Elmar Məmmədyarov haradadır?

SOSİAL 31 okt 2021, 09:59

Bu dəfə çoxdandır mətbuatda görünməyən sabiq Xarici işlər naziri  Elmar Məmmədyarovun harada olduğunu öyrənməyə çalışdıq.

Elmar Məmmədyarov 2 aprel 2004-cü il tarixindən 16 iyul 2020-ci il tarixinə kimi Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsində çalışıb.

Elmar Məmmədyarov özü telefon zənglərimizə cavab verməsə də, eks-nazirin dostu olan sabiq məmurlardan onun hazırda Bakıda olduğunu dəqiqləşdirdik.

Bildirildi ki, Elmar Məmmədyarov hazırda rəsmi olaraq fəaliyyətini Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) İcraiyyə Komitəsinin üzvü kimi davam etdirir.

Eks-nazir AFFA İcraiyyə Komitəsində Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi adından təmsil olunur.

Məmmədyarov AFFA-nın ötən il keçirilən sonuncu Hesabat Seçki Konfransında İcraiyyə Komitəsinin üzvü seçilib. Onun səlahiyyət müddəti 4 ildir. Əgər özü hər hansı bir səbəbdən istefa verməsə, hüquqi baxımdan onu buradakı işindən çıxara bilməzlər.

Qeyri-rəsmi məlumatlara görə, Elmar Məmmədyarov nazir vəzifəsindən çıxarılandan sonra onun Azərbaycanı tərk etməsinə müvəqqəti qadağa qoyulub. Buna səbəb Xarici İşlər Nazirliyi (XİN)  sistemində yol verilmiş korrupsiya və mənimsəmələrə dair Dövlət Təhlükəsizliyi Xidməti və Baş prokurorluq tərəfindən aparılan istintaqdır. XİN-in bir neçə yüksək vəzifəli əməkdaşı rüşvət, korrupsiya və mənimsəmə ittihamları ilə DTX əməliyyatçıları tərəfindən həbs edilib. Hazırda onların məhkəmə istintaqı davam edir.

Yadınızdadırsa, Nazirlər Kabinetinin 2020-ci il iyulun 15-də keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyev Tovuz döyüşləri zamanı Xarici İşlər Nazirliyinin və nazir Elmar Məmmədyarovun göstərdiyi fəaliyyəti sərt tənqid etmişdi.

Prezident bildirmişdi ki, bir çox nazirlər Azərbaycan və Ermənistan ordusu arasında vuruşma baş verdiyi tarixdə - iyulun 12-də iş başında olduğu halda ona Elmar Məmmədyarovun evdən işlədiyi deyilib.


"Mən Xarici işlər nazirini tapa bilmədim",- deyən Prezident əlavə etmişdi ki, nazirin harada olması barədə Baş nazir Əli Əsədovdan soruşub. Baş nazir isə Elmar Məmmədyarovun pandemiya ilə əlaqədar nazirliyə gəlmədiyini, evdən işlədiyini bildirib.

İlham Əliyev - Sənə nə dedi? De.


Əli Əsədov: - Cənab Prezident, soruşdum, dedi ki, mən evdən işləyirəm.


İlham Əliyev: - Necə evdən işləyirəm?

Əli Əsədov: - Bəli, dedi ki, evdən işləyirəm. Mən Elmar Məmmədyarova zəng etdim. Sizin dediklərinizi ona çatdırdım, soruşdum ki, bu hadisəni sən nə vaxt eşitmisən və harada olmusan? Dedi, evdən işləmişəm. Dedim, saatbasaat mənə de, harada olmusan? Yenə dedi ki, evdən işləmişəm, günorta saat 3-də eşitmişəm..
…Mən Sizin verdiyiniz tapşırıqları ona çatdırdım, dedim ki, belə olmaz. Biz hamımız iş yerindəyik. Prosesləri cənab Prezident idarə edir. Xarici işlər naziri olaraq sən bunu, bunu, bunu et - Sizin dediyiniz tapşırıqları. Soruşdum ki, evdə niyə işləyirsiniz? Sən gəl iş yerinə, kabinetinə və s. Tapşırıq belə oldu. Ondan sonra hadisələr məlumdur.


İlham Əliyev: - Aydındır. Daha dərinə getmək istəmirəm. Bir çox şey deyə bilərəm. Hesab edirəm bu, kifayətdir. 


Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclasında Prezident hesab edib ki, Tovuz döyüşləri zamanı Azərbaycanın diplomatik fəaliyyəti səmərəli olmayıb və o, bunun günahını Xarici İşlər Nazirliyində görür.

Və bir gün sonra - 16 iyul 2020-ci il tarixində Prezidentin sərəncamı ilə Elmar Məmmədyarov Xarici işlər naziri vəzifəsindən azad edildi.


Elmar Məmmədyarov 2 iyul 1960-cı ildə Bakıda anadan olub.

1977-1982-ci illərdə Kiyev Dövlət Universitetində Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq bölməsi üzrə təhsil alıb.

1982-1988-ci illərdə Azərbaycan SSR Xarici İşlər Nazirliyində II və I katib vəzifələrində çalışıb.

1988-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında tarix elmləri namizədi olub.

1989-1990-ci illərdə ABŞ-ın Brown Universitetinin Xarici siyasətin planlaşdırılması mərkəzində çalışıb.

1991-1992-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyində Dövlət Protokolu şöbəsinin müdiri vəzifəsində işləyib.

1992-1995-ci illərdə Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyində I katib vəzifəsini icra edib.

1995-1998-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar İdarəsinin rəisi olub.

1998-2003-cü illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində müşavir olub.

2003-2004-cü illərdə Azərbaycanın İtaliyadakı Fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib.

16 il nazir vəzifəsində çalışan Elmar Məmmədyarov 2019-cu ilin iyulunda 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Eks-nazir ingilis, rus və türk dillərini bilir. Evlidir, iki oğlan övladı var./modern.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 noy 2021, 18:28
Top