"Əksər bazarlarda satılan yağların kərə yağı ilə heç bir əlaqəsi yoxdur" — AÇIQLAMA

SOSİAL 21 noy 2021, 12:54
Satışda olan yağların tərkibində müxtəlif qarışıqların olması, onların təmiz olmaması ilə bağlı məsələ tez-tez gündəmə gəlsə də, bu problem illərdir həllini tapmır. Ölkə əhalisi təmiz kərə yağı kimi əsasən “nehrə” yağı adı altında satılan məhsulları tanıyır. Ancaq belə bir fikir var ki, illər öncədən fərqli olaraq, indi “nehrə” yağı adı altında satışa çıxarılan məhsulların 90 faizi saxtadır.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, hazırda yağ bazarında çox böyük problemlər yaşanır. Onun sözlərinə görə, nehrə yağı adı altında satılan yağların əksəriyyəti saxtadır:

"İndiki milli nənələr bir az qatıq, bitki və marqarin yağını həmin nehrəyə tökürlər. Guya kərə yağı hasil edirlər. Ümumiyyətlə, rayonlardan gələn yağlarda ciddi problemlər var. Ona görə də araşdırma aparılmalıdır. Qeyd edim ki, ağ yumrulanmış, üstündə guya nənələrin barmaq izləri olan yağların, əsasən də bazarlarda satılan bu tip yağlarda nehrə yağı çox zəifdir. Yoxdur ona görə demirəm ki, “nənələr” bitki yağını və marqarinləri qatışdırırlar, guya yağ hazırlayırlar. Bu da olur, “nehrə” yağı. Bizə bununla bağlı hər həftə çoxsaylı şikayətlər daxil olur. İstehlakçıları daha çox maraqlandıran isə onun saxta olub, olmamasını müəyyənləşdirməkdir. Təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi yalnız qidanın təhlükəsizliyinə təminat verir, keyfiyyət məsələsi demək olar ki, ortada qalıb. Nə İqtisadiyyat Nazirliyi, nə də ki, Qida Təhlükəsizliyi Nazirliyi bu işə baxmır. Bu da ona gətirib çıxarır ki, insanların həyatında qida öz mənfi rolunu oynayır, o cümlədən də yağlar”. AİB sədri vurğulayıb ki, illərdir ki, yağlarla bağlı, xüsusən də xaricdən gətirilmiş yağlarla bağlı dolaşıq fikirlər var:

“2016-cı ildə Yeni Zelandiyaya səfər etmişdim. Mən orada Azərbaycana yağ göndərən şirkətin zavodunda oldum, hətta oranın kənd təsərrüfatına baş çəkdim. Gördüklərimə əsasən onu deyə bilərəm ki, orada normal yağ istehsal olunur. Heyvanlar çöllərdə otlayır, yəni az miqdarda da olsa xaricdən Azərbaycana normal yağ idxal olunur. Lakin ölkəmizin əksər bazarlarında satılan yağların kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, istehlakçının belə yağları ayırd etməsi çox çətindir. Məsələn, istehlakçı yaxınlaşır satışa görür ki, yazılıb “naturalnaya masla” fikirləşir ki, naturaldır. Ancaq bəzən onun yanında xırda hərflərlə digər bitki yağlarının qarışığı olduğu qeyd olunur, ya da ümumiyyətlə, olunmur. Yaxşı kərə yağını ayırd etməyin digər üsullardan biri də həmin yağı bərk sıxmaq lazımdır. Əgər hansı yağ əlinizə bərk dəysə, o daha çox kərə yağıdır. Əlbəttə, əridən də onun qoxusundan istehlakçı ayırd edə bilər. Lakin istehlakçının bunu ayırd etməsi, o qədər də asan məsələ deyil. Biz çalışırıq ki, marketlərdə, bazarlarda olan bu yalançı kərə yağlarını yox edək. Dünən qərb bölgəsinə getmişdim. Ümumdünya Bankı və Kənd Təsərrüfgatı Nazirliyinin dəstəyi ilə orada yeni layihə həyata keçirilirdi. Qeyd edim ki, bu yaxınlarda qərb bölgəsində təmiz yağ istehsal edən müəssisə açılacaq. Azad İstehlakçılar Birliyi müəyyən texniki köməkliklər göstərir ki, həmin müəssisə işə düşsün və saxta yağları tez bir zamanda ölkə bazarından yığışdıraq. Ümumiyyətlə, bu yağlar arzuolunan deyil. İnsanlara zərər verə bilər, çox təhlükəli də ola bilər. Çünki primitiv üsulla hazırlanır və istehlakçıları aldadırlar. Bunun üçün də gərək ölkədə effektli istehlakçı siyasəti olsun”.

E.Hüseynov istehlakçıları kənd təsərrüfatı məhsulları adı ilə satılan yerlərdən məhsul almamağı da tövsiyə edib: “ Çünki onlar qorxulu ola bilər. Ola bilər ki, kiminsə dadı ağzına xoş gəlsin. Lakin onlar baytar nəzarətindən keçmədiyi üçün təhlükəlidir, hətta bruselyoz daşıyıcısı ola bilərlər. Əlbəttə, duzlanmış pendirdə problem olmaz, çünki belə vəziyyətdə bakteriyalar ölmüş olur. Lakin süd və qatıqda problem ola bilər. Yeri gəlmişkən, bir məsələni də diqqətinizə çatdırım ki, biz Gəncə qaymağı adı ilə satılan qaymağının hələ də harada istehsal edildiyini ayırd eləyə bilmirik. Yaxud da İsmayıllı qaymaq və xamasını ekspertiziyaya verdik. İsmayıllı xaması necə düzəldilibsə, onda xamadan əsər-əlamət belə yoxdur. Ümumiyyətlə, bunların hamısı müəmmalıdır. Buna görə də istehlakçıları məhsul alarkən, ehtiyatlı olmalarını tövsiyə edərdim. Yaxşı olardı ki, mənşəyi məlum olmayan qidalar almasınlar”



Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top