Məktəblərdə psixoloq sayının artırılmasına ehtiyac var — AÇIQLAMALAR

SOSİAL 28 noy 2021, 18:00
Məktəbin tədris və tərbiyə müəssisəsi olduğunu və vətəndaş yetişdirdiyini nəzərə alsaq, psixoloqların təhsil prosesində nə qədər əhəmiyyətli rol oynadığını və onların üzərinə çox çətin, məsuliyyətli iş düşdüyünü deyə bilərik. Nəzərə çatdıraq ki, əvvəllər bu sahəyə maraq bir o qədər olmasa da, son illər istər təhsil ocaqlarında, istərsə də digər yerlərdə psixoloji işin təşkilinə xüsusi diqqət yetirilir. Bu günlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında paytaxt məktəblərində psixoloq ştatının artırılması ilə bağlı addımlar atılacağını deyib. Qeyd olunub ki, bu sahədə boşluqlar var. 

Məktəblərdə psixoloq sayının həqiqətən də artırılmasına ehtiyac olduğunu deyən psixoloq Fərqanə Mehmanqızı “Demokrat.az”a açıqlamasında vurğulayıb ki, bu gün orta məktəblərdə psixoloq sayı həddindən artıq azdır. O, qeyd edib ki, bu da keyfiyyətli işin ortaya çıxmasına mənfi təsir göstərir: 

“Bildiyimiz kimi uşaqlar məktəbə başladıqdan sonra həyatlarına fərqlilik gəlir. İbtidai sinifi bitirdikdən sonra isə yavaş-yavaş böyüdüklərini anlayırlar. Bu onların hərəkətlərinin, davranışlarının üzərinə bir növ ağırlıq gətirir. Övladları məktəbə gedən valideynlər yaxşı bilirlər ki, tədris prosesi əvvəlki dövrlərlə müqayisədə daha da inkişaf edərək təkmilləşib. Bu halda yük şagirdlərin üzərinə düşür. Məktəb və sinif qaydalarına əməl etmək, həyəcanlı olduqlarına görə dərsi yaxşı mənimsəməmək kimi problemlər də onların yaşıdlarından geri qalmasına səbəb olur. Bunun üçün məktəblərdə olan psixoloqlar vəziyyətə vaxtında müdaxilə etməli, onlara düzgün yol göstərmələridir. Bilirsiniz ki, hər bir uşağın psixoloji durumu fərqli olur. Çox vaxt valideynlər uşağın yaşadığı problemlərdən xəbərsiz olur ki, bu da sonda ağır nəticələrə gətirib çıxarır. Hesab edirəm ki, ibtidai siniflərin və yuxarı siniflərin psixoloqları ayrı olmalıdır. Hər biri şeyi bir psixoloqun üzərinə də atmaqda düzgün deyil, çünki bu sonda keyfiyyətli işlə nəticələnməyəcək. Bundan başqa məktəb psixoloqları üçün mütəmadi kursların təşkil olunmasına ehtiyac var, çünki hər il tədris proqramları yenilənir. Bundan başqa uşaqların inkişafı, akademik dəyərləri də hər il müasirləşir. Deyərdim ki, bu gün müasir dövrün tələblərinə cavab verən uşaqlar böyüyür. Buna görə bu gün onlara uyğun da şkalalar, ölçülər götürülməlidir”.

Psixoloq Zeynəb Eyyubova isə “Demokrat.az”a açıqlamasında bildirib ki, ölkəmizdə məktəb psixoloqların təlimlərə göndərilməsinə, müasir metodlara yiyələnməsinə çox ehtiyac var. Psixoloqun sözlərinə görə, psixologiya bahalı sahədir: 

“Bu sahəni öyrənmək üçün külli miqdarda pul xərclənməlidir. Amma bunu dövlət xətti ilə etsələr, hesab edirəm ki, psixoloqlar üçün də yaxşı olar. Fikrimcə, məktəb psixoloqları mütəmadi təlimlər keçsə, test üsullarını, qrup və individual terapiyalara öyrənsələr, artıq o zaman onların nəticələri də həqiqətən müsbət olacaq. Çünki psixoloqların müasir diaqnostikalardan xəbərləri olmalıdır. Bu gün məktəblərdə problemli uşaqlarla həm qrup, həm də individual qayda da işlər aparılmalıdır. Ehtiyac duyularsa, ailəni də məktəbə dəvət etmək, ailə terapiyalarını da həyata keçirmək lazımdır. Əlbəttə ki, bu iş üçün də 1-2 psixoloq kifayət etmir. Çünki məktəblərdə mindən çox uşaq təhsil alır və bu qədər uşağa psixoloq istəsə də çata bilməz. Ona görə də, uşaqların yaxşı inkişafı və mükəmməl şəkildə onlara yanaşılması üçün psixoloqların sayı artırılmalıdır. Bunlar yerində olarsa, təhsilə maraq da artar. Uşaqların diqqətləri, yaddaşları, davranış pozuntuları düzələr. Uşaqların həyat eşqi, motivasiyası artar. Onların təlimə, məktəbə, dərs oxumağa qarşı meyilləri də çoxalar. Ona görə də bu təşəbbüsü yüksək dəyərləndirirəm”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top