Sosial media Özəl

Sosial media hesablarınızı belə qoruyun — Ekspertdən məsləhətlər

Sosial media hesablarınızı belə qoruyun — Ekspertdən məsləhətlər

Rəqəmsal platformaların gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə sosial media hesablarının təhlükəsizliyi daha da aktual məsələyə çevrilib. Son vaxtlar müxtəlif şəxslərin, o cümlədən tanınmış simaların sosial media və mesajlaşma platformalarındakı hesablarının ələ keçirilməsi halları artıb.

Bəs bu cür halların qarşısını almaq üçün istifadəçilər hansı təhlükəsizlik tədbirlərinə əməl etməli, hesablarını kibercinayətkarlardan necə qorumalıdırlar?

Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən İT mütəxəssisi Əmrah Mövsümzadə bildirib ki, rəqəmsal dövrdə hesabların təhlükəsizliyi hər bir istifadəçinin prioritet məsələsi olmalıdır:

“Kibercinayətkarlardan qorunmaq və hesabların ələ keçirilməsinin qarşısını almaq üçün bir sıra əsas təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə olunur. İlk növbədə, iki faktorlu autentifikasiyanı (2FA) aktivləşdirmək vacibdir. Bu, hesabın təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır. Hətta şifrəniz ələ keçirilsə belə, SMS kodu, autentifikasiya tətbiqi və ya təhlükəsizlik açarı vasitəsilə həyata keçirilən ikinci təsdiq mərhələsi icazəsiz girişin qarşısını alır. Bununla yanaşı, hər bir platforma üçün güclü və unikal şifrələrdən istifadə edilməlidir. Şifrələrdə ad, doğum tarixi və ya ardıcıl rəqəmlər kimi asanlıqla təxmin edilə bilən məlumatlardan istifadə etməkdən çəkinmək lazımdır".

Mütəxəssis fişinq hücumlarına qarşı da diqqətli olmağın vacibliyindən bəhs edib: "Şübhəli e-poçtlara, mesajlara və ya tanımadığınız mənbələrdən göndərilən keçidlərə daxil olmamaq tövsiyə edilir. Kibercinayətkarlar çox vaxt rəsmi qurumların və ya platformaların adından istifadə edərək istifadəçiləri saxta giriş səhifələrinə yönləndirirlər. Hesabınıza bağlı cihazları və üçüncü tərəf tətbiqlərini mütəmadi yoxlamaq da təhlükəsizliyin vacib hissəsidir. Hesab ayarlarından aktiv cihazları nəzərdən keçirmək, tanımadığınız cihazları dərhal hesabdan çıxarmaq tövsiyə olunur. Eyni zamanda, istifadə etdiyiniz tətbiqləri və əməliyyat sistemini mütəmadi yeniləmək vacibdir. Yeniləmələr adətən təhlükəsizlik boşluqlarını aradan qaldırır və kibertəhdidlərə qarşı daha etibarlı müdafiə təmin edir”.

Fidan Hacızadə

D
demokrat.az