İlham Əliyevin Moskva səfəri 10 noyabr razılaşmasının gələcəyinə bəslənən pessimizmi aradan qaldırır

QARABAĞ 21 iyl 2021, 22:16
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya sonuncu işgüzar səfəri mürəkkəb bir dövrə təsadüf etdi. Etiraf etmək lazımdır ki, müəyyən kənar qüvvələr hələ də 2020-ci il 10 noyabr tarixli razılaşmanın icrasına əngəl törətmək niyyətlərindən əl çəkməyiblər. Məhz bu qüvvələr yeni reallığı görməzdən gələrək regionda sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olmasında, qarşılıqlı etimad mühitinin yaradılmasında maraqlı deyillər və müxtəlif yollarla niyyətlərinin gerçəkləşməsi üçün zaman-zaman hərəkətə keçirlər. Son vaxtlar sərhəddə atəş səslərinin eşidilməsi Prezident Əliyevin Rusiyaya səfərinə diqqəti daha da artırmışdı. Üstəlik, Zəngəzur dəhlizi ilə bağlı müəyyən şübhə toxumları səpilməkdədir ki, bu da cəmiyyətdə narahatlıqlar doğururdu. 

Moskva səfəri bu durumu nə dərəcədə dəyişdi? 

Sualın cavabına keçməzdən öncə mühüm bir faktı diqqətdən qaçırmamaq vacibdir. Sirr deyil ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı fonunda tamamilə fəqrli Rusiya müşahidə etdik.  Və Rusiyanın Ermənistana açıq dəstəyi olmadı. Həmin vaxt əməliyyatların Azərbaycan ərazilərində getdiyini bəyan edən rəsmi Moskva ermənilərin gözləntilərinin üzərindən xətt çəkdi. 

Bu gün də belədir. Rusiyanın rəsmi mövqeyi 10 noyabr tarixli bəyanatdan kənara çıxmayıb. Təbii ki, Rusiyanın daxilində bu bəyanatla razılaşmayan qüvvələr var. Fəqət hələ də rəsmi Moskvanın öz imzasına sadiqliyinin şahidiyik və bu, olduqca önəmli məqamdır. 

Prezident İlham Əliyevin Moskvaya səfəri, Vladimir Putinlə olduqca səmimi atmosferdə apardığı müzakirələr son vaxtlar yenidən bölgədə gərginlik yaratmaq istəyən qüvvələrin gözləntilərini isə alt-üst etdi.

Məlum oldu ki, müharibədən ötən 8 ay müddətində iki ölkə arasındakı münasibətlərdə hər hansı haçalanma yaranmayıb, ciddi fikir ayrılıqları mövcud deyil. İki dövlət arasında əməkdaşlıq əlaqələrinin səviyyəsinin bütün istiqamətlər üzrə yüksəldilməsi hədəflənib. Regional, təhlükəsizlik və digər məsələlər üzrə mövqelər də üst-üstə düşür. 
Prezidentlər açıq şəkildə qarşılıqlı siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün siyasi iradə nümayiş etdirdilər və məlum oldu ki, bu istiqamətdə postpandemiya dövrünün yaradacağı imkanlar nəzərdən keçirilir. 

Azərbaycan üçün ən mühüm məqam təbii ki, yuxarıda qeyd etdiyimiz kimi, rəsmi Moskvanın Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı 2020-ci il 10 noyabr tarixli birgə bəyanatda əksini tapan məsələlərə sadiqliyidir. Prezident Əliyevin səfəri zamanı sərgilənən mövqe bu istiqamətdəki müəyyən narahatlıqlara, eyni zamanda bölgədə sabitliyi pozmaq istəyən qüvvələrə cavab oldu. 

Ölkə başçıları bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid yanaşma nümayiş etdirdi. Bu o deməkdir ki, 10 noyabr tarixli razılaşmanın icrasından hər hansı kənarlaşma mümkünsüzdür. Məhz bu sənəd bütün kommunikasiyaların, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat dəhlizinin  - Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur. Və bu birmənalı olaraq icra edilməlidir. 

Moskva səfəri zamanı nümayiş etdirilən mövqe Ermənistan tərəfindən Zəngəzur dəhlizinin yaradılması ilə bağlı məsələlərin reallaşdırılmasına süni əngəl törətmək cəhdlərinin həyata vəsiqə qazanmaq imkanlarını dəfn edir. Bəlli oldu ki, rəsmi Moskvanın Zəngəzur dəhlizinin açılması ilə bağlı möveyində  dəyişiklik mövcud deyil. Rusiyanın Ermənistana təsir imkanları hamıya bəllidir və bu baxımdan Moskvanın mövqeyi bu ölkənin mövqeyindən daha üstdə dayanır. Ermənistandakı müəyyən dairələrdən fərqli olaraq, Rusiya bu dəhlizin təkcə dəmiryolu deyil, həm də paralel şəkildə avtomobil nəqliyyatının hərəkətini nəzərdə tutmasını, bunun gətirəcəyi iqtisadi dividentləri yaxşı anlayır. 

Səfər zamanı Azərbaycan və Rusiya prezidentləri arasındakı şəxsi, səmimi dostluq münasibətlərinin bir daha şahidi olduq. Bu amil iki ölkə arasında əlaqələrin arzuolunan istiqamətdə inkişafına daha da təkan verən faktordur. 

Bundan başqa, Rusiya Azərbaycanın əsas idxal tərəfdaşıdır və qeyri-neft məhsullarının ixracında öndə gəlir. Rəsmi rəqəmlər də isbat edir ki, Azərbaycan Rusiyanın bölgədəki əsas iqtisadi tərəfdaşı olaraq qalır. Bu gün Rusiya və Azərbaycan strateji tərəfdaş kimi, bir çox regional iqtisadi-siyasi məsələlərdə iştirak edirlər. Buna misal kimi, Bakı-Novorossiysk, Şimal-Cənub nəqliyyat dəhlizi və s. göstərmək olar. Önəmli qarşılıqlı maraqlar dərin köklərə malikdir. Rusiya şirkətləri Azərbaycanda səmərəli fəlaliyyət göstərir, ölkəmizin iqtisadiyyatına sərmayə yatırırlar. Rusiyadan tiristlərin axını Azərbaycanda turizmin inkişafına olduqca müsbət təsir göstərir və s.

Beləliklə, etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənən münasibətlər qarşıdakı dövrdə daha da inkişaf vəd edir. Mövcud əlaqələr, Moskva səfəri zamanı verilən bəyanatlar regionda davamlı sabitlik, təhlükəsizlik, inkişaf meyillərinə ciddi töhfə verəcək.

Elman Babayev
Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top