DTX rəisi Əli Nağıyevin toxunduğu 4 təhlükəli məqam

SOSİAL 26 okt 2021, 19:35

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin təşkilatçılığı ilə “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, dövlət orqanlarının rəhbər əməkdaşları və Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibinin nümayəndəsi iştirak edib.

Keçirilən tədbirdə diqqətimi çəkən simalar və fikirlər barədə münasibət bildirmək istəyirəm. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin və Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibinin nümayəndəsinin iştirakı düşündürücü gəldi mənə. Amma DTX rəisinin çıxışında vurğuladığı aksentlər bu şəxslərin nəyə görə iştirakı sualına aydınlıq gətirdi. Ona görə DTX rəisi Əli Nağıyevin səsləndirdiyi 4 məqamı ön plana çıxartmaq istəyirəm.

Əvvəlcə tədbir barədə bir-iki cümlə yazım. Tədbirin əhəmiyyəti ondan ibarətdir ki, müharibədən sonra ölkədə təhlükəsizlik sisteminin gücləndirilməsi üçün ciddi maarifləndirməyə və kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Müharibədən sonra biz yeni bir dönəmə qədəm qoyduq. Qələbə sevinci ilə yanaşı biz hələ indiyə qədər vərdiş etmədiyimiz təhlükələrlə və onunla mübarizə üsullarını mənimsəməyə məcbur olduq. Tədbirdə DTX rəisi Əli Nağıyev məhz indi yazdığım yeni təhlükələrin konturlarını qeyd etdi. Bunlar hansılardır.

1. Vətən müharibəsindən sonra bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri.

2. Xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti.

3. Bəzi Azərbaycan vətəndaşlarının ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsi.

4. Və informasiya təhlükəsizliyi sahəsində baş verən cinayətlər.

DTX rəisi Əli Nağıyevin çıxışından götürdüyüm bu tezislərin hər birinin arxasında böyük bir təhlükə mənbəyi dayanır. Bu təhlükənin bəziləri indiyə qədər qarşılaşdığımız ənənəvi təhlükə metodları olsa da bəziləri Azərbaycan vətəndaşları üçün yeni sayıla bilər. Fikirlərimi uzun-uzadı izahlarla yox, konkret detallarla diqqətinizə çatdırmaq istəyirəm.

Revanşıstlər və cəsuslar

1. Vətən müharibəsindən sonra bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri.

2. Xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti.

Azərbaycanın Vətən müharibəsindən sonra üzləşdiyi real təhlükə mənbəyi revanşist erməni təxribatçıları və bölgədəki vəziyyətlə barışmayan ölkələrin cəsus şəbəkəsidir.

Müharibədən dərhal sonra Azərbaycan hərbiçiləri tərəfindən ələ keçirilən erməni diversiya dəstələri dediyimiz revanşist qüvvələrin ilk qaranquşları hesab etmək olar. Rusiya sülhməramlılarının nəzarəti altında olan bu diversiya dəstələrinin həbsi göstərdi ki, erməni revanşistlərinin atdığı addımlar Azərbaycanın güc strukturları tərəfindən ciddi nəzarət altındadır. Yadınızdadırsa həmən hadisədən sonra DTX rəisi Əli Nağıyev dərhal Şuşaya (bilmək olmaz bəlkə də Xankəndinə) gedərək sülhməramlıların komandanı general Rüstəm Muradovla görüş keçirdi. Düzdür görüşün detalları mətbuata sızdırılmadı. Amma sonrakı və bu günkü prosesslər göstərir ki, rus sülhməramlıların komandanı qarşısında konkret tələblər qoyulub ki, erməni separatçılarının və revanşistlərin atacağı hər bir addıma dərhal sərt reaksiya veriləcək.

Və verildi də.

Keçən ay Şuşada Azərbaycan əsgərinin snayperlə vurulması müqabilində Xankəndi xəstəxanasına yerləşdirilən erməni leşlərini misal göstərmək olar. Ardınca hələlik Xankəndində oturan erməni separatçılarının lideri Araik Arutunyanın “bütün erməni silahlı dəstələri buraxılacaq” bəyanatı göstərir ki, Qarabağda və ümumiyyətlə Ermənistanda revanşist əhval-ruhiyyədə olan qüvvələr zərərsizləşdirilir. Bu addımı atmağa isə təbii ki, Prezident İlham Əliyevin ardıcıl və sərt addımları və Azərbaycanın güc strukturları məcbur etdi.

Bölgədə fəaliyyət göstərən cəsus şəbəkəsinə gəldik də isə bu məsələdə də qarşı tərəfin fəaliyyətinə DTX kifayət qədər adekvat addımlarla cavab verir. Yadınızdadırsa müharibədən sonra ABŞ, Fransa, Rusiya və Yaxın Şərqdən gələn erməni muzdularının ifşa edilməsi, hətta həbs edilərək Azərbaycan məhkəməsi qarşısına çıxardılaraq mühakimə edilməsi, Azərbaycan xüsusi-xidmət orqanlarının gərgin əməyi nəticəsində baş verdi. Amma son günlər baş verənlər göstərir ki, bölgədə tək ermənilərə məxsus cəsus şəbəkəsi fəaliyyət göstərmir. Həmçinin öz maraqlarını Ermənistanın maraqları ilə uzlaşdıraraq fəaliyyət göstərən İran cəsus şəbəkəsi də ciddi təhlükə mənbəyidir. Bölgədə yeni reallığı qəbul etməyən İran əvvəlcə Azərbaycandan kənar bir başa Xankəndinə yardımlar etməklə öz mövqeyini ortaya qoydu. Bu addımın Respublika Prezidenti İlham Əliyevin sərt təpkisi ilə qanuni yolla qarşısı alındı. Ardınca İran Azərbaycanla sərhəddə hərbi təlimlərə start verərək rəsmi Bakını hərbi güclə qorxutmağa çalışdı. Amma bu addımı da keçərli olmadı. Təpki tək rəsmi Bakıdan yox, Ankara, Moskva və İslamabaddan da gəldi. Bölgədə təkləndiyini anlayan İran hərbə-zorba taktikasından da əl çəkməyə məcbur oldu. Növbə ölkə daxilində yetişdirdiyi cəsus şəbəkəsi vasitəsi ilə dini və etnik qarşıdurma yaratmaq cəhdinə gəldi. Azərbaycan tərəfinin dəfələrlə diplomatik vasitələrlə xəbərdarlıq etməsinə baxmayaraq İran Azərbaycanda illərlə yaratdığı hücrələrini de-aktiv etmədi. Əksinə təxribatları yeni müstəviyə keçirdi. Növbə yenə DTX-a çatdı. Son bir ildə aparılan profilaktik tədbirlərə rəğmən ölkədə dini fəaliyyətlə məşğul olduqlarını iddia edən qüvvələri islah etmək mümkün olmadı. Və məcburi addımlar atıldı. Çünki ortada dövlətin milli təhlükəsizlik məsələsi durdu. Son 1 həftə ərzində həbs edilən “dindar” ların kimliyi göstərir ki, İran cəsus şəbəkəsi Azərbaycanın dini elitasının ən populyar təbəqəsinə qədər gedib çıxa bilib. Amma İran xüsusi-xidmət orqanları bir şeyi nəzərə almadılar ki, bu ölkənin cəsus şəbəkəsi ilə mübarizədə Azərbaycan tərəfinin təcrübəsi var. 90-cı illərin sonlarına yaxın Azərbaycanda onlarla İran cəsus həbs edildi və yaxud ölkədən çıxardıldı. Və tarix təkrar olunur. Bu gün DTX tərəfindən eyni üsulla mübarizə aparılır. Təhlükə qalsa da nəticə göz önündə.  

Qanunsuz silahlı birləşmələrin “əsgər”ləri

3. Bəzi Azərbaycan vətəndaşlarının ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsi.

DTX rəisi Əli Nağıyevin “bəzi Azərbaycan vətəndaşlarının ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsi” fikrinə də münasibət bildirmək istəyirəm. İndiyə qədər Azərbaycan vətəndaşlarının ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşularaq, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsi faktlarına kütləvi iki halda rast gəlmişik.

Birincisi İŞİD-ə bağlı qüvvələrin tərkibində döyüşən azərbaycanlılar.

İkincisi “Hizbullah”a bağlı qüvvələrin tərkibində hərbi təlimlər keçən azərbaycanlılar.

Digər faktlar da var. Məsələn Suriyada YPG-nin və Əfqanıstanda “Taliban” hərəkatının tərkibində döyüşənlər olub. Amma bunlar individual xarakterli daşıyıb. Təəsüf ki, İŞİD və “Hizbullah” məqsədli və ardıcıl şəkildə vətəndaşlarımızı bu terror təşkilatlarına cəlb ediblər.

 İndiyə qədər İraq, Əfqanıstan və Suriyada İŞİD-ə bağlı qüvvələrin tərkibində döyüşən radikal vəhhabi dini təriqətinə məxsus azərbaycanlıların ifşa edilərək həbs olunması hallarına dəfələrlə rast gəlmişik. Düzdür çoxluq təşkil etməsə də bu cür şəxslər Azərbaycana geri qayıdandan sonra həbs edilərək mühakimə edilməsi faktları olub. Əsasən də əvvəllər Əfqanıstanda, sonralar isə Suriyada döyüşən azərbaycanlılara qarşı DTX dəfələrlə əməliyyatlar keçirib və həbslər aparıb. Amma İŞİD terror təşkilatına üzv olan azərbaycanlıların ölkəmizdə hər hansı bir hərbi fəaliyyəti barədə məlumatlar olmayıb. Nə ediblərsə Azərbaycan hüdudlarından kənarda ediblər. Azərbaycanda isə xaricdə qanunsuz hərbi birləşmələr, terror qruplaşmaların tərkibində döyüşdükləri üçün həbs ediliblər. Bildiyiniz kimi bu məsələ Azərbaycan Cinayət Məcəlləsində təsbit olunub. Başqa ölkədə olsa belə terror, qanunsuz hərbi birləşmələrin tərkibində döyüşən şəxslər cinayət məsuliyyətinə cəlb edilir.

O ki, qaldı İrana bağlı “Hizbullah” təşkilatının tərkibində hərbi hazırlıq keçən azərbaycanlılara, bu fakta Gəncə hadisələrində rast gəlindi. İlk dəfə olaraq “Hizbullah” təşkilatının hərbi düşərgələrində təlim keçən şəxs Azərbaycanın yüksək rütbəli məmurlarına qarşı terror aktı törətdi. Və Gəncə hadisələri vaxtı Azərbaycan polisinin yüksək rütbəli əməkdaşları vəhşicəsinə qətlə yetirildi. Bildiyim qədər bu İrana bağlı “Hizbullah” təşkilatını Azərbaycanda ilk əməliyyatı idi.

Müharibədən sonra İranla münasibətlərdə yaranan gərginlik bu təşkilatın adını yenidən gündəmə gətirdi. Hətta İrana bağlı mətbu orqanlar Azərbaycanda “Hizbullah” təşkilatının hücrələrinin olduğunu və bu hücrələrdə kifayət qədər hazırlıqlı döyüşcülərin yetişdirildiyi bildirildi. İslam İnqilabı Keşikçiləri Korpusunun Suriya və Livanda “Hizbullah” qüvvələrinə təlim keçdiyi artıq heç kimə sirr deyil. Mətbuatda gedən məlumatlara görə İran düşərgələrində ekstremist ideyalara meylli olan gənc azərbaycanlılardan yeni bir “Hizbullah” yaratmaq üçün ciddi iş aparılır. Bu məlumatların ardınca iranlı general Azərbaycanın adını çəkməsə də 6 xarici ölkədə qanunsuz hərbi birləşmələr yaratdıqlarını rəsmən təsdiq etməsi çox ciddi mətləblərdən xəbər verdi. Təbii ki, bu siqnallar ciddi təhdid xarakterlidir və Azərbaycan xüsusi-xidmət orqanlarının diqqətindən yayına bilməzdir. Çox gumanki “Milli təhlükəsizlik” mövzusunda keçirilən tədbirdə DTX rəisi Əli Nağıyevin bəzi vətəndaşlarımızın ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsi fikrini də məhz əldə edilən əməliyyat məlumatlarının ciddilik əmsalının yuxarı olması ilə bağlı səsləndirdi.

İnformasiya savaşı

4. İnformasiya təhlükəsizliyi sahəsində baş verən cinayətlər.

Ölkənin informasiya təhlükəsizliyi sahəsində ən böyük problemi sosial şəbəkələrdir. Tək bizim yox. İstənilən ölkənin baş ağrısı Sosial Media dediyimiz şəbəkələrin ilk baxışdan xaotik fəaliyyətidir. Əslində isə Sosial Media hörümçək toru prinsipi ilə işləyir. Kimin toru cəlbedici və daha şirəlidirsə vətəndaş ora daha tez düşür və idarə olunan obyektə çevrilir. Bu baxımdan Sosial Mediada vətəndaşların fəaliyyətinə nəzarət etmək çətinlik törədir. Vətən müharibəsində və sonralar aparılan informasiya savaşı buna sübutdur. Son bir aydır Sosial Mediada İrana bağlı qüvvələrlə o cümlədən Azərbaycandan olan trollarla aparılan mübarizə göstərdi ki, bu sahədə ciddi boşluqlar var. Onların təsiri altına düşən cahil təbəqə din adı altında sözün həqiqi mənasında mənəvi təzyiqə məruz qalır. Əslində Azərbaycanın ideoloji sahədə də mübarizə aparmaq təcrübəsi var. FETO qruplaşması ilə aparılan mübarizəni misal çəkmək olar. Türkiyənin dəstəyi ilə fetoçularla aparılan mübarizədə ciddi nailiyyət əldə olunsa da hələ tam qələbə çalındığını söyləmək də tezdir. Çünki bu qüvvələr tək mediaya yox, təhsilə, iqtisadi və siyasi sferaya da ciddi nüfuz ediblər. Və hələ də onalrın tör-töküntüləri var. Amma ideoloji propaqandanın bir qolu olan Sosial mediada mübarizə aparmaq təcrübəmiz təəsüf ki, zəifdir. İllərdir Əli Həsənov kimi məmurlar bu sahədə düşmənlərə qarşı yox, öz şəxsi maraqları naminə dövlətin resurslarını xərcləyiblər. Ona görə də bu gün Sosial Mediada xarici qüvvələrin təsir gücünü neytrallaşdırmaq çox çətin olub. Bu baxımdan yeni yaradılan MEDİA agentliyi o cümlədən Türkiyə-Azərbaycan birgə media platforması bu sahədə irəliləyişlərin olacağına ümidi artırır. Həmçinin hüquq-mühafizə orqanlarının o cümlədən DTX-nın bu sahədə apardığı işlərin effektivliyi hiss olunacaq dərəcədə görsənməkdədir. Bütün hallarda İnformasiya savaşında Sosial medianı görməzdən gəlmək yalnışlıq olardı. Əksinə bu sahədə mübarizəni daha peşəkar formada aparmaq lazımdır. Bunun üçün tək sərt inzibati tədbirlərin effekt verəcəyini söyləmək düzgün olmazdı. Bu mübarizəni parelel olaraq daha çox media üstündən, peşəkar jurnalistlərin ardıcıl fəaliyyəti nəticəsində aparmaq lazımdır.

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

Şöhrət El-Dəniz

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top