Abşeron rayonunda 42 yaşlı kişi arvadına xəsarət yetirməkdə ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Qazax rayon sakini, 1984-cü il təvəllüdlü Bəşir ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Zahidə (adlar şərtidir – red.) ilə aralarında qısqanclıq zəminində yaranmış narazılıqla bağlı mübahisə edib.
Bu zaman Bəşir əsəbiləşərək arvadının üzərinə hücum edib, əvvəlcə əlləri ilə qadının saçından tutaraq yolub, sifət və baş nahiyələrinə əl və yumruq zərbələri vurub.
Ardınca üzərində olan “rezak” adlanan iti kənarlı kağız kəsən məişət əşyasını götürüb və həmin əşya ilə qadının boyun nahiyəsinə qəsdən vuraraq boyun nahiyəsində kəsilmiş yara xəsarəti yetirib.
İş üzrə izahat verən Bəşir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, son zamanlar Zahidə ilə aralarında ailədaxili sözlü mübahisələr baş verib:
“Buna səbəb mənim Zahidəni qısqanmağım olub. 2024-cü ildə boşanmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməyimə baxmayaraq, iki övladım olduğu üçün müraciətimi geri götürmüşəm və boşanmaqdan imtina etmişəm”.
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisədən əvvəl yaşadığı evdə Zahidənin sağ ayaq nahiyəsində qançır görüb:
“Bunun necə baş verdiyini soruşarkən Zahidə ayaqlarında problem olduğunu, damar partlaması nəticəsində əmələ gəldiyini söylədi. Bir neçə günə keçib gedəcəyini bildirdi”.
Bəşirin sözlərinə görə, məlum hadisə günü, saat 09:30 radələrində yaşadığı evdə olarkən Zahidənin ayağında olan iz yadına düşüb:
“Bundan sonra həmin izin kim tərəfindən əmələ gəldiyini soruşdum. Zahidə mənə qeyri-səmimi cavab verdi. Bu mövzuda Zahidə ilə aramızda sözlə mübahisə baş verdi. Mübahisə vaxtı əlim ilə onun saçından tutaraq yumruqla bir dəfə baş nahiyəsinə vurdum. Ardınca cibimdə olan divar kağızı kəsmək üçün istifadə olunan “rezak” adlanan iti kənarlı kağız kəsən məişət əşyasını çıxardım və boyun nahiyəsinə xəsarət yetirdim”.
Bəşir qeyd edib ki, daha sonra evdən çıxaraq gedib:
"Evdən gedərkən Zahidəyə xəsarət yetirdiyim həmin “rezak”ı yaşadığım evin yaxınlığında yerləşən kanala atdım. Zahidə ilə aramızda yaranmış mübahisə birgə yaşadığımız evdə baş verib. Mübahisəmiz təxminən 3-5 dəqiqə davam etdi. Bizim mübahisəmiz qısqanclıq zəminində baş verib. Həmin vaxt yanımızda anamdan başqa heç kim olmayıb. Münaqişə zamanı Zahidə mənə hər hansı formada xəsarət yetirməyib. Həmin vaxt onu öldürmək fikrim və ya niyyətim olmayıb”.
Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə aralarında barışıq əldə etdiyini deyib.
Zərərçəkmiş Zahidənin sözlərinə görə, son dövrlərdə əri Bəşirlə aralarında qısqanclıq zəminində ailədaxili sözlü mübahisələr yaranmağa başlayıb:
“Məlum hadisədən əvvəlki gün, saat 09:00 radələrində yaşadığım evdə Bəşir mənim sağ ayağımda qançır izi gördü və sözlə iradını bildirərək bunun necə baş verdiyini soruşdu. Həmin vaxt Bəşirə izah etdim ki, ayağımda problem var, damar partlaması səbəbindən iz qalıb. Bundan sonra hətta qaynanamla birlikdə həkim müayinəsinə də getdim. Növbəti gün, saat 09:30 radələrində yaşadığımız evdə olan zaman Bəşir ilə aramızda sözlə mübahisə yarandı.
Mübahisə vaxtı Bəşir qısqanclıq zəminində “Ayağında olan izin kim tərəfindən edildiyini boynuna al” sözlərini işlətdi, əli ilə saçımdan tutdu, yumruqla bir neçə dəfə baş nahiyəmə vurdu. Sonra cibindən “rezak” adlanan iti kənarlı kağız kəsən məişət əşyasını çıxardı və sol boyun nahiyəmə xəsarət yetirdi”.
Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, ərinə qarşı hər hansı şikayət və tələbinin olmadığını deyib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


