"Füzuli aeroportu Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə töhfə verəcək"

GÜNDƏM 26 okt 2021, 14:21
“İşğaldan azad edilmiş ərazilərimizdə inşa edilən ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanı cəmi 9 ay ərzində quruldu və sınaq uçuşları həyata keçirildi. Bu gün isə hava limanının rəsmi açılış mərasimi reallaşır. Füzuli Beynəlxalq Hava Limanı ermənilər tamamilə dağıdılmış və xarabağılığa çevrilmiş şəhərdə inşa edilən aeroportdur. Bu da hava limanının xüsusi özəlliklərindəndir. Bununla belə, artıq Füzuli şəhəri də inşa edilir və yaxın illərdə şəhərdə ilkin məskunlaşma olacaq”. 

Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün bu gün Azərbaycana nəzərdə tutulan səfəri barədə deyib.



Deputat qeyd edib ki, ilkin məskunlaşmadan sonra hava limanın əhəmiyyətini daha da artacaq:

“Füzuli şəhəri məskunlaşanadək də hava limanı öz fəaliyyətini həyata keçirə biləcək. Əvvəlla, Füzuli şəhərini Şuşa ilə birləşdirəcək Zəfər Yolu da hazırdır və bu, o deməkdir ki, xarici və yerli nümayəndələr hava limanı vasitəsi ilə Azərbaycanın mədəniyyət paytaxtına səfər edə biləcəklər. İkincisi, Füzuli Hava Limanı hər növ təyyarələri qəbul etmək imkanına malikdir. Bərpa olunan Qarabağda yükdaşımaların əhəmiyyətini nəzərə alsaq, hava limanı prosesə xüsusi töhfə vermiş olacaq”.

Deputat bildirib ki, Füzuli Hava Limanı Qarabağımızın Azərbaycan iqtisadiyyatına re-inteqrasiya baxımından vacibdir:

“İşğaldan azad olunan ərazilərimiz bərpa və yenidən qurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. Bu əlavə 5 milyard manatda artıq yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan çox yaxın gələcəkdə Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top