Vaksinasiyada Avropa nümunəsi...

GÜNDƏM 17 sen 2021, 15:00
İtaliya hakimiyyəti ölkə sakinlərinin COVİD-19 pasportu olmadan işləməsinə icazə verməmək qərarına gəlib. Oktyabrın 15-dən etibarən işləyən bütün italyanlar COVİD-19 pasportu, iki gündən çox olmayan bir PCR testi və ya COVID-19-dan sağalma sənədi təqdim etməlidirlər. Qərardan imtina edənləri 400-1000 avro arası cərimə, hətta bütün maaşlarını itirmək  təhlükəsi gözləyir. 

Bu gün digər Avropa ölkələrində də analoji qərarların verilməsinin şahidiyik.  Ən inkişaf etmiş dövlətlər COVİD-lə bağlı mübarizədə sərt qərarlar vermək durumunda qalıblar. 

Mövcud mənzərə əslində tam normal qarşılanmalıdır. Dövlət öz vətəndaşının sağlamlığını, həyatını qorumaq üçün sərt mexanizmlərə baş vurmalıdır. Azərbaycanda da verilən qərarlar bir amala - ölkə vətəndaşının həyatını qorumağa hədəflənib. 

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli 229 nömrəli Qərarına əsasən, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatına malik olması tələb edilən iş və xidmət sahələri müəyyənləşdirilib. 1 sentyabr 2021-ci il tarixindən həmin iş və xidmət sahələrində fəaliyyət göstərən hüquqi, fiziki şəxslərin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb edilir. Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Təəssüf ki, Azərbaycanda zamanında verilmiş bu qəbildən olan qərarlarla bağlı hələ də ictimaiyyəti səhv maarifləndirən fikirlər dövriyyəyə buraxılır. Bir sıra hallarda cəmiyyətin tanınmış üzvlərinin belə mövcud duruma adekvat olmayan mövqeyinə rast gəlirik. Gah vaksinasiyanın könüllü olması önə çəkilərək vətəndaşlar arasında çaşqınlıq yaradılır, gah vaksinin səmərəsizliyi, vaksin olunan şəxslərin yenidən yoluxduğu, gah da vaksinin zərərləri barədə olmayan uydurmalara meydan verilir. Hansı ki, bu çağırışları edən şəxslər başqa-başqa məsələlərdə addımbaşı Avropanı nümunə çəkirlər. Elə isə niyə vaksinasiya məsələsində Avropa ölkələrinin nümunəsinə istinad olunmur? Bu gün Avropa ölkələrinin Azərbaycanla müqayisədə daha sərt qərarlara üz tutduğunun əyani şahidi deyilikmi? 

Deməli, Azərbaycanın zamanında bu istiqamətdə verdiyi qərarlar tam doğrudur və ayrı-ayrı ölkələrin təcrübəsi də sübut edir ki, başqa çıxış yolu yoxdur. Bu gün dünya ölkələri öz vətəndaşını qorumaq, onun vaksinasiyasına nail olmaq üçün sərt qərarlara baş vurursa, ölkəmizdə hələ iyul ayında verilən və işləyən insanımıza vaksin olunması üçün kifayət qədər zaman tanıyan qərarları ancaq və ancaq alqışlamaq lazımdır. 

Belə bir durumda vətəndaş olaraq dövlətin gördüyü tədbirlərə adekvat davranmalı, daha məsuliyyətli olmalıyıq. Azərbaycan dünyanın aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiya prosesinə başlayıb. Cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyası start götürüb və hər üç vaksinin (“Sinovak”, “AstraZeneca” və “Sputnik”) ölkəmizə gətirilməsi gerçəkləşib. Bütövlükdə pandemiya ilə mübarizə istiqamətində sistemli və davamlı fəaliyyət həyata keçirilib.

Hər birimiz yeni qaydalara uyğun hərəkət etməliyik. Vaksin olunmaqla özümüzü, yaxınlarımızı, bütövlükdə cəmiyyətimizi qorumuş oluruq. Vaksinin arxasında bəla axtarmaq, hansısa qara fikirlərə köklənmək, yersiz şübhələrlə zaman itirmək tamamilə yanlışdır...

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top