Sağlamlıq Özəl

Alimlər diş əti iltihabına qarşı yeni üsul tapdı

Alimlər diş əti iltihabına qarşı yeni üsul tapdı

Qısa müddətli kalorili qidalanma məhdudiyyəti diş əti iltihabını azalda bilər. Bu nəticəyə alimlər yeni araşdırmada gəliblər.

Demokrat.az xəbər verir ki, tədqiqatın nəticələri Journal of Clinical Periodontology jurnalında dərc olunub.

Araşdırmada diş əti xəstəliyi olan 28 nəfər iştirak edib. İştirakçılar iki qrupa bölünüblər.

Bir qrup altı ay ərzində üç dəfə xüsusi pəhriz tətbiq edib. Proqram beş gün davam edib. İlk iki gün təxminən 1100 kilokalori qəbul olunub. Sonrakı üç gün isə göstərici 750 kilokaloriyə enib.

Digər qrup adi qidalanma rejimini davam etdirib.

Altı aydan sonra alimlər qan və diş əti nümunələrini yoxlayıblar. Xüsusi pəhriz saxlayanlarda iltihab göstəriciləri daha aşağı olub.

Onlarda C-reaktiv zülalın səviyyəsi də azalıb. Bu göstərici sistemli iltihabın əsas markerlərindən sayılır.

Bundan əlavə, diş əti toxumalarındakı iltihabla əlaqəli maddələrin miqdarı da azalıb.

Alimlər hesab edirlər ki, nəticələr oksidləşdirici stressin azalması ilə bağlıdır. Şəkərli və rafinə edilmiş karbohidratların az qəbulu da rol oynaya bilər.

Tədqiqat müəllifləri mikrobiomdakı dəyişikliklərin də təsir göstərdiyini düşünürlər.

Araşdırma müəllifləri vacib məqama diqqət çəkiblər. Onların sözlərinə görə, bu üsul diş təmizliyini əvəz etmir. Peşəkar stomatoloji müalicə də yenə vacib olaraq qalır.

Bununla belə, alimlər gələcəkdə bu yanaşmanın əlavə müalicə üsulu ola biləcəyini bildiriblər.

Daha əvvəl aparılan tədqiqatlar da maraqlı əlaqə göstərib. Məlum olub ki, diş əti problemləri qaraciyər sağlamlığına da təsir edə bilər. Xüsusilə, qeyri-alkoqollu yağlı qaraciyər xəstəliyi ilə əlaqə müəyyən edilib.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova