Politoloq: "Həmsədr ölkələr neytrallıqdan kənar mövqe tutduqlarını bir daha göstərdilər"

GÜNDƏM 13 iyl 2021, 17:05
"İşğaldan azad edilmiş ərazilərə Azərbaycandakı diplomatların təşkil edilmiş səfərində ABŞ, Rusiya və Fransa səfirlərinin iştirakdan imtina etmələri heç də neytrallığın nümayişi deyil, bu, açıq-aşkar ermənipərəstliyin və xristian təəssübkeşliyin nümayişin nümunəsidir. İkinci Qarabağ müharibəsi ərzində ABŞ, Rusiya və Fransanın davranışları bizə bu cür düşünməyə əsas verir".

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov deyib. O, həmsədr ölkələrin neytrallıqdan kənar mövqe tutduqlarını bir daha göstərdiklərini bildirib:

"ATƏT-in Minsk qrupunun həmsədr dövləti, BMT-nin  Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan və beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına birbaşa cavabdeh olan Fransanın və onun başçısı Makronun terrorçu dövlət olan Ermənistanı dəstəkləyən bəyənatlar səsləndirməsi bu dövlətin beynəlxalq imicinə ciddi zərbə vurmuş oldu. Üstəlik, Azərbaycanın BMT səviyyəsində tanınan torpaqlarını işğaldan azad etməsinə kobud formada iradını bildirməsi Fransa rəhbərinin qərəzli və beynəlxalq hüquq norma və prinsipləri pozduğunu nümayiş etdirdi. Həmçinin, Rusiyanın siyasi elitasının və digər siyasət nümayəndələrinin müharibə və post müharibə dövründə Ermənistanı dəstəkləyən fikirlər irəli sürmələri də Rusiyanın birtərəfli mövqeyini nümayiş etdirir. Xüsusilə də, beynəlxalq hüquq tərəfindən tam olaraq mandat almayan Rusiya sülhməramlılarının Azərbaycan ərazisində yerləşdirilməsi də birmənalı qarşılanmır. Buna səbəb onların 2020-ci il 10 noyabr tarixli bəyənatdan irəli gələn müddəaların ziddinə atdıqları addımlardır. Öz missiyalarını neytral və qərəzsiz həyata keçirməli olan rus sülhməramlıları əslində Xankəndidə və ətraf ərazilərdə erməni əhalisinin birtərəfli qaydada məskunlaşdırılmasına çalışmaları və separatı qüvvələrin terrorçu fəaliyyətinə biganə qalması ilə fərqlənirlər. Rusiya səfirinin neytrallıq nümayiş etdirmək istəyirsə, onda sülhməramlı qüvvələrin fəaliyyəti hər iki tərəf üçün bərabər imkanlar yaratmalıdır".

Politoloqun fikrincə, Azərbaycan proseslərin inkişafı üçün Minsk qrupunun fəaliyyətindən imtina etməlidir:

"ABŞ, Rusiya və Fransanın təşkil etdiyi və heç bir funksiyanı yerinə yetirməyən ATƏT-in Minsk qrupunun yenidən guya nəyəsə nail olmaq cəldləri düşünürəm mənasızdır. Ermənistan-Azərbaycan arasında sülh sazişinin bağlamasında iştiraklarının zəruriliyini göstərməyə çalışmaları heç də inandırıcı görünmür. Beynəlxalq hüquqa, dövlətlərin suveren və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipinin birtərəfli qaydada pozulmasına yönəlik bu cür addımlar əslində onların əsl niyyətini biruzə verir. Təəssüf ki, beynəlxalq güclərin beynəlxalq hüquqa ikili yanaşma sərgiləmələri Ermənistan kimi işğalçı və terrorçu dövlətin təcavüzkar və separatçı fəaliyyətinin davam etməsinə fürsət yaratmış olur. 

Düşünürəm ki, Azərbaycan beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində davranmalı, ABŞ, Rusiya və Fransa ilə münasibətlərini daha optimal və real müstəvinə davam etməli və heç bir fəaliyyət göstərməyən ATƏT-in Minsk qrupunun fəaliyyətindən imtina edərək və sülh sazişinin imzalanması üçün daha alternativ variantlardan istifadə etməlidir". 

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top