"İran Azərbaycana problemlər yaratmağa çalışdıqca, əslində özünə ciddi problemlər yaradacaq" — Partiya sədri

GÜNDƏM 29 sen 2021, 12:18
“İran bu cür bəyanatları və “İran Respublikası öz sərhədləri yaxınlığında sionist rejimin varlığına dözməyəcək” kimi fikirləri Azərbaycana qarşıdır və bu açıqlamalar təəccüb doğurur. İlk növbədə ona görə ki, Azərbaycanda sionist rejim yoxdur. Azərbaycanda xalqın yüksək səviyyədə etimad göstərdiyi, inam bəslədiyi dövlət başçısı var. Digər tərəfdən, Azərbaycan dünyanın fərqli ölkələri ilə, o cümlədən İsraillə dostluq, əməkdaşlıq münasibətləri qurmaqdadır və bu, Azərbaycanın müstəsna səlahiyyətidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın yüksək müttəfiqlik əlaqələri İranı narahat edir:

“Azərbaycanın güclü olması, 44 günlük Vətən müharibəsində zəfər çalması İranın hakim dairələrinin yuxusunu qaçırır. Onlar heç bir halda Azərbaycanı güclü, qüdrətli görmək istəmirlər və müxtəlif vasitələrlə çalışırlar ki, Azərbaycana hər hansı formada mənfi təsir göstərsinlər. Böhtanla, qərəzlə, müxtəlif niyyətli açıqlamalarla Azərbaycana problemlər yaratmağa çalışırlar. İranın son davranışları heç bir əndazəyə sığmır. Bu, nə qonşuluq münasibətlərinə, nə İslam dəyərlərinə, nə də beynəlxalq hüquq normalarına uyğundur. Azərbaycan özünün gücü və imkanları ilə, Prezidentin uzun illərdir beynəlxalq aləmdə yaratdığı, maraqlarımıza uyğun sistemlə yüksək səviyyədə əlaqələr yaradıb. Dost və müttəfiq dövlətlər mənəvi və siyasi dəstəkləri ilə Vətən müharibəsində yanımızda oldular. Azərbaycan bu əlaqələr və imkanlarla dünyanın inkişaf etmiş ölkələrinin yüksək texnologiyaları vasitəsilə öz hərbi potensialını gücləndirdi. Həmin ölkələr arasında İsrail də var”. Partiya sədri bildirib ki, Azərbaycanın qurduğu digər ölkələrlə qurduğu münasibətlər İranı narahat etməməlidir, əksinə, İran bu addımlarla özü üçün problemlər yaradır: “Azərbaycanın qurduğu münasibətlər beynəlxalq hüquq normalarına, dostluq və qarşılıqlı etimada söykənir. Azərbaycan öz gücü ilə müharibədən əvvəl və müharibə ərəfəsində İsraildən müxtəlif silahlar alıb. Dünya ictimaiyyətində yəhudi lobbisi Azərbaycana hər zaman dəstəyini göstərib. Bizim yəhudi xalqı ilə uzun illərə söykənən dostluq münasibətlərimiz var. İran nə qədər narahatlıq keçirsə də, təhdidə əsaslanan bəyanatlar versə də, biz yolumuzdən dönən deyilik. İran Azərbaycan qarşı kəskin ritorika ilə çıxış etdikcə, ermənilərə dəstək verib Azərbaycana problemlər yaratmağa çalışdıqca, əslində özü üçün ciddi problemlər yaratmış olacaq. İran unutmasın ki, Azərbaycan 50 milyonluq xalqdır. Bu xalq 44 günlük müharibədə özünün ruhunu, milli birliyini, həmrəyliyini nümayiş etdirdi. İranda bizə qarşı hansısa təhlükə yaransa, İran həmin 50 milyonluq xalqın iradəsi qarşısında dayanmalı olacaq”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top