"İran dost saydığı Azərbaycana qarşı hörmətsizliyini dayandırmalıdır" — Deputat

GÜNDƏM 28 sen 2021, 11:45
“Azərbaycan müstəqillik qazandığı ilk gündən Ermənistan istisna olmaqla, bütün qonşularına dost əlin uzatmış, səmimi qonşuluq, əməkdaşlıq niyyətində olduğunu bəyan edib və bu mövqeyini davam etdirib. Bizim İrana münasibətimiz də bu istiqamətdə olub. Biz qonşu dövlətlərə qarşı riyakar olmamışıq, sözümüzlə əməlimiz eyni olub. Dövlət başçısı dünənki müsahibəsində də Azərbaycanın İrana qarşı münasibətinin dostluq əlaqələrinə əsaslandığını qeyd etdi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.

Deputat qeyd edib ki, İran da Azərbaycana qarşı eyni münasibətdə olduğunu bildirsə də, əməldə fərqli addımlar atır:

“İran bəyan edir ki, iki dövlət dost, qardaş dövlətlərdir və Azərbaycana qarşı münasibətləri də bu çərçivədədir. Lakin əməldə ərazilərimizi işğal edən, dağıdan, mülki əhalimizi qətlə yetirən, soyqırımı törədən düşmən, cinayətkar Ermənistanla dostluq, əməkdaşlıq etdi. Çox təəssüf ki, biz İrandan belə yanaşmanı gördük. 30 il ərzində Azərbaycan dəfələrlə narazılığını İran tərəfinə bildirib və bu gün də bildirməkdədir. Prezidentin Anım Günündə bu məqama toxunması çox vacib idi. 30 il ərzində ermənilər və hərbçiləri Araz boyunca sərhədlərdə istədikləri kimi hərəkət edib, o əraziləri talan qoyurdular, amma İran tərəfi nəinki təlim keçmək, xəbərdarlıq belə etmirdi. İran bu hərəkətlərə baxmayaraq ermənilərə heç bir güc nümayişi etdirmədi. Əksinə, onlarla əməkdaşlığı davam etdirdi. Bəs indi nə oldu ki, İran təlimlərə başlamaq qərarına gəldi? Bu, Azərbaycan ictimaiyyətində haqlı olaraq suallar doğurur və dövlət başçısı da bu məsələyə toxundu. Azərbaycan heç bir dövlətin sərhədlərini pozmadan, ərazisinə daxil olmadan torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan sərhədlərini bərpa edib və o ərazilərdə böyük işlər görür. Belə bir zamanda İran güc nümayiş etdirməyə çalışır, hərbi təlimlər keçirir. Lakin İran unutmamalıdır ki, biz müstəqil dövlətik, kifayət qədər güclüyük, öz sərhədlərimizi hər bir qüvvədən qorumaq iqtidarındayıq və biz tək deyilik. İran da yaxşı bilir ki, Azərbaycanın Türkiyə və Pakistanla yüksək səviyyəli münasibətləri var”.

Deputat İranda yaşayan azərbaycanlıların İranın bu siyasətinə daha aktiv reaksiya göstərməli olduğunu vurğulayıb: “Düşünürəm ki, İranda yaşayan 30 milyondan çox soydaşlarımız İranı idarə edən molla-fars rejiminə sözünü deməlidir. Orada yaşayan azərbaycanlılar İrandan bu addımlarına son qoymağı tələb etməlidir. İrana cinayətkarlara yardım göstərməməsi üçün təzyiq etməlidirlər. Hətta bizdən çox onlar bu tələbi irəli sürməlidirlər. İran xalqı böyük xalqdır, mənim və hər birimizin İran xalqına böyük hörmətimiz var. Baş verənlər İran xalqının iradəsi altında deyil, bu, xalqı idarə edən bir qrup ermənipərəst siyasətçilərin hərəkətidir. Prezidentin də bəyan etdiyi kimi, biz İranla yaxşı qonşuluq münasibətində olmalıyıq. Dövlət başçısı da vurğuladı ki, bizim İrana qarşı münasibətlərimiz məsuliyyətlidir. İran dost hesab etdiyi və bunu hər fürsətdə bildirdiyi ölkəyə qarşı hörmətsizliyini dayandırmalıdır”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top