Azərbaycan və Pakistan İqtisadi Əməkdaşlıq Palatası yaradır


XARİCİ SİYASƏT 06 iyl 2021, 23:13
Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirilmək məqsədilə Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası (PAKAZCHAM) yaradılır.

Pakistanın Azərbaycandakı səfirliyindən Demokrat.az-a verilən məlumata görə, İqtisadi Əməkdaşlıq Palatasının açılış mərasimi iyulun 7-də baş tutacaq.

Palatanın əsas məqsədlərinə Pakistan və Azərbaycanı investisiya üçün yaxşı və təhlükəsiz ölkələr kimi tanıtmaqla yanaşı, iki ölkə arasında ticarət və investisiya qoyuluşlarının asanlaşdırılması və genişləndirilməsi, bərabərlik, tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq dövlətlərarası iqtisadi əlaqələrin və investisiyaların sistematik və davamlı genişləndirilməsinin dəstəklənməsi və təşviq edilməsi, iki ölkə arasında işgüzar əlaqələrin möhkəmlənməsinə kömək edəcək yenilikçi düşüncə sahiblərinin təhsilinə və intellektual inkişafına dəstək verilməsi, ortaq iş maraqlarının inkişaf etdirilməsi, eləcə də Pakistan və Azərbaycanın digər ticarət otaqları ilə sıx əməkdaşlıq daxildir.

Səfirlikdən bildiriblər ki, İqtisadi Əməkdaşlıq Palatasının ikitərəfli ticarəti və investisiyaları stimullaşdırmaq üçün tramplin rolunu oynaması gözlənilir. Palata iki ölkənin sahibkarlıq subyektlərinin səmərəli iqtisadi əlaqələr qurması üçün daimi platforma rolunu oynayacaq.

Palatanın açılış mərasimində Azərbaycan İqtisadiyyat Nazirliyinin, Xarici İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin yüksək səviyyəli rəsmiləri, eləcə də Kiçik və Orta Sahibkarlıq Agentliyinin rəhbəri Orxan Məmmədov və AZPROMO-nun prezident vəzifələrini icra edən Yusif Abdullayev iştirak edəcək. Tədbirə Azərbaycanın işgüzar dairələrinin yüksək səviyyəli nümayəndələri də qatılacaqlar.
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top