Qarabağa getmək istəyənlər Azərbaycandan icazə almalıdır — YAZI

SOSİAL 30 sen 2021, 10:58
30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan, son vaxtlar yeni torpaq, ərazi iddiası ilə durmadan təmas xəttlərimizi atəşə tutur, təxribatlar törədirdilər. Törətdikləri bütün bu təxribatlardan məlum olurdu ki, Ermənistan Azərbaycan torpaqları hesabına öz ərazisini yenidən artırmaq üçün müharibəyə hazırlaşır. Buna isə bütün beynəlxalq qurumlar göz yumurdu.

Bir neçə dəfə beynəlxalq sanksiyalar verildi, lakin bu cür beynəlxalq sanksiyalar müharibənin qarşısını almaq üçün Ermənistana ciddi təzyiq göstərmədi.

Dünya miqyasında ən güclü olkələr sayılan, Minsk qrupuna həmsədrlik edən üç dövlət Beynəlxalq Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Odur ki, beynəlxalq vasitəçilər bu müharibəyə, bu işğala istənilən vaxt Ermənistan tərəfə sanksiya verərək son qoya bilərdilər. Lakin bunu etmək istəmədilər və etmədilər.
Beynəlxalq təşkilatlar bu 30 il müddətində Ermənistana lazımınca təzyiq göstərsə idilər, onlar işğal etdikləri Azərbaycan torpaqlarından qeyri şərtsiz çıxar və bu qanlı müharibəyə ehtiyac olmazdı. Azərbaycan isə 10 illərlə Ermənistana qarşı olacaq bu haqlı təzyiqi gözlədi.

Bu sanksiyalar Ermənistan üçün böyük çətinliklər yaşadacaqdı və onlar bu çətinliklərə tab gətirməyərək, məcbur olub işğal etdikləri Azərbaycan torpaqlarını tərk edəcəkdilər. Beynəlxalq qurumlar isə bu sanksiyanı Ermənistana tətbiq etmədilər. 

Azərbaycan həmişə sülhün tərəfdarı olub. Azərbaycan Prezidenti və Azərbaycan xalqı müharibə istəmir. Xalqımız ölümün, qırğının, insan faciəsinin əleyhinədir. Ermənistan isə sülh yolu ilə torpaqları qaytarmaq niyyətində deyildi. Əksinə, yeni ərazilər iddiası ilə təmas xəttlərini daim atəşə tutur, mülki insanlara zərər verməkdən çəkinmirdi. Atəşə tutduqları ərazilərdə yaşayan sakinlərin buna tab gətirməyib, qorxaraq evlərini tərk edəcəklərini düşünürdülər. Lakin bu ərazilərdə yaşayan əhali öz doğma yurd-yuvasını tərk etmək niyyətində deyildi. Bütün bu çətinliklərə sinə gərərək əhali gündəlik həyatı ilə məşğul olurdu.

Son vaxtlar isə ermənilərin Azərbaycana qarşı təxribatları daha da genişlənmişdi. 2020-ci ilin iyul ayında təmas xəttləri intensiv atəşə tutulmuş, genişmiqyaslı təxribatlar törədilmişdi. Bu təxribatlar nəticəsində 13 nəfər mülki əhali və hərbçi həlak olmuşdu. 

2018-ci ildə Ermənistanda rəhbərlik dəyişdi. Yeni gələn rəhbərlik öz əhalisini düşdüyü çətin iqtisadi vəziyyətdən çıxartmaqdansa, Azərbaycandan yeni torpaqlar qopararaq erməni xalqının qarşısında özünə qəhrəman reputasiyası qazanmaq fikrində idi. Bir sıra acgöz, vəhşi erməni də onu alqışlayaraq “Böyük Ermənistan” xülyası  ilə onlara öz torpaqlarında yer verən azərbaycanlılara qarşı yenidən qətliyam törədərək Bakıyadək gələcəklərindən, bütöv Azərbaycana sahib olacaqlarından əmin idilər. Odur ki, Ermənistanın başına keçən yeni rəhbərlik heç bir danışıqlara əhəmiyyət vermədi. Çöx savadsız, məsuliyyətsiz davranışları ilə danışıqları iflic etdi.

Ermənistan tərəfinin belə açıq-aşkarcasına danışıqlara məhəl qoymayaraq, mane olması ilə bağlı ATƏT-n Minsk qrupu Azərbaycana qarşı daha cəsarətli müsbət addımlar atmalı olduğu halda, bu hadisələrə kənardan müşahidəçi kimi yanaşmağı daha üstün tutdu.

Azərbaycan illər boyu bu müharibənin qarşısını almağa çalışaraq, sülh yolu, danışıqlar yolu ilə bu münaqişəni həll etmək istədi. Odur ki, İkinci Qarabağ müharibəsinin başlamasında məsuliyyəti Ermənistan tərəf  daşıyır.

 Hal-hazırda müharibədən sonrakı dövrdə də Azərbaycan Minsk qrupunun heç bir fəaliyyətini görmür. ATƏT-in Minsk qrupu müharibədən əvvəlki dövrdə də yalnız danışıqlar vaxtı gəlir və danışıqların hansı mövzuda gedə biləcəyi barədə mülahizələr yürüdür, hansı məsələlərin müzakirə olunması barədə təkliflər verirdilər.

Artıq müharibə sona yetib. Bu bir il ərzində də Minsk qrupu tamamilə fəaliyyətsizdir. Heç bir danışıqlar aparmır və heç bir təklif vermir.

Ötən 30 il ərzində də Minsk qrupunun fəaliyyəti o vəziyyətdə idi ki, sanki Azərbaycanın 20 faiz torpaqlarının ermənilər tərəfindən işğal olunmasını bilmir və bu barədə heç bir çiddi tədbir görmürdü.

30 il sürən bu uzun müddət ərzində cəmi 2 dəfə təkrarlaşdırıcı missiya göndərildi və məruzə hazırlandı. Bu məruzədə ermənilərin bütün cinayətləri göstərilirdi. Sonuncu belə missiya isə düz 10 il əvvəl olmuşdu.

Ermənilər torpaqlarımızın işğal altında olduğu dövrdə durmadan bu yerlərdə məskunlaşma işi aparırdılar. Onlar Suriyadan, Livandan və başqa yerlərdə ağır vəziyyətdə yaşayan erməniləri Qarabağ və ətraf rayonlarda yerləşdirirdilər. Ermənilərin bu özbaşınalıqlarına görə Azərbaycan Minsk qrupuna və başqa beynəlxalq qurumlara dəfələrlə müraciət etsə də buna ciddi əhəmiyyət verilmədi. Bu özbaşına məskunlaşdırma isə hərbi cinayət hesab olunurdu.

Respublika Prezidenti Cənab İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsi başa çatdı. “Dağlıq Qarabağ” adlı inzibati  ərazi yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var. Belə olan halda Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortaya çıxmalıdır.

Ermənistan təbliğatının qərəzli və yalan açıqlamaları yeni münaqişələrin yaranmasına yönəlib. Ermənistan ordusunun Rusiya tərəfindən pulsuz silahlandırılması ilə bağlı məlumatlar Rusiya tərəfindən təkzib olunub və yetərincə dəqiq cavab verilib. Bu məsələ artıq gündəlikdən çıxarılıb. Ortalığa atılan bu yalan çox böyük yanlışlıq və məsuliyyətsizlikdir. Erməni lobbisi hər gün, müntəzəm olaraq çalışır ki, Rusiya-Azərbaycan münasibətlərində bir çat yaransın. Onların gündəlik peşəsi Azərbaycanı ləkələmək, Rusiya mediasında Azərbaycan haqqında mənfi imic yaratmaq, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaqdır.

Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksək münasibətlərdir. Ermənistanın mənfur təbliğat cəhdləri onlara uğur gətirməyəcək”.

Ermənistan dövləti Kapitulyasiya aktını imzaladıqda öz üzərinə öhdəliklər götürdü. Onlar artıq bu öhdəlikləri yerinə yetirməli, işğal etdikləri Azərbaycan torpaqlarını tərk etməli idilər. Müharibə qurtarandan sonra 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonları boşaldıldı və öz tarixi sahiblərinə qaytarıldı.

 Azad olunmuş ərazilərdə artıq bərpa-quruculuq işləri gedir. Bunun üçün bütün güclər səfərbər edilib.Yollar çəkildi, bölgə elektriklə, su ilə təmin olundu. Hətta bu quruculuq işlərində iştirak etmək üçün Azərbaycan ərazisində, doğma Qarabağımızda yaşayan bir sıra ermənilər Şuşada yerləşən hərbi hissəmizə  müraciət ediblər. Azərbaycan ərazisində yaşayan ermənilər də Azərbaycan vətəndaşı hesab olunur. Qarabağda 25 min erməni yaşayır, gələcəkdə onlar da işlə təmin olunacaqlar.

Ərazilərdə quruculuq işləri yəqin qısa müddətdə başa çatacaq və uzun illər vətən həsrəti ilə yaşayan qaçqın və köçkünlərimiz öz yurd-yuvalarına, doğma, əbədi torpaqlarına yerləşəcəklər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Müharibə başa çatandan təxminən 15-20 gün sonra Ermənistandan sülhməramlı qüvvələrin məsuliyyətində olan ərazidən – Laçın dəhlizindən azad edilmiş torpaqlara 62 nəfərdən ibarət təxribat qrupu göndərildi. Bu, 10 noyabr Bəyanatından tam ziddir. Azərbaycan ordusu onları zərərsizləşdirdi və onlar həbs olundular. İndi onlara hərbi əsir deyirlər. Müharibə bitdi, noyabrın 10-da  Bəyanat imzalandı. Ondan sonra göndərilənlər hər hansı bir hərbçi təxribat qrupunun üzvü kimi təsbit edilməlidir.

Ümumilikdə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti müsbət qiymətləndirilə bilər. Bizim narazılığımız da var, iradlarımız da var – ilk növbədə, xarici vətəndaşların ərazimizə qanunsuz olaraq gəlməsi ilə bağlıdır. Azərbaycan rəsmi olaraq dəfələrlə bu məsələni qaldırmışdır. Qarabağ bizim ərazimizdir və bizim icazəmiz olmadan o bölgələrə heç bir xarici vətəndaş, yaxud da ki, avtomobil daxil ola bilməz, bizdən icazə alınmalıdır”.
Şəhla Ağbulud

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top