Qulu Məhərrəmli: "Media ilə bağlı yeni proses başlayıb və saytlara maliyyə dəstəyi bunun bir hissəsidir"

MEDİA 02 iyl 2021, 17:35
“Saytların dövlət büdcəsindən maliyyələşməsinə münasibət birmənalı deyil. Bu, normaldır. Medianın İnkişafı Agentliyi yeni layihə, proses başladıb. İlk addımlarda bu cür sualların olması başadüşüləndir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında əməkdar jurnalist Qulu Məhərrəmli deyib.

MEDİA-nın keçirdiyi müsabiqələrlə bağlı fikirlərə toxunan professor yeni yanaşmaların zamanla özünü göstərəcəyini bildirib:

“İnsanların bir qismi düşünür ki, bu, normaldır, saytlar da dövlət büdcəsindən vəsait almalıdır. Belə fikirləşirlər ki, qəzetlərə maliyyə ayrılırsa, niyə də onlayn media subyektlərinə bu dəstək göstərilməsin? Medianın bu sahəsi də məlumatlandırma vəzifəsi daşıyır və bu işdə qəzetlərdən daha operativ, keyfiyyətli xidmət göstərirlər. Digər tərəfdən isə bir çox insan düşünür ki, saytlar nə qədər müstəqil olsalar, dövlət büdcəsindən vəsait almasalar, yalnız reklam hesabına öz fəaliyyətlərini davam etdirsələr, daha uyğun olar. Onlar belə düşünürlər ki, büdcədən vəsait almaq müəyyən çərçivəni və öhdəlikləri qəbul etməkdir. Lakin bunun ortaq yolu budur ki, saytlar dövlət büdcəsindən vəsait alsalar da, öz sərbəstliklərini saxlasınlar. Bu dəstəyin vasitəsilə saytlar daha keyfiyyətli məlumatlandırma sistemi qura bilərlər. Əməkdaşlarının məvacibini yaxşılaşdıra, ümumi keyfiyyəti qaldıra bilərlər. Bu, arzu olunan prosesdir. Qəzetlərin dövlət büdcəsindən maliyyələşməsi başlayanda da bu cür suallar, təzadlar vardı. Media ilə bağlı yeni proses başlayıb və saytlara maliyyə dəstəyi bunun bir hissəsidir. MEDİA-nın yeni layihələrinin saytlara və ümumən jurnalistikaya nə qədər faydalı olacağını gələcəkdə daha yaxşı görəcəyik. Bir ildən sonra bu inkişaf barədə danışmaq daha rahat olacaq”. 

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top