Artıq Vətən müharibəsinin başlanmasından bir il ötür. Azərbaycanın döyüş meydanındakı tarixi qələbəsi, 30 ilə qədər işğal altında qalan torpaqların azad olunması ilə nəticələndi. İkinci Qarabağ müharibəsi 2020-ci ilin sentyabrın 27-də başladı, 44 gün davam etdi və müasir Azərbaycanın tarixində Böyük Zəfər kimi yadda qaldı. Müharibə həm Azərbaycan, həm də region üçün böyük əhəmiyyət kəsb etdi. Regionda yeni geosiyasi reallıqlar əmələ gətirdi.
Vətən müharibəsinin birinci ildönümü ilə bağlı Milli Məclisin deputatı Ramil Həsən Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti BMT-nin Baş Assambleyasında dövlət və hökumət başçıları səviyyəsində keçirilən müzakirələrdə çıxışında bir daha müharibənin əhəmiyyətinə və nəticələrinə toxunub: 
Hərbi ekspert Ruslan İmamquliyev qeyd edib ki, biz minillərdir bu coğrafiyada varıq, lakin təəssüf ki, zaman-zaman qədim torpaqlarımız tərkibimizdən ayrılıb:
“20-ci əsrdə itirdiyimiz torpaqlarımızı 30 illik işğaldan sonra azad etməyimiz həm də son 200 ildəki şanlı qələbəmiz kimi tarixə keçdi. Bu, həm Azərbaycan üçün, həm də region üçün çox vacib hadisə oldu. 
Ekspertin sözlərinə görə, Azərbaycan xalqı torpaqları naminə sona qədər mübarizə aparan, döyüşkən xalq kimi dünyaya örnək oldu:
“Yaşadığımız coğrafiyaya görə hər bir vətəndaşımızın qanında döyüşkənlik əzmi olub. Yeni qurulmuş ordunun əldə etdiyi bu zəfər isə bizi sevindirməklə yanaşı, region dövlətlərini və dünyanın digər ölkələrini heyrətləndirdi. Azərbaycan Ordusu və əldə olunan zəfər nümunəyə çevrildi. Bundan sonra da ordu quruculuğuna diqqəti davam etdirmək lazımdır. Ali Baş Komandan da bu barədə vurğulayıb ki, hazırda Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinin nümunəsində yeni modelin quruculuğuna diqqət yetirilir. Həmçinin, Laçında Türkiyə ilə, Bakıda Türkiyə və Pakistanla keçirilən təlimlər strateji baxımdan atılmış ciddi addımlardır. Ordu quruculuğunun, müdafiə sənayesinin inkişaf etdirilməsi, həmçinin kadr potensialının artırılması üçün belə müştərək təlimlərin olması zərurətdir”.
Vətən müharibəsinin tarixi əhəmiyyətinə toxunan politoloq Samir Hümbətov bildirib ki, 2020-ci illin 27 sentyabrı həm Azərbaycan tarixində, həm də region və dünya tarixində olduqca əhəmiyyətli hadisə kimi yadda qaldı:
“Həmin gün başlayan İkinci Qarabağ müharibəsi Azərbaycanla yanaşı regionun və dünyanın siyasi ab-havasının dəyişməsinə şərait yaratdı. 1991-ci ildə SSRİ-nin dağılmasından 2020-ci ilin sentyabrınadək formalaşmış siyasi, hərbi və geosiyasi mühit Vətən müharibəsi ilə dəyişməyə başladı. Bununla da, regionda baş verən proseslər yeni mərhələyə qədəm qoydu. Həmçinin, Azərbaycan bu müharibədən qalib ayrılaraq, regionda güc balansının dəyişməsinə təsir göstərdi. Artıq Azərbaycan yeni status əldə edib və regionun aparıcı qüvvələrindən hesab olunur. Bundan başqa, sonrakı mərhələdə regionun hegemon gücü kimi təkcə Rusiyanı deyil, həm də Türkiyəni görə bilərik. Bu balansın dəyişməsində də müharibənin böyük təsiri oldu və proses Azərbaycanın xeyrinədir. Artıq regiondakı addımlar Azərbaycanın siyasi və milli maraqları nəzərə alınaraq atılır. Müharibənin vacib mənəvi tərəfləri də var. Azərbaycanda güclü milli birlik yarandı və hər kəs bir amal uğrunda mübarizə apardı. Bununla da, dünya hərb meydanından kənarda da Azərbaycanın gücünün şahidi oldu. Dünya ölkələri və supergüclər anladılar ki, Azərbaycan heç vaxt işğalla barışmayıb və bütün gücünü toplayıb lazım olan addımı lazımi anda atdı. Bu, o deməkdir ki, 30 il ərzində ABŞ, Rusiya və Fransanın birgə formalaşdırdığı ATƏT-in Minsk qrupunun reallaşdıra bilmədiyi prosesi Azərbaycan öz gücü hesabına 44 gündə etdi”. 
“Müharibənin bitməsi ilə iki anlaşma – 10 noyabr 2020-ci ildə və 11 yanvar 2021-ci ildə üçtərəfli bəyanatlar imzalandı. Bu anlaşmalar yeni reallıqların yaranmasının rəsmiləşməsi demək idi. Həmin reallığın vacib parçalarından biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bundan sonrakı mərhələni biz daha gözəl atmosferdə izləyə bilərik. Bu, Azərbaycanın gələcək siyasi, iqtisadi və hərbi baxımdan olduqca vacib əhəmiyyətə malik dövrü kimi yadda qalacaq”.
Aygül Qarayeva Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır
Demokrat.az

