“İqlim dəyişikliyi Yer kürəsinin yaranmasından bəri davam edən təbii prosesdir. Lakin son əsrlərdə insan fəaliyyəti bu prosesi daha da sürətləndirib”.
Bunu Demokrat.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi iki əsas səbəbdən baş verir: təbii proseslər və antropogen, yəni insan fəaliyyəti nəticəsində yaranan dəyişikliklər:
“Vulkan püskürmələri, zəlzələlər, ildırım nəticəsində baş verən meşə yanğınları və digər təbii hadisələr iqlimə təsir göstərir. Bununla yanaşı, sənayenin inkişafı, ətraf mühitin çirkləndirilməsi və müharibələr də iqlim dəyişikliyini sürətləndirən əsas antropogen amillər sırasındadır. Son 50 ildə qlobal temperaturun yüksəlməsi səhralaşmanı və buxarlanmanı artırıb, bu isə ekosistemlərə təsir göstərir. Azərbaycanda hazırda ümumi su qıtlığı müşahidə olunmur, lakin bəzi aran rayonlarında su çatışmazlığı problemi mövcuddur. Su ehtiyatlarından səmərəli istifadə və düzgün suvarma sistemi tətbiq olunarsa, ölkə uzun müddət ciddi su problemi ilə üzləşməyəcək. Biz qlobal istiləşmədən narahatıq. Amma qarşıdakı illərdə qlobal soyuma gedəcək. Yer kürəsində dəyişikliklər hər zaman var. Tektonik plitələr söhbəti var. Bu o deməkdir ki, yer kürəsi daim hərəkətdədir. Mantiyadan növbədə gələn təsirlər, palçıq vulkanları, zəlzələlər hər daim bu kimi proseslər davam elədiyinə görə istər istəməz hər şeyə təsir edir. Qütblərdə bu istilərin təsirindən buzlaqlar əriməyə başlayır. Buzlaqların əriməsi nəticəsində dünya okeanının səviyyəsi qalxır. Amma o əriyən buzlaqlar yenə yağış halında Azərbaycana tökülür. Görürük ki, bu il Azərbaycanda yağıntı çox oldu. Bunların hamısı iqlim dəyişikliyinin tərkib hissəsidir”.
“Qlobal istiləşmə nəticəsində qütb buzlaqları əridikcə dünya okeanının səviyyəsi yüksəlir və yağıntı rejimində dəyişikliklər baş verir. Bununla yanaşı, insanları təşvişə düşməkdən daha çox ətraf mühitə qarşı məsuliyyətli davranmağa çağırıram”- deyə ekoloq fikrini tamamlayıb.


