Deputat: "İrandakı soydaşlarımız bu siyasətə müharibə dövründə olduğu kimi etirazlarla cavab verə bilər"

GÜNDƏM 21 sen 2021, 12:15
“Vətən müharibəsində Azərbaycan tarixi qələbə qazandı və işğal altında olan torpaqlarımız azad edildi. Bununla, həm də tarixi ədalət bərpa edildi. Azərbaycanın yaratdığı və bərpa etdiyi reallıq artıq heç bir mənada dəyişə və dəyişdirilə bilməz”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

O, torpaqların işğal altında olduğu müddətdə bir sıra məyusedici halların baş verdiyini, o cümlədən müharibə dövründə İran vasitəsilə Ermənistana naməlum yüklərin daşındığını xatırladıb:

“Həmin vaxt İran ərazisində yaşayan azərbaycanlılar buna ciddi reaksiya verdilər və həmin mərhələdə İranın bu fəaliyyətinin qarşısı alındı. Lakin son dövrlərdə Azərbaycan torpaqlarında müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərə Gorus-Qafan yolu vasitəsilə təyinatı məlum olmayan yüklərin daşınmasının şahidi olurduq. Bununla bağlı Azərbaycan hüquqi addımlar atırdı və atmaqda davam edir. Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən təxminən 21 km-lik hissəsində Azərbaycan Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən postlar quruldu və yük maşınlarının yoxlanılması və qanunlara uyğun olaraq rüsumların alınması həyata keçirilməyə başladı. Təəssüf ki, Ermənistanın KİV-də və sosial şəbəkələrdə yayılan məlumatlara görə, İran davamlı olaraq digər yollarla, o cümlədən qurunt yollarla Azərbaycan ərazisinə yüklərin daşınmasına cəhd edir. Bu, olduqca təəssüf doğurucu addımdır. Azərbaycan Ermənistan istisna olmaqla digər bütün ölkələrlə qarşılıqlı əməkdaşlıq, sülh və sabitlik əlaqələri qurmağa çalışıb və bunun üçün bütün hüquqi addımları atıb. Lakin bəzi dövlətlər özlərinin geosiyasi maraqlarını hər bir məsələdən üstün tuturlar və indiki şəraitdə İran tərəfindən bu cür yüklərin daşınması bunun sübutudur. Azərbaycan hər zaman İranı mehriban qonşu və dost ölkə hesab edib və münasibətləri bunun üzərində qurub. Azərbaycanın bu mövqeyinə baxmayaraq, İranın bu siyasəti və davranışları davam etdirməsi Azərbaycan ictimaiyyətini dərindən narahat edir və ciddi suallar doğurur”.

Deputat qeyd edib ki, İran ərazisindən yüklərin daşınmasından narahat olan İrandakı soydaşlarımız bu siyasətə müharibə dövründə olduğu kimi etirazlarla cavab verə bilər:

“İranın bu addımları davam edərsə, şübhəsiz ki, İranda yaşayan soydaşlarımız Vətən müharibəsində olduğu kimi etirazlara başlaya bilərlər. İrandakı azərbaycanlılar da yaxşı bilirlər ki, seperatçı rejimə çatdırılan yüklər Azərbaycan xalqına qarşı müəyyən təxribatların törədilməsində istifadə edilə bilər. Biz bu cür təxribatları zaman-zaman görmüşük və gələcəkdə baş verməsi də istisna deyil. Soydaşlarımız da iki dövlət arasında qonşuluq və dost münasibətlərinin tərəfdarıdır. Bu münasibətələrə əks addımlar isə qəbuledilməzdir. İranın bu davranışlarına baxmayaraq, Azərbaycan dövləti öz qüdrətini göstərir və işğaldan azad etdiyi torpaqlarda qanuni addımlarını atmaqda davam edəcək”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top