Sosial Özəl

Gəncləri erkən yaşda borca salan əsas səbəb bəlli oldu — Açıqlama

Gəncləri erkən yaşda borca salan əsas səbəb bəlli oldu — Açıqlama

Maliyyə savadsızlığı gənclərin maliyyə qərarlarına təsir edən əsas amillərdən biri hesab olunur. Gəlir və xərclərin düzgün idarə edilməməsi, düşünülməmiş alış-veriş, kredit və borclanma imkanlarından yanlış istifadə gəncləri erkən yaşlarda maliyyə çətinlikləri ilə üz-üzə qoya bilər.

Bəs maliyyə savadsızlığı gənclərin erkən yaşda borclanmasına necə təsir edir? Bu problemin qarşısını almaq üçün maliyyə savadlılığına nə vaxtdan başlanılmalıdır?

İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, maliyyə savadlılığının formalaşdırılması ilk növbədə ailədən başlamalıdır.

Onun sözlərinə görə, uşaq pulun yalnız xərcləmək üçün deyil, həm də düzgün idarə olunmalı resurs olduğunu ailə mühitində mənimsəməlidir. Bu baxımdan valideynlərin üzərinə böyük məsuliyyət düşür:

“Uşaqlara erkən yaşlardan, xüsusilə 7 yaşdan etibarən pulun dəyəri, ondan düzgün istifadə qaydaları, qənaət etmək və planlı xərcləmək vərdişləri öyrədilməlidir. Ailələr uşaqlara pul qazanmağın, yığmağın və xərcləmənin əsas prinsiplərini aşılamalıdır. Bununla yanaşı, maliyyə savadlılığı yalnız ailə çərçivəsində qalmamalı, təhsil sistemində də öz əksini tapmalıdır. Məktəblərdə şagirdlərə maliyyə idarəçiliyi, büdcə planlaşdırılması, düzgün istehlak vərdişləri və gələcək maliyyə qərarları ilə bağlı əsas biliklər verilməlidir.

Gənclərin borclanması isə hər zaman mənfi hal kimi qiymətləndirilməməlidir. Borclanma düzgün məqsədlər üçün istifadə edildikdə inkişaf vasitəsinə çevrilə bilər. Əgər bir gənc borc götürərək əmlak əldə edir və ya gələcəkdə ona daha böyük fayda gətirəcək bir istiqamətə yatırım edirsə, bu, müsbət addım hesab oluna bilər. Çünki inkişaf və böyümə üçün bəzən maliyyə imkanlarını genişləndirmək məqsədilə borclanmaq və planlı risklərə getmək lazım gəlir. İnsan yalnız şəxsi gəliri hesabına hər zaman sürətli irəliləyiş əldə edə bilməz.

Lakin əsas problem məqsədsiz və düşünülməmiş borclanmadır. Xüsusilə son illərdə geniş yayılan nümayişkaranə istehlak, brend məhsullara həddindən artıq meyillilik, gəlir imkanlarına uyğun olmayan lüks alış-verişlər və özünü daha imkanlı göstərmək istəyi gəncləri maliyyə çətinlikləri ilə üz-üzə qoya bilər. Kiçik gəlirlə bahalı telefonlar, geyimlər, restoranlar və digər xidmətlərə həddindən artıq xərcləmək gəncin gələcək maliyyə imkanlarını məhdudlaşdıra bilər.

Bu baxımdan cəmiyyətdə formalaşmış “yorğanımıza görə ayağımızı uzatmalıyıq” prinsipi maliyyə idarəçiliyində də mühüm əhəmiyyət daşıyır. İnsan öz gəlir və imkanlarını nəzərə alaraq xərclərini planlaşdırmalıdır.

Ümumilikdə, pulla düzgün davranış, qənaət etmək, maliyyə qərarlarını düşünərək vermək kimi bacarıqlar uşaqlıqdan formalaşdırılmalıdır. Maliyyə savadlılığı yalnız iqtisadi bilik deyil, həm də gələcək həyat keyfiyyətinə təsir edən mühüm bir vərdişdir və bu vərdişin təməli ailədə qoyulmalıdır”, - deyə ekspert fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az