“İcra başçıları dəyişilir, lakin hələ 50-si, “qurd”ları qalır”


SOSİAL 15 sen 2021, 20:41
Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun müsahibəsini təqdim edirik.
 
- Baba müəllim,  vəzifəli şəxslərdən narazılıq var. Bu narazılıq onların təkcə fəaliyyəti ilə deyil, qohum və dost-tanışla olan rəftarına da aiddir. Hətta bəzən onlar əvvəl yaxın olduqları insanlardan da üz döndəririlər. Sizcə insanlar vəzifəyə keçəndən sonra niyə dəyişirlər?
 
- Bu vəzifə deyil, əxlaq məsələsidir. İnsanlar ya əxlaqlıdır, ya da əxlaqsız. Vəzifəyə keçəndən sonra sadəcə o büruzə verir. Amma onun içi, mahiyyəti dəyişmir. O demək ki, naqis, cahil insandır. O elə sıravi insan olanda da onun içində cahillik, naqislik, acgözlük, tayfabazlıq olub. Hamısı əvvəldən var imiş. Sadəcə onu göstərməyə meydan yox idi. Əgər o sıravi bir yerdə mühəndis işləyirsə, kim ona rüşvət verər?! Birdən-birə baş mühəndis olanda onun içi, məğzi rüşvətxorluğu üzə çıxır.
 
Bəziləri ətrafına qohumlarını da toplayır. Tayfasından olmayanları geri qaytarırlar. Pul gəldikcə artıq başqa yollara düşür, qudurğanlıq edir. Maşınına qara pərdə bağlayır, svetaforun qırmızı işığında keçir. Bu vəzifə ilə düz gəlmir. Vəzifədə olan nə qədər namuslu insan var. Bir nazir haqqında eşidəndə ki, ətrafında qohum yox, ancaq insanlara bacarığına görə iş verir, heç kimin malında gözü yoxdur, sadə dolanır, bu bizə təəccüblü gəlir. Halbuki bu adi normadır. Avropda bu adi bir şeydir.
 
- Eyni torpağın qanqal və qızılgül yetişdirdiyi kimi cəmiyyət də iki fərqli tip insan yarada bilir. İki tipdən hansı çoxluq təşkil edir?
 
- Elə insan var ki, istəyirsən onu dünyanın prezidenti qoy, əgər onun içində o tərbiyə, əxlaq, kamillik, müdiriklik varsa, hər yerdə eyni olacaq. Düzdür eyni torpaq həmişə qızılgül yetişdirmir. Bəzən qanqal, alaq otlar, parazitlər də olur. Amma fakt budur ki, ikisi də eyni torpaqda yetişir. Cəmiyyət də elədi. Cəmiyyət təbiətin təkrarıdır. Təbiətdə nə baş verirsə, cəmiyyətdə də eynisi baş verir.
 
Dəyişənlər zənn edirlər ki, vəzifəyə gəldi hər şey əbədi olacaq. Amma elə deyil. Bunlar hamısı mifdir. Baba Vəziroğlunu bu gün hara istəyirsən qoy, bundan sonra nə dəyişə bilərəm ki?.. Bu mümkün deyil. Hətta qohum-əqraba belə desə ki, “ay balam bu boyda vəzifə verilib, gəl bizə dayaq ol. Sənin kölgəndə dolanaq”. İstəsəm belə dəyişə bilmərəm. Çünki genimdə, qanımda tamam başqa hissiyyatlar, xislət var.
 
Bu cür insanlar çox olsa, hər şeyə dəyişə bilər. Məşhur “Nəsimi” filmində belə bir kəlam var. Dünyada iki cür - cahil və kamil insan var. Cahil insanların həyatı heyvanatın həyatından fərqlənməz, çünki ora ancaq bol yem istəyir. Onu öz yerinin rahatçılığı maraqlandırır. Amma kamil insan xalqını, millətini, ailəsini, bəşəriyyəti düşünür. Cəmiyyətimizdə görünür bu kamil insanlar kifayət qədər yetərincə deyil. Cəmiyyətdə böyük əksəriyyət kamil insanlar olanda cəmiyyət düzələcək. Artıq o xırda insanları cəmiyyət özü təmizləyəcək, silib, aparacaq. Demək ki, hələ cahillər çoxdur.
 
- Avropada vəzifəli şəxslər bir qədər işlədikdən sonra, bacarmadıqlarını hiss etdikdə istefa verirlər. Bizdə isə tam əksidir. Sizcə bu psixologiyadanmı irəli gəlir?
 
- Avropada baş nazir işə ya metro, ya da velosipedlə gedib-gəlir. Görürlər ki, bir az yorulublar, nəvələri  və ailəsi ilə gün keçirməyə vaxt tapa bilmirlər istefa ərizəsi yazırlar. Deyirlər ki, dövlətin yükü çox ağırdır, daşıya bilmirəm. Bizdə isə az qala qəbirdən geri qayıtmaq istəyirlər ki, yox e, kreslo boş qaldı. Bu bir növ psixologiya ilə bağlıdır. Psixologiya dəyişməlidir. O da yavaş-yavaş dəyişəcək.
 
- İnsanları vəzifəyə ona görə gətirirlər ki, səlahiyyətində olan işləri icra etsinlər. Lakin onların bəziləri bunu düzgün qiymətləndirə bilmir, işini başqa istiqamətə yönəldir. O zaman vəzifə nəyə gərəkdir?
 
- Artıq kadrlar yenilənir, islahatlar gedir. İcra başçıları 2-2-i dəyişilir. Lakin 50-i hələ də qalıb. Qurdlar qalır. Dəyişə-dəyişə getsələr bəlkə düzələr.
 
Onları o vəzifəyə qoyublar ki, vəzifələrini yerinə yetirsinlər. Hər işi bir insanın üzərinə atmaq olmaz. Heydər Əliyev Fondu olmasaydı, bu nazirliklər nə gündə olardı. Elə bir sahə yoxdur ki, fond iş görməsin. Onda bu nazirliklər nəyə lazımdır?!
 
Artıq vaxt nazirliklərə də gəlib çatıb. Mədəniyyət Nazirliyində nə kimi biabırçılıqlar oldu. Bunu hər kəs gördü. Dövlətin mədəniyyətə ayırdığı pullar başqa yerlərə gedib. Musiqi müəllimi 120-130 manat pul alır. Onların pulundan kəsilib. Görün nə qədər insan vicdansız, əxlaqsız olmalıdır ki, pul kəssin, özünə sərvət toplasın.
 
Bunları nə cür insan adlandırmaq olar? Peşmanlıq olur ki, gör mən kimlərlə salamlaşmışam. Bəlkə də daha böyük müharibə daxildəki mübarizədir. Daxildə əxlaqsız, vicdansız çinovniklərlə mübarizədi. Buna qalib gəlmək, erməni üzərində qələbə çalmağa bərabərdir. Qat-qat çətindir. İnanırıq ki, qalib gələcəyik./ Yenisabah.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sen 2021, 12:08
Top