"Parlamentə öyrəşmişəm, dalbadal iclas olanda adam bir az yorulur" - Deputat Madər Musayev

MARAQLI 04 fev 2019, 20:31
Binəqədi rayonundan 30 il deputat seçilən Madər Musayev "Azərbaycan" qəzetinə müsahibə verib. O, qeyri-standart olan müsahibəsi zamanı maraqlı açıqlamalar verib.

Demokrat.Az müsahibədən bəzi fikirləri təqdim edir:

...14-15 yaşımdan ticarətdə işləmişəm, satıcı şagirdliyindən mağaza müdirinə qədər gəlmişəm. Sovet hökumətinin asan-kəsən vaxtlarında bir nöqsanım belə olmayıb, əksinə, bütün mükafatları almışam.

Sonra da deputat oldum. 1990-cı ildə heç bilmirdim ki, deputat seçiləcəm. Bu, ağlıma da gəlmirdi. Çünki sovet dövründə mağaza müdiri heç vaxt deputat ola bilməzdi. Kolxozçu, sağıcı, professor... deputat ola bilərdi, amma ticarətçi yox! Kəndimizin ağsaqqalları məscidə yığışıb qərara gəliblər ki, namizədliyimi versinlər...

Qonşu kənddə tanıyan olmayıb məni, amma indi, şükür Allaha, dörd bir tərəfin hörmətini hiss edirəm...
Yaxşılığı da heç vaxt ona görə etməmişəm ki, məni deputat seçsinlər. Yaxşılıq mənim amalımdır...

***

 ...Nə qədər sağam, İlham Əliyevin təbliğatı ilə məşğul olacağam. Onu yaxşı tanıdığıma görə. Hər zaman Prezidentimin dostuyam, əsgəriyəm...

...30 ildir Milli Məclisdəyəm, bura ilə bağlı o qədər xatirələrim var ki... Yaxşı tərəfini də, pis tərəfini də, satqınını da, etibarlısını da görmüşəm. Amma mənə qarşı hamı yaxşı olub, ağsaqqal, hacı kimi hörmət ediblər. Parlamentə öyrəşmişəm. Görürsən ki, dalbadal iclas olanda adam bir az yorulur, amma olmayanda da darıxır...
Qədim türklərdə belə bir məsəl var. Deyir, nəyim var keçərəm, təki başım salamat olsun. Amma adıma görə başımdan da keçərəm. İnsan adı üçün yaşamalıdır.

Deyirlər ki, parlament tribunasında çox danışmıram. Hesab edirəm ki, çox danışmaq heç zaman bəyənilməyib. Yaxşı, məntiqli, lazım olan yerdə danışmaq isə vacibdir. İndi mən danışmıram, o demək deyil ki, danışanlar düz etmirlər. Məsələn, danışanlar içərisində elələri var ki, danışır, həqiqətən adamın xoşuna gəlir. Bəzən də boş yerə danışırlar, tutaq ki, parlamentdə 3-cü oxunuşda danışmaq lazım deyil ey, amma onda da danışırlar. Həvəskardırlar danışmağa...

***

2008-ci ildə prezident seçkiləri vaxtı Xocasən kəndində ilk dəfə səs verəcək sakinlərlə görüş keçirirdik. Bir deputat yoldaşımız da başladı danışmağa ki, "de-yure” belə gəldi, "de-fakto” belə getdi, nə bilim, vertikal elə, horizontal belə... Sadə camaat da başa düşmür axı, bu, nə deyir, başladılar dağılışmağa. YAP İdarə Heyətinin üzvü Kərim Kərimov da orada idi, o mənə baxdı, mən də ona...

Və söz aldım. Dedim, ay camaat, həmkarım siyasətçidi, hüquqşünasdı, o, sözünü dedi, öz dilində dedi. İndi istəyirəm, mən də bir neçə kəlmə danışım, ancaq mən sizin biriniz kimi danışacam.

Bu, savadla bağlı da bir şey deyil. Ola bilər ki, bir kitab belə oxumayan adam kütlə arasında elə danışsın ki, onu alsın ələ. Bax onun da öz siyasəti var. Savad da vacibdir, elə çıxmasın ki, o məndə yoxdur, bəyənmirəm. Ancaq ki, bir savad bütün məsələləri həll etmir.

Elm də var, helm də... Bunlar ikisi bir yerdə olanda lap yaxşı olur. Gərək o qədər savadın olsun ki, bu şeyləri sətiraltı deyə biləsən.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top