Bastainfo.com saytının baş redaktoru Mustafa Hacılıya 2 il sınaq müddəti olmaqla, 5 il 6 ay şərti cəza verilib.
Demokrat.az "Azadlıq Radiosu"na istinadla xəbər verir ki, fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası belə hökm çıxarıb.
Hökmdə yazılıb ki, M.Hacılının rəhbərlik etdiyi bastainfo.com saytında Gəncə hadisələri və Mingəçevir SES-də ölkəni işıqsız qoyan qəza ilə bağlı yazılarda dövlət əleyhinə çağırış xarakterli fikirlər yer alıb. Lakin məhkəmə onun himayəsində azyaşlı övladını, üçüncü qrup Qarabağ əlili olmasını nəzərə alaraq, ona münasibətdə CM-in 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib.
M.Hacılı özünü təqsirli bilməyib. Hökmdən əvvəl son sözündə də haqqında bəraət hökmü, son 7 ayda yaşadığı iztirablara görə xüsusi qərar çıxarılmasını istəyib: «Xahiş edirəm, mənə bu məhrumiyyətləri yaşadanların cəzalandırılması üçün prokurorluğa təqdimat göndərəsiniz».
M.Hacılının vəkili Osman Kazımov AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.
Xatırladaq ki, 2018-ci il iyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı internetdə yayılan «yalan məlumatlar» və «qanunsuz çağırışlar»a dair cinayət işi qaldırıb.
Bundan sonra prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət edib.
Öncə M.Hacılı iş üzrə şahid kimi keçib. Ancaq noyabrın 30-da o, təqsirləndirilən şəxs qismində cəlb olunub. Saytda Mingəçevirdəki Su Elektrik Stansiyasında qəza və bütün ölkənin işıqsız qalması fonunda yenə də repressiyaların davam etməsi, bir də Gəncənin icra başçısı E.Vəliyevin güllələnməsi haqda iki yazıya görə M.Hacılıya qarşı 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bu ittihamlar üzrə 8 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.
M.Hacılı barəsində polis nəzarətinə götürülmə üzrə qətimkan tədbiri seçilmişdi.