Azərbaycanın dollardan imtina etməsi mümkün deyil

İQTİSADİYYAT 16 okt 2019, 16:23

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 15-də Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündəki çıxışı zamanı ABŞ dollarından imtinaya çağırıb. Prezident yerli valyutalarla ticarətə əhəmiyyət verməyin vacibliyiyni vurğulayaraq, beynəlxalq ticarətin dollar əsaslı olmasının qeyri-müəyyənlik şəraitində risklər yaratdığını qeyd edib.

 

Maraqlıdır, Azərbaycan yaxın gələcəkdə dollardan tamamilə imtina edə bilər mi? Dollardan imtina iqtisadiyyata necə təsir edə bilər?

 

Məsələ ilə bağlı Modern.az-a danışan  iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, Azərbaycan xarici ticarət dövriyyəsində dollardan tamamilə imtina edə bilməz.

 

“Dollardan imtina iqtisadi yox, siyasi bəyanatadır. Hansı ölkələr ki, Amerika Birləşmiş Ştatları ilə iqtisadi, siyasi, hərbi problemləri yaşayır faktiki olaraq belə çağırışlarınn şahidi oluruq. Bu halı biz Çinin, Rusiyanın timsalında da görmüşük. Lakin bu çağırışın praktiki olaraq yerinə yetirilməsi imkanları demək olar ki, yoxdur və ya kifayət qədər məhduddur. Çünki istənilən halda istənilən dövlətin milli valyutası ilə mübadilə edilərkən “çarpaz məzənnə” sistemindən istifadə olunur. Yəni hər iki ölkəninin məzənnəsinin dollara nisbətində qiymət müəyyənləşir. Bu zaman müqavilə bağlayan iş adamları məzənnənin tez-tez dəyişməsindən ziyan görürlər. Bizdə milli valyuta, manat çox sabitdir. Lakin bu hal başqa ölkələrdə belə deyil. Məsələn,Türkiyədə milli valyuta çox oynaqdır. Bir neçə gün əvvəl bir dollar 5 lirə 40 quruşa qədər enmişdisə, indi  hardasa bu rəqəm 6 lirəyədək qalxıb. İndi iş adamları lirə ilə müqavilə bağlayarsa, məzənnə itkilərindən necə sığortalanacaqlar? Azərbaycana gəldikdə isə bizdə xarici ticarətin 91 faizə yaxını neft, neft məhsulları və qazdan ibarətdir. Bu müqavilələr də dollar üzərindən “Futures” müqavilələri ilə bağlanılıb birjalarda müəyyənləşdirilib. Yəni Azərbaycan istəsə belə öz neftini və ya qazını manatla sata bilməz, belə bir mexanizm mümkün deyil. Bu cür siyasi bəyanatlar zamanla olub, olacaq. Yaxın illərdə belə halın gerçəkləşməsi mümkün deyil. Dünya ticarətinin 74 faizə yaxını dollarla aparılır. Bunu heç kim məcbur etmiyib, sadəcə sabit və dəyəri olan valyuta olduğundan iş adamları və ölkələr məzənnə fərqində uduzmamaq üçün dollar və avro üzərindən müqavilələr bağlayırlar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top