“Türk Şurası öz strateji baxışını yaratmaq üzərində işləyir” — Sahibə Qafarova

XARİCİ SİYASƏT 29 iyn 2021, 22:48
Macarıstanda rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti iyunun 29-da Türk Şurasının Budapeşt nümayəndəliyinin ofisində "2021 - ci il - Nizami Gəncəvi ili"nə həsr olunmuş tədbirdə iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Demokrat.az-a verilən məlumata görə, tədbiri Türk Şurasının Budapeşt ofisinin rəhbəri Yanoş Hovari açaraq Spiker Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini salamlayıb. O, Türk Şurası çərçivəsində əməkdaşlıqdan bəhs edərək Macarıstanın bu qurumda müşahidəçi qismində fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

Sonra Macarıstan Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Andraş Baranye çıxış edərək Azərbaycanla-Macarıstan arasında münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri haqqında danışıb. O, Azərbaycanın Macarıstan üçün qardaş və strateji tərəfdaş dövlət olduğunu vurğulayıb, münasibətlərin dinamik inkişafından məmnunluğunu ifadə edib. A. Baranye Türk Şurası çərçivəsində həyata keçirilən əməkdaşlığın iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib. Tədbirdə Milli Məclisin Sədri Sahibə Qafarova çıxış edib.

Spiker Sahibə Qafarova Türk Şurasının Budapeştdəki ofisini dərin tarixi kökləri rəmzləşdirən, türk dünyası ilə macarları birləşdirən məkan kimi yüksək dəyərləndirib. O, Macarıstan parlamentinin Türk dünyasına inteqrasiyanı davam etdirmək qərarının əhəmiyyətini vurğulayıb. Milli Məclisin Sədri qeyd edib ki, hazırda həm Macarıstan, həm də Türk dövlətləri aralarındakı əməkdaşlığı dərinləşdirmək üçün səy göstərirlər. Bildirilib ki, Macarıstan Türk Şurasına cəmi üç il əvvəl qəbul edilsə də, əlaqələrin möhkəmləndirilməsi üçün ötən müddətdə xeyli addımlar atılıb. Siyasi əlaqələrin möhkəmlənməsinin digər sahələrə təsirinə toxunan Azərbaycan parlamentinin Sədri bildirib ki, bu baxımdan Macarıstanla Türk ölkələri arasında məqsədyönlü birgə səylər iqtisadiyyatda artıq müsbət nəticələrini verib.

Milli Məclisin Sədri vurğulayıb ki, ölkələrimizin türk birliyinin parlament ölçüsünü yaratmağa nail olmaları çox sevindiricidir. Türkdilli Ölkələrin Parlament Assambleyası – TÜRKPA xalqlarımız arasındakı mövcud əməkdaşlığın dərinləşməsi üçün son dərəcə vacibdir. Əminlik ifadə edib ki, TÜRKPA-da müşahidəçi statusuna malik olan Macarıstanın bu qurumla inteqrasiyası dərinləşdikcə, xalqlarımız bir-birinə daha da yaxınlaşacaq. Türk Şurasına üzv olmaq üçün digər ölkələrdən gələn yeni müraciətlər məmnunluq doğurur, 10-dan çox tərəfdaşımız bu qurumda müşahidəçi statusu almaq niyyətlərini ifadə ediblər.

Sonra tədbirdə Nizami Gəncəvinin Macarıstanda dərc olunan və dahi Azərbaycan şairinə həsr olunan kitabın tərcüməçisi Laura Pal, Peri Benedik və digərləri çıxış edib, Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş proqram nümayiş etdirilib. Sonda Milli Məclisin Sədri xatirə kitabını imzalayıb.
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top