Son illər Türkiyə, Gürcüstan və Azərbaycanda müşahidə olunan güclü yağıntılar, sel və daşqın hadisələri iqlim dəyişiklikləri ilə bağlı müzakirələri daha da aktuallaşdırıb. Qısa müddət ərzində böyük həcmdə yağıntının düşməsi, ardınca isə quraqlıq dövrlərinin yaşanması regionda hava proseslərinin dəyişib-dəyişmədiyi sualını gündəmə gətirir. Bəs bu hadisələr təsadüfi hava dəyişiklikləridir, yoxsa artıq yeni iqlim reallığının əlamətləridir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında ekoloq Ənvər Əliyev bildirib ki, hazırda Azərbaycanın ərazisi, o cümlədən Qafqaz regionu, İran, Şimali İraq, bəzi hallarda isə İsrail və hətta Şimali Afrika ilə eyni atmosfer proseslərinin təsiri altındadır.
Onun sözlərinə görə, hazırda müşahidə olunan yağıntılar quraqlıq dövründən sonrakı mərhələni əhatə edir:
“Təxminən 30–40 il əvvəl yağıntılı dövrdən sonra uzunmüddətli quraqlıq mərhələsi başladı. Dövrilik qanununa əsasən, bu quraqlıq dövrü Azərbaycanın təbiətinə, istər dağlıq, istər aran ərazilərinə, eləcə də Xəzər dənizinə müəyyən mənfi təsirlər göstərdi. Bu təbiət hadisələrinin əsas mənbəyi Aralıq dənizi və Atlantik okeanından gələn rütubətli hava kütlələridir. Həmin hava kütlələrinin Azərbaycan ərazisinə daxil olması ölkəmizdə hava şəraitinə ciddi təsir göstərir. Bu proses dövrilik qanununa əsaslandığı üçün burada qeyri-adi və ya gözlənilməz bir vəziyyət yoxdur.
Azərbaycan ərazisində, Şimali Qafqazın cənub hissəsində, həmçinin İran və İraq istiqamətində müşahidə olunan rütubətli hava kütlələri Atlantik okeanından gələn hava axınlarının nəticəsidir. Bu hava kütlələri Qafqaz ölkələrində, Türkiyədə, bəzən Yunanıstanda, eləcə də Aralıq dənizi sahili ölkələrində güclü yağıntılara və ciddi fəsadlara səbəb olur.
Lakin bu fəsadların təsirini azaltmaq üçün müəyyən tədbirlər görülməlidir. Çünki bu hava axınları təbii dövri proseslərdir. Təxminən 30–45 illik fasilələrlə quraqlıq və yağıntılı dövrlər bir-birini əvəz edir. Buna görə də burada qeyri-adi bir hadisə yoxdur.
Azor maksimumu adlanan antisiklon bu hava kütlələrinin şərq istiqamətinə yönəlməsində mühüm rol oynayır. Atlantik okeanından gələn rütubətli hava kütlələri də məhz bu səbəbdən regionumuzda belə hava şəraiti yaradır.
Hesab edirəm ki, burada təşvişə düşməyə əsas yoxdur. Yaşlı nəsil həm quraqlıq, həm də yağıntılı dövrlərin yaratdığı problemləri əvvəllər də görüb və bu proseslərlə tanışdır. Onlar bu hadisələri təbii qəbul edirlər. Gənc nəsil isə bu hadisələrlə ilk dəfə qarşılaşdığı üçün onların reaksiyası təbiidir. Vaxtilə biz dəfələrlə güclü yağıntıları, daşqınları, evlərin, küçələrin və əkin sahələrinin sel suları ilə yuyulub aparıldığını müşahidə etmişik. Ona görə də ciddi narahatlığa əsas yoxdur. Hesab edirəm ki, bu il müşahidə olunan kəskin anomaliyalardan sonra qarşıdakı dövrdə daha çox orta səviyyəli rütubətli hava şəraiti davam edəcək” , - deyə ekoloq fikrini tamamlayıb.
Xatırladaq ki, ötən gün Gürcüstanın Kutaisi-Tskaltubo-Tsageri-Lentexi yolunda, Sakdri körpüsünün yaxınlığında çay məcrasından çıxıb, sel suları yola daşıb, nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti qadağa qoyulub.


