Banklarda əmanətləri olan şəxsləri nə gözləyir?

MALİYYƏ 13 noy 2021, 22:09
Azərbaycan banklarında manat əmanətləri üzrə illik faiz dərəcəsi 2020-ci ilin əvvəlində 9,27, 2021-ci ilin əvvəlində isə 8,61 faiz təşkil edib. Bu il oktyabrın 1-nə olan faiz göstəricisi isə 8,54-dür. Hazırda isə manat əmanətləri üzrə illik faiz dərəcələri 6-10 faiz civarında dəyişir.

Manatla olan əmanətlər üzrə faiz dərəcəsində azalma aşkardır. Bəs bunun səbəbi nədir? 2021-ci ildə ölkədə illik inflyasiyanın, təxminən10 faiz olduğu bildirilir. Əmanət faizləri bu cür qalarsa, yaxud azalma davam edərsə, banklarda əmanətləri olan şəxsləri nə gözləyir?

Məsələ ilə bağlı “Kaspi” qəzetinin əməkdaşları araşdırma aparıblar.

İqtisadçı Rəşad Həsənov bildirdi ki, bankların aşağı faizli vəsaitlər cəlb etmələrinin bir neçə səbəbi var: "Bir səbəbi bankların vəsaitləri bazarda rahat şəkildə yerləşdirə bilməmələridir. Bu gün bankların izafi likvidliyi var və həmin vəsaitləri bazarda rahat şəkildə yerləşdirə bilmirlər. Digər tərəfdən, son 4 ildə Azərbaycanın kredit bazarında əhəmiyyətli səviyyədə kiçilmə var. Çünki sağlam, etibarlı müştəri kontingenti azalıb. 2015-ci ildəki devalvasiyadan sonra bazarda daralma var idi. Pandemiya isə bu prosesi daha da dərinləşdirdi. Bazar tam sağlamlaşmamış yeni bir problemlə üzləşdi. Nəticədə banklar vəsaitləri yerləşdirə bilmirdilər. Yerləşdirdikləri vəsaitləri isə daha çox etibarlı müştərilərə verirdilər. Onlar da daha çox iri kredit subyektləri idi. Belə subyektlər isə daha aşağı faizlərlə kredit tələbi formalaşdırır, biznes kreditləri və aşağı faizli kreditlər götürürlər. "Banklar yüksək faizli əmanəti vətəndaşlardan götürüb nə etsinlər?” sualı ortaya çıxır. Banklar Mərkəzi Bankın depozit hərraclarında, yaxud Maliyyə Nazirliyinin istiqrazlarında, qiymətli kağızlarda bu vəsaitləri yerləşdirməklə iri gəlirlər əldə edə bilmirlər”.

R.Həsənovun sözlərinə görə, faizlərin aşağı olmasını şərtləndirən başqa bir məqam isə problemli bankların çoxunun bazardan çıxmasıdır: "Adətən əmanətlərin faizləri nə vaxt artır? Ya bazarda vəsaitə ehtiyac yaranır, ya da banklarda likvidlik problemi yaşanır. Bu kimi məqamlarda problemli banklar yüksək faizlərlə bazardan əmanətlər cəlb etməyə başlayırlar. Bu da orta faizləri artırır. İndiki halda isə ötən 5 il ərzində, səhv etmirəmsə, 16 bank bağlandı. Bu isə nəticədə bazarda faiz manipulyasiyasını, problemə görə vəsait cəlb edilməsi təşəbbüslərini azaldır və dolayısı ilə də faizlərin aşağı düşməsinə gətirib çıxarır”.

İqtisadçı deyir ki, ötən 3-4 il ərzində Mərkəzi Bankın uçot dərəcəsinin 15-dən 7 faizə qədər azalması da əmanət faizlərinin düşməsinə gətirib çıxaran faktordur: "Uçot dərəcəsinin düşməsi o deməkdir ki, Mərkəzi Bankın notlarının və depozitlərinin də faizləri aşağı düşür. Dolayısı ilə bu da əmanət faizlərinin azalmasını şərtləndirir”.

R.Həsənov bildirdi ki, vətəndaş öz vəsaitini başqa aktivlərdə yerləşdirə bilmirsə, əlindəki maliyyənin dəyərsizləşməsinin qarşısını almağın yeganə yolu banka yerləşdirməkdir: "Vətəndaş passiv yığımçıdırsa, yatırım edəcəyi alternativi yoxdursa, vəsaiti evdə saxladıqda daha çox itki ilə üzləşəcək. 10 faiz inflyasiya olacaqsa, manatla əmanətlərin faizi də, təxminən 10 faiz ətrafındadır. Vəsaitləri banka yerləşdirməklə, ən azından dəyərini qoruya bilər. Evdə saxlamaqla heç bir nəticə əldə etmirlər”.

R.Həsənov qeyd etdi ki, yatırım cəhətdən Azərbaycan vətəndaşlarının seçim imkanı məhduddur: "Azərbaycanda səhm, qiymətli kağız bazarı elə də inkişaf etməyib, birja yoxdur. Qızıla investisiya yatırmaq Azərbaycanda sərf etmir. Qızılı satanda daha çox qızıl-zinət əşyası kimi təqdim edirlər, ancaq bizdən alanda sadəcə metalın qiymətini hesablayırlar. Burda da alış və satış qiyməti arasında ciddi qiymət fərqi yaranır. Qızıl-zinət əşyası kimi, təbii ki, daha baha alırıq. Satanda isə daha aşağı qiymətə götürürlər. Bu kimi məsələlər Azərbaycanda seçim imkanlarını məhdudlaşdırır. Yəni passiv sosial qruplarda çalışanlar - müəllimlər, həkimlər və başqa təbəqə nümayəndələri, vəsaitlərini digər bizneslərə yerləşdirmək imkanı olmayan şəxslərin yeganə alternativi yenə də bankdır. Ən uğursuz yığım yastıqaltı yığımdır. Azərbaycanda, xüsusilə bazar informasiyası zəif olan adamların öz vəsaitlərini əmanət şəklində banklarda yerləşdirməsi məqbuldur”.

İqtisadçı bildirdi ki, vətəndaşlar əvvəlcə bankla bağlı araşdırma aparmalı, sonra vəsaiti həmin banka etibar etməlidirlər: "Ehtiyatlı olsunlar, sığortalı əmanət yerləşdirsinlər, bankların maliyyə göstəricilərinə baxsınlar”.

Əmanət faizlərinin aşağı olmasının, insanların əllərində olan vəsaiti banklara qoymaqdan çəkindirməsi ilə bağlı fikirlər də var. R.Həsənov qeyd etdi ki, az informasiyalı cəmiyyətlərdə belə tendensiyalar müşahidə olunur: "Təcrübə göstərir ki, faizlər aşağı olduğu üçün pulu banka qoymaq əvəzinə evdə saxlayanlar da olur. Ancaq banklar üçün hazırda əmanətlərin o qədər də böyük əhəmiyyəti yoxdur. Çünki onlar vəsaitləri rahat şəkildə bazarda yerləşdirə bilmir. Banklarda izafi likvidlik var. Əgər yerləşdirilən əmanətlərin həcmində kəskin şəkildə azalma baş verəcəksə, banklar faiz dərəcəsini artıracaq. Çünki bu, bazardır. Faizlər tələb və təklif əsasında formalaşır. Faizlər də artacaqsa, bu zaman yenidən təkrar əmanətlərin cəlb olunması genişlənəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top