Azərbaycan daha böyük ekoloji problemlərlə üzləşə bilər — RƏYLƏR

SOSİAL 06 okt 2021, 20:16
Gündəmin dəyişməz mövzularından biri də ətraf mühitin çirkləndirilməsidir. Azərbaycanın ekologiya mühitində olan problemlər barədə zaman-zaman müzakirələr aparılsa da, həll yolları göstərilsə də, problem bir növ həll olunmamış qalır. Xüsusilə, ağacların kütləvi şəkildə qırılması, Xəzər sahillərinin çirkləndirilməsi, su çatışmazlığı, bölgələrdə ekoloji tarazlığın pozulması əsas problemlər kimi narahatlıq doğurur. 

Məsələ ilə bağlı Demokrat.az-a danışan ekoloq, Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanov bildirib ki, dünyada müxtəlif ekoloji problemlər var, bunlar qlobal məsələlər hesab edilir, Azərbaycanda isə fərqli sahələrdə ciddi problemlər müşahidə olunmaqdadır:

“Azərbaycanın əsas ekoloji problemləri məişət sularının Xəzərə axıdılması, meşə ərazilərinin məhv edilməsi, Aran bölgələrində şoran torpaqların artmasıdır. Kənd təsərrüfatının inkişaf etdirilməsində, ekoloji cəhətdən təmiz qida məhsullarının əldə edilməsi əsas məsələlərdəndir. Bu istiqamətdə müəyyən işlər görülüb, lakin hələ görüləsi işlər də çoxdur. Torpaqların şoranlaşmasının qarşısının alınması, meliorativ tədbirlərlə yenidən əkin sahələrinə çevrilməsi hazırda Azərbaycanda görülməsi lazım olan işlərdir. 

Digər vacib məqam isə içməli suya olan tələbatın ödənilməsidir. Azərbaycanda suların 2/3 hissəsi transsərhəd çayların hesabına formalaşır. Bu çayların miqdarı Azərbaycanın suya olan tələbatını tam ödəyə bilmir. Buna görə də, əlavə vasitələrdən istifadəni üstün tutmalıyıq ki, yay aylarında həm içməli suya olan tələbatın, həm də əkin sahələri üçün su ehtiyacının ödənilməsi mümkün olsun. Bu sahədəki vəziyyət göründüyündən daha pisdir. Gürcüstanda aqrar sahə inkişaf etsə, bu, Gürcüstan tərəfindən Kür suyunun 30-35 faizinin istifadə edilməsi demək olacaq. Bu halda, Azərbaycan daha böyük problemlə üzləşə bilər. Kənd təsərrüfatının suya olan tələbatını ödəmək üçün bizim imkanlarımız daha çoxdur və bu imkanlardan istifadə etməliyik”.

Professorun sözlərinə görə, digər əsas problem Bakıda ekoloji cinayətin baş verməsidir:

“Bakıda atmosferin çirkləndirilməsinin 60 faizi nəqliyyatın üzərinə düşür. Hazırda daha müasir texnologiyalardan istifadə olunur, zavod və fabriklərdən buraxılan zəhərli qazların miqdarı daha azdır. Lakin nəqliyyat vasitələri barədə eyni fikri demək olmur. Digər əsas məsələ isə bitki örtüyünün məhv edilməsi ilə bağlıdır. Xüsusilə, Bakı kimi sıx və nəqliyyatın çox olduğu şəhərdə meşələrin, yaşıllıqların məhv edilməsi böyük fəsadlara gətirib çıxarır. Otlar onun üzərinə düşən günəş enerjisinin 0,3 faizini mənimsəyir, onu yaşıl kütləyə çevirir, həm də fotosintez prosesində oksigen ifraz edir. Amma meşələr otlardan fərqli olaraq, üzərinə düşən enerjinin 10 dəfə daha çoxunu – 3 faizini istifadə edir. Ağaclar, otlar olmasa canlı mühit olmaz. Azərbaycanda quru ərazinin təxminən 12 faizi meşə örtüyünə sahibdir. Dünya üzrə bu rəqəm 30 faiz, Rusiyada isə 50 faizdir. Azərbaycan dünya ölkələri arasında ən az oksigen ifraz edən yaşıl kütləyə sahib olan ölkədir”. 

“Həmçinin, keçmiş işğalda olan ərazilərdə ermənilər onminlərlə hektar ərazidə meşə sahələrini məhv ediblər. Həmin ərazilərdə meşələrin bərpa edilməsi prioritet məsələdir. Bu meşələri bərpa etmək üçün isə təxminən 40-50 il vaxt lazımdır” - deyə ekoloq bildirib.

“Rüzgar” Ekoloji Cəmiyyətinin sədri, professor İslam Mustafayev saytımıza açıqlamasında ətraf mühitin çirkləndirilməsinin günümüzün əsas problemlərindən olduğunu qeyd edib:

“Xüsusilə, Xəzər dənizi ilə bağlı regional problemlər, səhralaşma, iqlim dəyişiklikləri ilə bağlı su çatışmazlığının yaranması, suyun rasional istifadə edilməməsi ilə bağlı çaylarda və Xəzərdə duzlaşma əsas məsələlərdəndir. Bitki örtüyünün məhv edilməsi, ağacların qırılması ilə bağlı Abşeronda ciddi problemlər var”.

“Nəqliyyat sektorundan böyük miqdarda – 84 faizə qədər tullantılar atmosferə buraxılır. Bu məsələlərin həlli ilə bağlı müxtəlif dövlət proqramları nəzərdə tutulsa da, deqradasiya prosesi çox sürətlə baş verir. Ona görə də, təcili olaraq bu istiqamətdə tədbirlər görülməlidir” - deyə professor vurğulayıb. 

İ.Mustafayevbildirib ki, işğaldan azad olunan ərazilərdə də ciddi relyef dəyişkənliyi olub:

“Bölgələrdə ekoloji tarazlığın pozulması hər zaman olub, indi də baş verməkdədir. Ayrı-ayrı bölgələrdə müxtəlif problemlər var. Məsələn, Kür çayında çirklənmə qonşu dövlətlərdə çayın çirkləndirilməsi ilə bağlıdır. Hazırda əsas problem işğaldan azad edilən ərazilərlə bağlıdır. Bu ərazilərdə meşələrin qırılması, döyüş əməliyyatlarının aparılması ilə nəticəsində həmin bölgələrdə relyef pozulub. Mərkəzi Aran bölgələrində, Kür-Araz ovalığında su çatışmazlığı səbəbilə səhralaşma prosesi davam edir. Bu məsələlərin həllinə ciddi yanaşmaq lazımdır”.

Aygül Qarayeva
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top