“Bəzi dövlətlərdə cinsi azlıqlar - “üzdəniraq”lar edam edilirlər” — Deputat

SOSİAL 06 iyl 2021, 21:55
"Əgər cinsi azlıqlara qarşı səmərəli mübarizə aparmaq istəyiriksə, milli kimliyimizə uyğun olaraq, Cinayət Məcəlləsində və İnzibati Məcəllədə bu "üzdəiraq"larla bağlı maddələr bərpa olunmalı, təcili olaraq Əxlaq Polisi və parlamentdə Mənəviyyat komitəsi yaradılmalıdır. Bəzi İslam dövlətlərində belələri üçün ən ağır edam cəzaları tətbiq edilir".

Demokrat.az
bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat bildirib ki, əgər illər əvvəl cinsi azlıqlarla bağlı maddələrin Cinayət Məcəlləsindən çıxarılması barədə cəmiyyət məlumatlı olsaydı, birmənalı olaraq etiraz edərdilər: "Cinayət Məcəlləsində əvvəllər cinsi azlıqlarla bağlı maddələr var idi, yəni, belə adamlar məsuliyyətə cəlb edilirdi. Sonra isə Azərbaycan tərəfi Avropa Şurası qarşısında bu "üzdəniraq"ların müdafiəsi ilə bağlı öhdəlik götürdü. Cinayət Məcəlləsindən və digər qanunvericilik aktlarından onların azadlıqlarını məhdudlaşdıran maddələr çıxarıldı. Beləliklə, evimiz yıxıldı. Xalqla məsləhətləşmə aparılmadı, razılaşdırılmadı. Çünki həmin dövrlərdə Azərbaycan xalqı öz mənəvi dəyərlərinə indikindən daha çox bağlı idi. Əgər həmin maddələrin çıxarılması ilə bağlı cəmiyyət məlumatlı olsaydı, birmənalı olaraq etiraz edərdilər. Beləliklə, ötən müddət ərzində cinsi azlıqlar şəbəkələndilər. Görün, vəziyyət necədir ki, Azərbaycan hökuməti beynəlxalq təşkilatlar qarşısında bəyanat verir ki, biz cinsi azlıqların hüquqlarını pozmuruq. Guya İstanbul və digər konvensiyalara görə, bunlar bioloji deyil, sosial varlıqlardır. Yəni, kişi özünü qadın kimi, qadın da kişi kimi hiss edə bilər. Cinsi azlıqlar insanların bioloji təbiətinə qarşı çıxırlar. Bu, elmi faktlara belə ziddir. Bu həm İslam dininə, həm də bizim milli kimliyimizə, Azərbaycançılığımıza uyğun gəlmir. Bəzi İslam dövlətlərində belələri üçün ən ağır edam cəzaları tətbiq edilir. Azərbaycanda isə cinsi azlıqlar o qədər himayə olunurlar ki! Dəfələrlə bu barədə danışmışam, televiziya kanallarında, hətta Milli Məclisdə məsələ ilə bağlı narahatlığımı ifadə etmişəm. Amma nə görürük? Bir nəfər Bakıda keçirilən futbol matçında həmin "üzdəniraq"ların bayrağını  nümayiş etdirir. Biz hardan hara gəlmişik?! Bəzən düşünürəm ki, bunlarla mübarizə aparmaq faydasızdır. Milli Məclisdə məsələ ilə bağlı çıxışım "YouTube" kanallarının birində paylaşılıb. Deməli, şərh yazanların təxminən 10 faizi mənim, 90 faizi isə "üzdəniraq"ların lehinədir. Onları müdafiə edən bu qədər adam Azərbaycanda və ya ölkə xaricindən hardan əmələ gəliblər?! Hələ 1990-ci illərdə deputat olanda bildirmişdim ki, bu mənəviyyatsızlıq getdikcə artacaq və bu gedişlə biz bunun qarşısını ala bilməyəcəyik. Düz 30 ildir ki səsimə səs verən yoxdur. Deyirlər, bu, Qərbin siyasətidir, özünü mənasız eləmə, xalq da əvvəlki kimi deyil, hər şeyə  biganədir. Yenə deyirəm, əgər cinsi azlıqlara qarşı səmərəli mübarizə aparmaq istəyiriksə, milli kimliyimizə uyğun olaraq, Cinayət Məcəlləsində və İnzibati Məcəllədə bu "üzdəiraq"larla bağlı maddələr bərpa olunmalı, təcili olaraq əxlaq polisi və Parlamentdə Mənəviyyat komitəsi yaradılmalıdır. Hələ də inanıram ki, gözəl Azərbaycanımızı xilas etmək mümkündür".
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top