Rusiya XİN: "Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə xüsusi diqqət yetiririk"

QARABAĞ 22 iyl 2021, 19:40
Həm Azərbaycan, həm də Ermənistanla yaxın münasibətlərdə olan Rusiya Federasiyası, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə, eləcə də, sülhməramlı kontingentimizin yerləşdiyi Qarabağdakı vəziyyətə xüsusi diqqət yetirir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bəyan edib.

“Rusiya tərəfi sabitliyin qorunub saxlanması, Qarabağda dinc həyatın qurulması, qaçqınların geri qayıtması, ölənlərin cəsədlərinin mübadiləsi də daxil olmaqla, humanitar məsələlərin həllinə mühüm töhfə verməyə davam edir. Həmçinin, Bakı ilə İrəvan arasında etimadın yaranmasında səylər göstərərək BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və YUNESKO missiyalarının bölgəyə gəlişini təmin etmək istiqamətində çalışmağa davam edirik”, - deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya Azərbaycan-Ermənistan sərhədinin müxtəlif hissələrində hər hansı bir gərginlik təzahürlərini narahatlıqla izləyir: “Əminik ki, davamlı deeskalasiya yalnız sərhədlərin delimitasiyası və sonrakı demarkasiyası ilə bağlı işlərə dərhal başlamaqla təmin edilə bilər. Bu səylərimizi əlimizdəki kartoqrafik məlumatlarla dəstəkləməyə hazırıq. Rusiya tərəfi müzakirələri konstruktiv məcraya yönəldə biləcək bir sıra sənədlər hazırlayıb. Hal-hazırda bu mövzuda əlaqələr xarici siyasət, müdafiə idarələri və həmçinin üç ölkənin sərhəd xidmətləri vasitəsilə davam edir”, - deyə Rusiya XİN rəsmisi qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top