“Aktyor prezident seçilirsə, müğənni niyə deputat olmasın” — Millət vəkili

MARAQLI 18 may 2019, 21:45

“Komik və aktyor Vladimir Zelenski Ukraynada Prezident seçildikdən sonra müğənnilərin deputat seçilmək istəyinə nə deyə bilərəm ki?”.


Demokrat.az xəbər verir ki, bunu yeniavaz.az-a müüsahibəsində millət vəkili Rüfət Quliyev müğənnilərin deputat olmaaq istəyinə münasibət bildirərkən deyib. 


O, bildirib ki, insanlar deputat seçilməyə cəhd etməlidirlər, əgər onlar öz yaşadıqları regiondakı insanları çıxışları və vədləri ilə özlərinə cəlb edə, onlara yol göstərə bilərlərsə, bu mümkündür:


“Deputat seçilmək məsələnin bir tərəfidir. Əsas məsələ millət vəkili kimi 5 il ərzində camaat qarşısına çıxmaq, onlarla danışmaq, məsələləri izah etmək, problemlərini dinləyib həlll etməkdir. Bu isə hər kəsin bacara biləcəyi iş deyil. Bunu bacarmaq lazımdır, hansısa problemə görə müraciət edən insanın dərdinə şərik olmalısan, onu başa düşməlisən. Millət vəkili seçilmək təkcə qanunvericilik məsələləri ilə məşğul olmaq anlamına gəlmir, gərək insanlarla işləməyi də bacarasan. Çünki insanların rəğbətini qazanmaq elə də asan deyil”.


Sosial şəbəkələrdə deputatların sərt tənqid edilməsi, bəzən isə söyülməsinə münasibət bildirən R. Quliyev bunu deputatların nazirlərdən, icra başçılarından daha çox üzdə olması ilə əlaqələndirib: 


“Jurnalistlərə ən çox açıqlamanı deputatlar verirlər. Yəni əlçatan adam, üzdə olan deputatdır. Ola bilsin hansısa deputat nəyi isə səhv deyib.


Başa düşün ki, deputat göydən zənbillə düşməyib. Biz deputatlar bu cəmiyyətin yetirməsiyik. Bəzi deputatlar jurnalistlərlə çox aktivdirlər, bu da səbəblərdən biri ola bilər. 


Bir qrup deputat isə açıqlama verəndə emosional cavab verir. Avropanın özündə də deputatlar da daha çox tənqid olunurlar. İnsanların gözündə deputat hamının qarşısında məsuliyyət daşıyır və bütün problemlərə görə cavabdehdir. Bizdə deputatı xalqın nümayəndəsi kimi qəbul edirlər. Deputatın problemi həll edəcəyinə inam var. Sadaladığım səbəblər onların daha çox tənqid olunmasına gətirib çıxarır”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top