Ekoloq: "Oxçuçay artıq heç bir məqsəd üçün yararlı deyil"

GÜNDƏM 07 iyul 2021, 14:15
“Oxçuçay Qafan ərazisindən Azərbaycana daxil olur. Oxçuçayın çirklənməsinə səbəb Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu, Qafan mis filiz saflaşdırma kombinatının istehsalat tullantılarının təmizlənmədən birbaşa çaya axıdılmasıdır. Oxçuçayın vəziyyəti təxmin edildiyindən də pisdir, çay tamamilə çirklənib. Bu çay artıq heç bir məqsəd üçün yararlı deyil”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov deyib.

Ekoloq çayda vəziyyətin düşünüldüyündən daha pis olduğunu bildirib:



“Daha pis tərəfi odur ki, bu çirklənməni təmizləmək, qarşısını almaq artıq mümkün deyil. Bu, son bir neçə ildə deyil, keçən 100 ildə dəyən ziyandır. Qızıl istehsalı ilə məşğul olanlar götürəcəkləri xeyirlə mühitə dəyəcək zərəri müqayisə belə etməyiblər. Belə bəlli olur ki, şirkətlər öz mənfəətləri üçün işlərini görüb gediblər. Həmin ərazilərdə vəziyyət pisdir. Bu uzun dövr ərzində heç bir lazımi addım atılmayıb. Bunun nəticəsidir ki, Azərbaycan ərazisindən keçən Araz çayının 43 kilometrlik hissəsində mikroflora və mikrofauna məhv edilib və suyun tərkibindəki ağır metalların miqdarı normadan dəfələrlə çoxdur. Araz çayına birbaşa çirkab axıdılıb, metal filiz yataqlarının istismarında ekoloji tələbatın gözlənilməməsi Sərsəng su anbarında balıqların kütləvi qırğınına səbəb olub”.

Ekoloq ərazidə Almaniya şirkətinin çalışmasına və ekoloji terrorda iştirak etməsinə bu cür münasibət bildirib:

“Almaniya şirkəti ərazini 2019-cu ildə tərk edib, amma həmin vaxta qədər bu şirkət orda yerləşən mis kombinatının 60 faiz payına sahib olub. Qızıl istehsalı zamanı ətraf mühitin ağır metallarla çirklənməsi baş verir, bu baxımdan Oxçuçayın çirklənməsi də istisna deyil. Hazırda həmin ərazidə işlər görülmür, amma çirklənmə prosesi davam edir. Təkcə 2011-ci ildə ərazidə 8,1 milyon ton filiz işlənib. 2015-ci ildə isə bu rəqəm 15 milyon ton olub. Bu filiz də ancaq tullantılardan ibarətdir. 

2012-ci ildə bu şirkət Ermənistan büdcəsinə 60 milyon dollardan çox vergi ödəyib. Bunlar qısa müddətli işlərdir, amma ətraf çirklənən ətraf mühiti bərpa etmək asan məsələ deyil. Görünür, bu işlər həyata keçirilərkən ətraf mühitin təhlükəsizliyinə diqqət yetirilməyib. Bu bölgədə ABŞ, Kanada şirkətləri də işləyib.”.

Aygül Qarayeva
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 22:37
Top