"İlham Əliyevə “Generalissimus” rütbəsi verilsin" — Qazilərdən təklif

GÜNDƏM 27 iyl 2021, 16:00
Bakı Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib. 

Demokrat.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qonaqları salamlayaraq bildirib ki, ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ildırım sürətli 44 günlük Vətən müharibəsində özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi göstərdi.

Onun rəhbərliyi ilə düşmən üzərində şanlı qələbə qazanıldı və torpaqlarımız işğaldan azad edildi: “Ölkə başçısının həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət nəticəsində Azərbaycanda bütün sahələrdə inkişafa nail olunub, qüdrətli iqtisadiyyat və bu baza üzərində güclü ordu, həmçinin torpaqlarımızın azad edilməsinin hüquqi bazası yaradılıb. Bunun da nəticəsində böyük qələbə qazanılıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızda genişmiqyaslı quruculuq işləri aparılır. Qazanılan şanlı Qələbə və aparılan genişmiqyaslı quruculuq işləri ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasəti sayəsində əldə olunub və bu da tarixdə şəxsiyyətlərin rolunu bir daha təsdiq edir”.

İcra başçısı bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı qələbədə ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir: “Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhu qarşısında baş əyir, onlara tanrıdan rəhmət diləyirik. Eyni zamanda qanlı döyüşlərdə yaralanıb qazi olmuş vətəndaşlarımız da var. Bu gün onların müalicəsi, cəmiyyətə inteqrasiyası, lazımı tələbatlarının ödənilməsi bütün qurumların əsas vəzifələrindən biridir. Açıq dialoq şəklində keçirilən görüşdə müharibə iştirakçıları və qazilər dinlənildi, onların sual və təklifləri nəzarətə alındı”.

Görüşdə Vətən müharibəsi iştirakçıları və qazilərin müharibə ilə bağlı memuarlarının toplanıb kitab şəklində çap edilməsi və digər məsələlərin həlli ilə bağlı Şura yaradılması qərara alınıb.

Vətən müharibəsindəki döyüşlərdə iştirakından danışan qazi Fərid Həsənov Vətən müharibəsi günlərində dövləti və ordunu məharətlə idarə edən, torpaqlarımızın azad edilməsində əvəzsiz xidməti olan, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ən yüksək hərbi rütbə olan “Generalissimus” ali hərbi rütbəsinin verilməsini təklif etdi.

Digər çıxışçılar Ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya onlara göstərdikləri xüsusi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top