Kriminal Özəl

Bərdədə 66 yaşlı kişi bacısına mesaj yazan dostuna xəsarət yetirdi — TƏFƏRRÜAT

Bərdədə 66 yaşlı kişi bacısına mesaj yazan dostuna xəsarət yetirdi — TƏFƏRRÜAT

Bərdə rayonunda 66 yaşlı kişi bacısına mesaj yazan həmkəndlisinə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun kəndlərindən birində baş verib.

1959-cu il təvəllüdlü Xalid Bəhramov kənd ərazisində yerləşən otlaq sahəsinin kənarında həmkəndlisi Pərviz Şirvanov (ad-soyad şərtidir – red.) ilə mübahisə edib.

O, aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı P. Şirvanovun hər iki göz və üz nahiyələrinə bir neçə dəfə qəsdən yumruq zərbəsi vurub.

Hadisəni törədən X. Bəhramovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən X. Bəhramov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Pərviz onun həmkəndlisidir:

“Onunla qonşu olmaqla, yaxın münasibətlərimiz olub, dəfələrlə birlikdə çörək kəsmişik. Xəstə olduğumdan müalicə olunmaq üçün Estoniya Respublikasına getdim. Bacım Elnarə əvvəllər ailəli olub ayrılıb. Estoniyada olan zaman bacım mənə zəng edərək Pərviz ona mesaj yazdığını bildirdi. Mən də Pərvizə zəng edərək onunla çörək kəsdiyimi, nə üçün bacıma mesaj yazdığını soruşdum. Ona gələndən sonra danışacağımızı bildirdim. Estoniyadan qayıtdıqdan sonra bir müddət gözlədim ki, Pərviz gələrək üzr istəsin. Lakin Pərviz məndən üzrxahlıq etmədi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü Bərdə şəhərindən yaşadığı kəndə gedib və Pərvizin çayxanada kabab bişirdiyini görüb:

“Həmin vaxt qardaşıma məxsus avtomobildə olmuşam. Avtomobili qardaşım idarə edib, özüm arxa oturacaqda əyləşib. Pərviz bacıma mesaj yazması mənə pis təsir etdiyindən maşını saxladaraq onu maşına dəvət etdim. Pərvizə yanımda əyləşməsini bildirdim. Avtomobili kəndin kənarında olan torpaq sahəsinə sürdük. Birlikdə artezian quyusunun yanına getdik. Qardaşım sahə suvardığından artezianı söndürmək üçün getdi. Özüm isə Pərvizlə bir kənarda təklikdə söhbət etdik. Söhbət mübahisəyə çevrildi və yumruqla onun çənəsindən vurdum. Bu zaman Pərviz yerə yıxıldı. Pərvizin sinəsinin üstündə oturaraq yerdə onu yumruq zərbələri ilə döydüm. Həmin vaxt Pərviz mənə müqavimət göstərmədi. Pərvizi döyməyimin səbəbi onun bacıma pis niyyətlə mesaj yazması olub. Tutduğum əməldən peşmanam”.

İş üzrə zərərçəkmiş P. Şirvanovun sözlərinə görə, qonşu kənddə tanışı olub, ona zəng edərək kələm bitkisi əkdiyini, kələmin alağını vurmaq üçün adam lazım olduğunu bildirib:

“Xalidin bacısı Elnarənin kənddə alaq vurduğunu bildim. Xalidin bacısına zəng edərək bu barədə bildirdim. Lakin o, daha alaq vurmağa getmədiyini bildirdi. Onun telefonuna mesajı səhvən göndərmişəm. Telefonunda Elnarə adlı iki şəxs olub Mesajı yazaraq başqa Elnarəyə göndərmək əvəzinə səhvən Xalidin bacısına göndərmişəm. Elnarənin nömrəsini alaq vuranlardan almışam və telefonumun yaddaşına salmışam”.

Bərdə Rayon Məhkəməsinin hökmündə qeyd olunub ki, X. Bəhramovun zərərçəkmişlə barışdığı məlum olub. Bu səbəbdən zərərçəkən ona qarşı şikayətini geri götürüb.

Hökmdə qeyd olunub ki, X. Bəhramov Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib. Lakin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad edilib, barəsində olan cinayət təqibinə xitam verilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova