəfələrlə Namiqə zəng etsəm də, telefona cavab vermədi. Sonradan da müxtəlif bəhanələrlə pulu qaytarmadı”.
Zərərçəkmiş qeyd edib ki, məlum hadisə günü, saat 14:55 radələrində Ağstafa dəmir yolu stansiyasından piyada olaraq keçib və xəstəxanaya gedərkən tualetin yanında təsadüfən Namiqlə rastlaşıb:
“Namiqi görərək yenidən mənə borclu olduğu 450 manat pulu istədim. Namiq pulunun olmadığını, yenə də bəhanə edərək qaçmaq istədi. Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı əlini belinə ataraq arxa cibindən cib bıçağı çıxardı və mənim sinəmdən bir dəfə vuraraq xəsarət yetirdi. Bunu görən həmkəndlilərim Qurban və Kamil bizi ayırdılar. Sonradan isə polis əməkdaşları gəldilər. Mən xəsarət aldığımdan müayinə və müalicə olunmaq üçün xəstəxanaya getdim”.
Zərərçəkmiş Kənanın hüquqi varisi, atası İbarət Aşırov isə ifadəsində göstərib ki, oğlu Vətən müharibəsi iştirakçısı olub, qazi idi:
“Oğlum dünyasını dəyişib. Təqsirləndirilən şəxs bir dəfə də olsun bizim evimizə gələrək üzr istəməyib. Buna baxmayaraq, təqsirləndirilən şəxsi anasına görə bağışlayıram. Onun həbs olunmasını istəmirəm”.
Şahid qismində danışan Kənanın anası İlhamənin sözlərinə görə, Ağstafa rayonu, Xətai tibb məntəqəsində işləyir. Onun sözlərinə görə, zərərçəkmiş Kənanın oğludur, 2-ci Qarabağ müharibəsində iştirak edib, şizofreniya xəstəliyindən əziyyət çəkib və aldığı travmalarla əlaqədar mütəmadi müalicə alıb.
Ağstafa Rayon Məhkəməsinin hökmü ilə Namiq Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə təqsirli bilinib və 1 il 8 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


