Sosial Özəl

Azərbaycan məhkəmələrində AI tətbiqi mümkündürmü?

Azərbaycan məhkəmələrində AI tətbiqi mümkündürmü?

Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Məhkəmə Departamenti 2026-cı ilin sentyabrından etibarən süni intellekt əsaslı məhkəmə platformasının tətbiqinə başlayacaq. Deputat bildirib ki, 18 aylıq mərhələli tətbiq prosesi nəzərdə tutulan platforma məhkəmə və hüquqi qərarların hazırlanmasına süni intellekt vasitəsilə dəstək verəcək.

Süni intellektin məhkəmələrdə tətbiqi Azərbaycanda da mümkün ola bilərmi?

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, süni intellektin Azərbaycan məhkəmələrində tətbiqi prinsip etibarilə mümkündür:

“Lakin Azərbaycanda süni intellektin məhkəmə sistemində tətbiqi yalnız məhkəmə hakiminə yardımçı alət kimi və mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirilə bilər. Əbu-Dabidə elan edilən platforma məhkəmə qərarlarını avtomatik qəbul edən sistem kimi deyil, hakimlərin və məhkəmə aparatının işini dəstəkləyən süni intellekt platforması kimi təqdim olunur. Layihənin 2026-cı ilin sentyabrından başlayaraq 18 ay ərzində mərhələli şəkildə tətbiqi nəzərdə tutulur və bütün AI nəticələrinin insan nəzarəti və təsdiqi altında istifadə ediləcəyi vurğulanır. Azərbaycan baxımından isə belə bir model məhkəmə təcrübəsinin və presedentlərin sürətli axtarışı, oxşar işlər üzrə hüquqi təhlilin hazırlanması, sənəd layihələrinin formalaşdırılması, məhkəmə işlərinin avtomatik təsnifatı və idarə olunması, proseslərin planlaşdırılması və statistik təhlillərin aparılması baxımından tətbiq oluna bilər.

Elnur Məmmədov qeyd edib ki, bununla yanaşı, bir sıra hüquqi və etik məhdudiyyətlər mövcuddur:

“Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, ədalət mühakiməsini məhkəmələr həyata keçirir və yekun qərarı hakim qəbul edir. Bu baxımdan süni intellekt hakimi əvəz edə bilməz. Bundan əlavə, məhkəmə işlərində həssas şəxsi məlumatlar olduğundan AI sistemlərində məlumat təhlükəsizliyi ciddi şəkildə təmin edilməli, AI-nin verdiyi tövsiyələrin hansı əsaslarla formalaşdığı aydın olmalıdır. Hazırda Azərbaycanda məhkəmə sisteminin rəqəmsallaşdırılması istiqamətində elektron məhkəmə xidmətləri tətbiq edilir. Bunun gələcək mərhələsində süni intellekt əsaslı analitik və qərar dəstək sistemlərinin yaradılması hüquqi və texniki baxımdan mümkündür. Bunun üçün ayrıca normativ tənzimləmə, məlumatların qorunması mexanizmləri və AI-dən istifadənin sərhədlərini müəyyən edən qaydaların qəbul edilməsi vacibdir.

Azərbaycanda süni intellektin məhkəmələrdə tətbiqi real perspektivdir. Ancaq bu tətbiq hakimin qərarvermə səlahiyyətini əvəz edən deyil, hüquqi araşdırmanı və məhkəmə prosesinin səmərəliliyini artıran köməkçi texnologiya kimi həyata keçirilə bilər. Bu yanaşma həm beynəlxalq təcrübəyə, həm də məhkəmə müstəqilliyi prinsipinə daha uyğundur”.

Fidan Hacızadə

D
demokrat.az