Tutduğu vəzifənin məsuliyyəti ilə yaşayan Elçin Bayramov

SOSİAL 19 sen 2021, 14:02
Adını dəqiq xatırlamadığım, mütəfəkkilərdən biri deyib ki, insan işinin şərəfi ilə yox, məsuliyyəti ilə yaşamalıdır. Belə olduqda həmin məsuliyyət onu mütləq şərfləndirəcək. Həqiqətən də belədir, görə-görə gəlirik. Tutduğu vəzifənin şərəfi ilə yox, məsuliyyəti ilə çalışanlar cəmiyyətə daha çox yararlı olurlar, daha çox fayda verirlər. Belə şəxslərdən biri də Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramovdur.

Elçin Bayramovun sədrliyi dövründə MAK-ın fəaliyyətində, demək olar ki, ciddi irəliləyiş baş verib. Bu gün Moldovada güclü Azərbaycan diasporu mövcuddur və artıq Moldovada ən böyük diasporlardan biridir. E.Bayramovun dövründə Konqresin fəaliyyətində baş vermiş dəyişikliklər gələcəyə nikbin baxmaq üçün əsas verir. Bunu həm E.Bayramovun fəaliyyətini yaxından izləyənlər, həm də bu günlərdə MAK-ın keçirdiyi hesabat xarakterli tədbirdə iştirak edənlər də təsdiq edirlər.

Məhz E.Bayramovun sədrlik etdiyi müddətdə əvvəlcə MAK-ın daxilində ciddi islahatlar aparılıb. Şura üzləri istedadlı gənc həmvətənlərimizdən formalaşdırılıb. Və həmin gənclər Moldovanın siyasi, sosial və ictimai həyatında fəallıq nümayiş etdirirlər, ölkənin rifahına öz töhfəsini verirlər. Həmçinin gənc həmyerlilərimiz Moldovanın ictimai-siyasi həyatında önəmli yerlər tutmağa müvəffəq olublar. Bu da ölkəmizin dəyərlərinin Moldova miqyasında təbliğinə xidmət edir. Və bu uğurlu fəaliyyətin nəticəsidir ki, Moldova Azərbaycanla iqtisadiyyat sahəsində əməkdaşlığının genişləndirilməsində və ölkəsinə azərbaycanlı sərmayədarların cəlb edilməsində maraqlıdır.

E.Bayramovun sədrliyi dövründə MAK həm ölkəmizin, həm də Moldovanın əlamətdar günlərinə həsr edilmiş 25-dən çox tədbir, mərasim keçirib, marafonların təşkilatçısı olub. Moldovada həmyerlilərimizdən ibarət “Qarabağ” adlı futbol klubu yaradılıb. Konqres həmçinin millətlərarası əlaqələri, multikultural dəyərləri qoruyur.

Bütün dünya ölkələrinin pandemiya ilə mübarizə apardığı, demək olar ki, bir çox sahələrdə durğunluğun hökm sürdüyü bir dövrdə MAK uğurlu fəaliyyətini davam etdirib. Bir çox əhəmiyyətli tədbirlər, görüşlər keçirib, bir sıra işlərə imza atıb. Həmçinin həm Azərbaycan, həm də Moldovada yaşayan azərbaycanlıların rifahı naminə layihələr həyata keçirilib. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ''Hədiyyə marafonu'' təşkil edilib. Marafon çərçivəsində Azərbaycan diasporasının xanımlarını həm 8 Mart, həm də bahar bayramı münasibətilə təbrik ediblər. Moldovanın müxtəlif bölgələrində yaşayan 400-dən çox xanıma çiçək, şirniyyat, bayram açıqcaları hədiyyə olunub. Mart ayında, həmçinin baharın gəlişini və təbiətin oyanışını müjdələyən Novruz bayramını qeyd ediblər. Koronavirus pandemiyası səbəbindən daha geniş tərkibdə təntənəli tədbir keçirmək mümkünsüz olduğundan mövcud qaydalar çərçivəsində tədbirlər təşkil olunub. Müqəddəs Qurban bayramında Moldovada yaşayan yüzlərlə həmvətənlərimizi sevindiriblər. Yaşlı insanlara, çoxuşaqlı və imkansız ailələrə bayram sovqatı ilə sevinc yaşadıblar.

MAK tərəfindən, həmçinin Xocalı soyqırımı ilə bağlı müxtəlif anım tədbirləri keçirilib. Moldova İctimai xadimləri, Moldova parlament üzvləri, dövlət rəsmiləri, həmçinin Moldovada olan Beynəlxalq təşkilatlar, dini icmaların nümayəndələrinin iştirak etdiyi tədbirlərdə erməni vandallığı bir daha diqqətə çatdırılıb. Həmçinin Moldovadakı ictimai təşkilatlara Xocalı Soyqırımının tanınması ilə bağlı müraciət ünvanlanıb.

44 günlük Vətən müharibəsi dövründə isə MAK-ın bütün heyəti Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu” ətrafında birləşib. Vətənə maddi və mənəvi dəstək olublar. Müharibədə iştirak edən igidlərimizin həm özlərinə, həm də ailələrinə bacardıqları qədər yardım göstərilib. Savaşda yaralananların müalicəsi üçün tibbi vasitələr və dərman preparatları alınaraq hospitallara göndərilib. Müharibə bitdikdən sonra da MAK bu istiqamətdə işləri davam etdirir. Belə ki, Konqresin üzvləri savaşda həyatını itirən şəhidlərimizin ailələrini, qazilərimizi ziyarət edirlər, mənəvi dəstək olurlar.

MAK-a sədrlik etdiyi dövrdə gördüyü işlərlə seçilən, yəni vəzifəsinin məsuliyyəti ilə yaşayan Elçin Bayramovun bu gün doğum günüdür. Bu özəl günü münasibətilə E.Bayramovu ürəkdən təbrik edirik. Can sağlığı, uzun ömür, işlərində müvəffəqiyyətlər, ən əsası isə bu məsuliyyətinin ona şərəf gətirməsini arzu edirik.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top