"Azərbaycan Qoşulmama Hərəkatına sədrliyin növbəti dövründə də missiyasını uğurla yerinə yetirəcək" — Deputat

XARİCİ SİYASƏT 17 iyl 2021, 11:35
“Azərbaycan ötən müddət ərzində Qoşulmama Hərəkatında sədrlik vəzifəsini çox uğurla həyata keçirdi. Bu təşkilata üzv olan ölkələr Azərbaycan dəstək və həmrəyliklərini nümayiş etdiriblər. Xüsusilə də, təşkilat üzvləri 44 günlük müharibə dövründə BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qərəzli qətnamənin qəbul edilməsi fikrinə qətiyyətlə qarşı çıxdılar. Üzv dövlətlərin Azərbaycanı dəstəkləməsi Azərbaycanın diplomatik uğurudur”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 

Deputat bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına əlavə bir il sədrlik etməsi dövlətin müxtəlif beynəlxalq sahələrdə irəli sürdüyü təşəbbüslərin və səylərin nəticəsidir:

“Geridə qalan dövr ərzində pandemiya ilə mübarizə zamanı Azərbaycanın səsləndirdiyi fikirlər Qoşulmama Hərəkatı və BMT-nin əsas üzvləri tərəfindən müsbət qarşılandı. Azərbaycan pandemiya dövründə 30-a qədər ölkəyə humanitar yardım göstərdi. Həmçinin, pandemiya ilə birgə mübarizədə çox maraqlı və vacib təşəbbüslərlə çıxış etdi, BMT Baş Assambleyasında dövlət başçıları səviyyəsində xüsusi sessiyalar keçirildi. Artıq ölkəmizin təşkilata növbəti sədrlik dövrü başlayır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin növbəti dövründə də öz missiyasını uğurla yerinə yetirəcəyinə şübhə yoxdur. Düşünürəm ki, Azərbaycan regionda daim sülhün əldə olunmasında Qoşulmama Hərəkatına üzv dövlətlərin dəstəyini ala biləcək”. 

Deputat Azərbaycanın təşkilata növbəti sədrliyi dövründə də regionda vacib işlərə və təşəbbüslərə imza atacağına və öz missiyasının öhdəsindən yüksək səviyyədə gələcəyinə əmindir:

“Avrasiyada iqtisadi stabilliyin təmin edilməsi, Çin-Avropa iqtisadi münasibətləri və tranzit xətlərinin uğurla işləməsində Qoşulmama Hərəkatına üzv ölkələrin rolunun və əhəmiyyətinin əvəzedilməz olacağını düşünürük. Bu baxımdan, Azərbaycan təşkilata sədrliyi dövründə bir çox yarımçıq qalmış layihələrin tamamlanmasına nail ola biləcək. Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra bu xətdən istifadə edəcək dövlətlərin daha aktiv fəaliyyətinə şahidlik edə bilərik. Azərbaycanın öz missiyasını layiqincə yerinə yetirəcəyini düşünürük. Qoşulmama Hərəkatına üzv dövlətlərin də inkişafın və sabitliyin yaradılmasında Azərbaycana dəstək olacaqlarına inanıram. Həmçinin, təşkilata üzv dövlətlərin Azərbaycanın haqq mübarizəsində yenidən dövlətimizi tək qoymayacaqlarını düşünürəm. Hesab edirəm ki, növbəti sədrlik dövründə uğurlu və faydalı layihələr reallaşacaq".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top