Hamilə arvadını dənizdə boğan şəxs danışdı —Təfərrüat

SOSİAL 15 okt 2021, 22:11
Sumqayıtda hamilə arvadını dənizdə boğan şəxs məhkəmədə cinayətin təfərrüatlarını danışıb.

“Kriminalqafqaz” xəbər verir ki, hadisə ötən ilin avqustunda baş verib. 35 yaşlı Anar Əhmədov həyat yoldaşı Şəhanə Əhmədovanı aralarında yaranan mübahisə sonrası suda boğub.
Məhkəmədə dindirlən A.Əhmədov ifadəsində birinci dəfə Ş.Əhmədovanın ona hamilə olduğu haqda məlumat vermədiyini, sonra isə həyat yoldaşının hamilə olmasından xəbərdar olduğunu deyib:

“Şəhanə, mən, anam və bacımla birgə yaşayırdıq. İki qızımız var. Şəhanə ilə həmişə mübahisələrimiz olurdu. İkimiz də qısqanc idik. Bir dəfə onu rayonda toy məclisində çox kişi olduğu üçün çadıra getməyinə icazə vermədim. Evə gələndə anamla dalaşıb onu döymüşdü. Mənlə tez-tez qonşuluqda yaşayan Elnarə adlı qadına görə dalaşırdı. Hər dəfə deyirdi ki, ona salam vermə. Mən də Şəhanəyə görə Elnarə ilə salamı kəsmişdim. Tez-tez dənizə getdiyim üçün mənlə dalaşırdı, mən də onu və qızlarımı hər dəfə dənizə gedəndə özümlə aparırdım. Şəhanə hər gün mənlə dalaşırdı ki, ayrı yaşayaq, həmişə anamla və bacımla mübahisə edirdi”.

A.Əhmədov bildirib ki, hadisə vaxtı axşam dənizdə çimirmişlər: “Mənə boşanmaq istədiyini, artıq bu cür münasibətin davam edə bilməyəcəyini deyirdi. Tez-tez də anasının onun boşanmağını dəstəklədiyini, əgər boşansa, uşaqları da götürüb anası ilə yaşayacağını deyirdi. Mən Şəhanəyə ondan boşanmayacağımı dedikdə mənə etiraz etdi. Mən uşaqların tək onun olmadığını dedikdə, mənə “qarnımdakı uşaq səndən deyil” dedi. Mən də hirslənib onu qorxutmaq üçün başını suya saldım. Suyun içərisində çabalayırdı, düşünməmişdim ki, ölər. Məqsədim onu öldürmək deyildi, peşmanam”.

Məhkəmədə ifadə verən polis əməkdaşı A.Əhmədovun Ş.Əhmədovanı boğduqdan sonra ətrafa arvadının itkin düşməsi ilə bağlı məlumat yaydığını deyib: “Ətrafda araşdırma aparan zaman bəzi şübhəli nüanslarla qarşılaşdım. İşıqlı əraziyə keçəndə onun üzündə və əllərində dərin cızıqların olduğunu gördüm. Bu cızıqların harada baş verdiyini soruşanda Anar uşaqların etdiyini dedi. Lakin cızıqlar çox dərin olduğu üçün onun əynindəki köynəyi çıxarmasını tələb etdim. Anar köynəyi çıxaran zaman onun bədənində çox ciddi cızıqların olduğunu gördüm. Səbəbini soruşduqda Anar hadisəni etiraf etdi və dedi ki, Şəhanənin hamilə olduğunu bilmirdi. İstintaq zamanı qadının 5 aylıq hamilə olduğu məlum oldu”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Anar Əhmədov 16 il müddətinə azadlıqdan məhrum edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top